Aydın məsələdir ki, müəyyən qüvvələr sadə bir məişət qalmaqalını şişirdərək böyük bir qarşıdurmaya çevirmək niyyətindədir.
Bu sözləri Axar.az-a gürcü politoloq, “Kommentari” jurnalının redaktoru Vladimir Sxvediani Dmanisidə Svanetidən olan eko-miqrantlar – svanların yerli azərbaycanlılara hücumu haqda danışarkən deyib.
“İşsiz gənclər çoxdur. İçiblər, davam etməyə pul olmayıb, içki tələb etmək üçün mağazaya gediblər. Bu, birmənalı olaraq cinayətdir. Ancaq bəzi insanlar bunu millətlərarası qarşıdurmaya çevirmək istəyirlər. Və təəssüf ki, uğur qazanırlar… ” – deyə həmsöhbətimiz vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, Dmanisidəki hadisədən sonra erməni sosial şəbəkələrində hadisənin şərh olunmağa başladığını da qeyd etmək lazımdır:
“Və ermənilər açıq şəkildə sevinirlər. Bütün bunların kimə faydalı olduğu aydındır. Onlara sevinmək üçün səbəblər verməyə ehtiyac yoxdur. Polis milliyyətindən asılı olmayaraq, günahkarları cəzalandırmalıdır. İnsanları dəyənəklə döymək və bir mağazanı dağıtmaq cinayət əməlidir”.
Qeyd edək ki, ötən gün svanlar azərbaycanlılara hücum edərək, döyüb və azərbaycanlı sahibkarın mağazasına zərər yetirib.
Bu gün isə Dmanisi küçələrində svanlar azərbaycanlılara yenidən hücum edib.