Gənclər arasında konflikt, yoxsa etnik zəmində qarşıdurma?

Ötən gün Başkeçidə (Dmanisi) köçürülən svanlar azərbaycanlılara hücum edərək, ağır xəsarətlər yetiriblər. Bu gün isə küçələrə çıxan şoxsaylı svan və gürcülər azərbaycanlılara, onların yaşadıqları evlərə hücum edib.

Dmanisi meri Georgi Tatuaşvili isə olaya münasibət bildirərkən deyib ki, “Dmanisidəki sadə konflikti etnik zəminə daşıyırlar. Dmanisidə sadəcə gənclər arasında konflikt yaşanıb”.

Kimə inanaq – Georgi Tatuaşviliyə, yoxsa, gerçək videogörüntülərə?

Georgi Tatuaşvili əslində həm özünü, həm də bizi aldadır. Bu təxribat heç də gənclər arasında insident deyil. Burada açıq-aşkar milli zəmində qarşıdurma, münaqişə elementləri var.
Məsələ burasındadır ki, svanlar gürcülərin ən radikal, millətçi qrupu sayılır. Ötən əsrin 90-cı illərinin əvvəllərində (Zviad Qamsaxurdiyanın prezidentliyi dönəmində) Gürcüstan azərbaycanlılarına qarşı milli-irqi zəmində nifrət bəsləyən, qətllər törədən, azərbaycanlıların Gürcüstandan deportasiyasına nail olmağa çalışanlar da məhz svanlar idi.

Lakin yaxşı ki, o zaman Gürcüstandakı soydaşlarımız təşkilatlanmağı və svanlara layiqli cavab verməyi, onları yerində oturtmağı bacardılar.

Ancaq problem isə həll olunmamış qalır. Svanların şovinist-millətçi xarakteri dəyişməyib, sadəcə olaraq müvəqqəti konservasiya olunub, dondurulub.

Əvvəllər Dumanisidə heç vaxt yaşamayan svanlar 90-cı illərdə Bolnisiyə və Dmanisiyə köçürüldükdən sonra ordakı soydaşlarımız üçün real təhlükə mənbəyinə çevrilib.

Gürcüstan hökuməti Azərbaycanla münasibətlərin korlanmasını istəmirsə təcili hərəkətə keçməli, svanların “ip”ini çəkməlidir. Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığı da məhz bunu tələb edir. Olaya təcili şəkildə müdaxilə edilməli, günahkarlar (svanlar) tapılıb məsuliyyətə cəlb olunmalıdır.