Düşmənlərimizi sevindirmək OLMAZ!

 Düşmənlərimizi sevindirmək OLMAZ!

16 may 2021-ci il tarixində Gürcüstanın Dmanisi (Başkeçid) şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə nə siyasi don geyindirmək, nədəki onu etnik-milli zəmində qarşıdurma kimi qələmə vermək lazım deyil.

Çünki bu insident həqiqətən də tamamilə məişət zəminində baş vermiş insidentdir. Bu olayda heç bir milli qarşıdurma faktorundan söhbət belə gedə bilməz. Kimlərsə bu olayı qəsdən siyasiləşdirməyə və iki dost xalqı – gürcülərlə azərbaycanlıları etnik münaqişə müstəvisində qarşı-qarşıya gətirməyə çalışır. Lakin bütün bu cəhdlər mənasızdır, əbəsdir. Onlar heç bir halda öz məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan-Gürcüstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərdir və bu da Gürcüstan azərbaycanlılarının gündəlik həyatında olduqca mühüm rol oynayır.

Bu gün gürcülərlə (o cümlədən svanlarla) azərbaycanlıların münasibətlərinin gərginləşməsində maraqlı olan müəyyən qüvvələr var. Bunların başında isə ilk növbədə ermənilər gəlir. Lakin Gürcüstandakı soydaşlarımız hər hansı təxribatlara uymamalı, təmkinli və məsuliyyətli davranmalıdırlar. Düşmənlərimizi sevindirmək olmaz! Baş verən bu xoşagəlməz olaya da sırf hüquqi müstəvidə qiymət veriləcəyinə əsla şübhəmiz yoxdur. Gürcüstanın hüquq-mühafizə orqanları gərəkən tədbirləri görəcək və tərəflər arasında gərginlik tamamilə aradan qaldırılacaq, bütün təqsirkarlar da Gürcüstan qanunvericiliyinə əsasən öz cəzalarını alacaq.

Sevindirici haldır ki, artıq tərəflər arasında barışıq əldə olunub. Bunda Azərbaycanın Gürcüstandakı səfirliyinin də müsbət rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan ilə Gürcüstan arasında sıx dostluq və əməkdaşlığı gözü götürməyənlər bu kiçik insidenti süni şəkildə şişirdərək millətlərarası münaqişə zəmininə çəkməyə nail ola bilmədilər. Necə deyərlər, təxribat və münaqişə törətmək istəyənlərin arzusu gözündə qaldı.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Oxşar xəbərlər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.