MHP SƏDRI TÜRKIYƏNIN SƏFIRI ILƏ GÖRÜŞÜB

Milli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Türkiyə Respublikasının ölkəmizdə yenicə fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.

MHP mətbuat xidmətinin verdiyi məlumata görə, Cahit Bağcını Azərbaycanda qardaş ölkənin səfiri olaraq görəvinə başlaması münasibətilə təbrik edən və ona Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra daha da inkişaf etdirilməsi işində uğurlar diləyən partiya sədri yeni səfirin həm Azərbaycan üçün, həm də Azərbaycan-Türkiyə münasibətləri üçün fərqli bir dönəmdə, yeni şəraitdə fəaliyyətə başladığını bildirib.

Əlisahib Hüseynov səfirlə söhbət zamanı 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək barədə fikirlərini bölüşüb və perspektivdə birlikdə görüləcək işlərimizdən danışıb:

“Siz sadəcə qardaş ölkəyə deyil, həm də qalib ölkəyə gəlmisiniz. Dost və qardaş Türkiyənin dəstəyi ilə torpaqlarımızın bir hissəsinin – doğma Qarabağımızın 30 ilə yaxın davam edən erməni işğalından azad edilməsindən sonra burda səfir kimi çalışmaq zənnimcə, sizin üçün də çox önəmli və maraqlı olacaq. Azərbaycanın haqq mövqeyinə Türkiyənin bundan sonra da dəstək verməsində sizin də üzərinizə böyük bir missiya düşəcək.

Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu tarix dəfələrlə sübut edib. Bu qardaşlığımızın bundan sonra da davam etməsi həm də səfirlərimizdən, diplomatlarımızdan asılıdır. 44 günlük savaşın bitməsindən sonrakı mərhələdə ölkələrimizin diplomatik və siyasi sahədə fəaliyyətlərini, səylərini birləşdirməsinə daha çox ehtiyac var. İndi tamamilə yeni dövr başlayıb. Və bizə qarşı təzyiqlər də gün-gündən artmaqdadır. ABŞ, Fransa, Niderland, Belçika, Kanada kimi ölkələr 44 günlük savaşdan sonra Azərbaycanla bərabər, Türkiyənin də üzərinə tez-tez hücuma keçir, siyasi basqı göstərməyə çalışırlar.

Co Baydenin sözdə “erməni soyqırımı”nı tanıması da bəhs etdiyimiz siyasi basqıların bir hissəsi, bir parçasıdır. Azərbaycan dövləti də, cənab Prezidentimiz İlham Əliyev də, bütün Azərbaycan xalqı da ABŞ prezidentinin bu ədalətsiz davranışını qınadı. Biz də Milli Həmrəylik Partiyası olaraq Amerika liderinin bu haqsız addımına qarşı kəskin etirazımızı bildirdik. Baydenin bu addımına qarşı Bəyanatı imzalayan 48 siyasi partiya sədrləri arasında mən də var idim. Biz Azərbaycan və Türkiyəni heç vaxt bir-birindən ayırmırıq. İkisi də bizim doğma Vətənimizdir. Şəxsən Ankara da, İstanbul da mənim üçün Bakı qədər, Şuşa qədər əzizdir, doğmadır. Məhz bu sevginin nəticəsi olaraq mən Türkiyə haqqında tez-tez açıqlamalar verirəm. Türkiyə-Azərbaycan münasibətlərinə dair mediada yazılarım, şərhlərim dərc olunur. Biz Türkiyə ilə bağlı hər bir məsələni diqqətdə saxlayırıq. Yeri gəlmişkən, 2015-ci ildə Çanaqqala Zəfərinin 100 illiyi münasibətilə təşkil olunmuş törənlərə mən də qatılmışdım”.

MHP sədri Türkiyə ilə Azərbaycanın bundan sonra bir-birilə daha da yaxınlaşmasının, sıx ittifaq qurmasının zamanın tələbi olduğunu qeyd edib və Türk dünyasının gələcək inteqrasiyasında iki qardaş ölkənin aparıcı rol oynayacağını bildirib.

“Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın dostluğu, qardaşlığı Azərbaycanla Türkiyənin birlikdə güclü olmasına möhkəm və etibarlı zəmin yaradır. Doğrudan da biz birlikdə çox güclüyük”,- deyə Ə.Hüseynov qeyd edib.

Milli Həmrəylik Partiyasının sədri Azərbaycan ilə Türkiyə arasında siyasi əlaqələrin möhkəmlənməsində siyasi partiyaların da roluna toxunub və bunları deyib:

“Yəqin ki, mən sizi Azərbaycanda qardaş ölkənin səfiri kimi ziyarət edən, sizi təbrik etməyə, sizə uğur diləməyə gələn ilk partiya sədriyəm. Əminəm ki, həm bizim partiya ilə, həm də Azərbaycanda fəaliyyət göstərən digər siyasi partiyalarla əməkdaşlığınız ölkələrimiz üçün də faydalı olacaq. Prezident İlham Əliyevin siyasi iradəsi və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin səyləri nəticəsində hazırda ölkəmizdə yeni siyasi konfiqurasiya formalaşıb, iqtidar-müxalifət münasibətləri üçün, siyasi dialoq üçün, milli birlik və həmrəylik üçün əlverişli zəmin yaranıb. Hesab edirik ki, həm Azərbaycanda, həm də Türkiyədə milli həmrəylik mühitinin formalaşması ölkələrimizin gələcək strateji hədəflərinin gerçəkləşməsində çox önəmli rol oynayacaq”.

Təbrik və diqqətə görə MHP sədrinə təşəkkürünü bildirən Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bagçı qeyd edib ki, Türkiyənin Azərbaycanın haqq mövqeyinə verdiyi dəstək Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunun təcəssümüdür və bu bir qardaşlıq məsələsidir. Türkiyə və Azərbaycan münasibətlərinin zirvədə olduğunu diqqətə çatdıran səfir Cahit Bağçı iki ölkə rəhbərinin dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsində müstəsna rol oynadığını bildirib.

C.Bağçı səfir kimi gələcək fəaliyyətində Azərbaycan və Türkiyə ikitərəfli əlaqələrinin səviyyəsinin daha da inkişaf etdirilməsi, əməkdaşlığın genişləndirilməsində səylərini əsirgəməyəcəyini açıqlayıb. Hörmətli səfir həmçinin siyasi partiyalarla, ictimai təşkilatlarla əməkdaşlığın da önəmli olduğunu vurğulayıb.

MHP sədrinin Türkiyə səfiri ilə görüşündə partiya fəalı Natəvan Mehdiyeva da iştirak edib. Natəvan xanım qardaş ölkənin səfirinə Birinci Dünya müharibəsi zamanı Çar Rusiyası tərəfindən Nargin adasında saxlanılan Osmanlı (türk) hərbi əsirlərinin adadan qaçırılıb xilas edilməsində fəallıq göstərmiş doğma babası Məşədi Ələsgər Məmmədov haqqında məlumat verib. Yeri gəlmişkən, Məşədi Ələsgər türk əsgər və zabitlərinin xilas edilməsindəki xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk tərəfindən ödülləndirilib.

Sonda MHP sədri Əlisahib Hüseynov qardaş ölkənin Azərbaycana yeni təyin olunan səfiri Cahit Bağçıya bir daha fəaliyyətində uğurlar diləyib və ona üzərində Azərbaycan və Türkiyə bayraqlarının təsvir olunduğu, həmçinin Azərbaycan və Türkiyə türkcəsində “Bir millət, iki dövlət” sloqanının yazıldığı fotokompozisiyanı və “Qarabağ Azərbaycandır!” şüarının, Xarı bülbülün, Azərbaycan xəritəsinin foto-təsvirlərini hədiyyə edib.

Səmimi şəraitdə keçən görüşün sonunda xatirə şəkilləri çəkilib.