Qərb və Rusiyanın “Qaragöl qarşıdurması” – Tofiq Zülfüqarovdan

Qaragöl mübahisələri, Zəngəzur dəhlizinin açılışının yubanması, Ermənistanın özbaşınılıqları nə ilə əlaqədardır yoxsa, Moskva Bakını KTMT-yə məcbur etmək istəyir?

“Ümumiyyətlə, burada ayrı bir səbəb görürəm. İlk növbədə səbəb, Ermənistandakı seçkilərdir. Nəyə görə söhbət seçkilərdən gedir? Çünki onların əsas sualı ondan ibarətdir ki, Ermənistan ruspərəst siyasət yeridəcək, yoxsa qərbyönümlü? Və bununla əlaqədar olaraq müxtəlif yerlərdə müxtəlif qüvvələr öz məqsədlərinə uyğun təxribatlar edirlər”

Bizim.Media-nın yuxarıda qeyd olunan sualına cavab olaraq bunları deyən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov əlavə etdi ki, əslində Qaragöldə qalxan məsələ texnikidir:

“Çünki xəritələr eynidir. Lokasiya sistemləri də eynidir deyə heç bir problem olmamalıdır. Amma görürsünüz ki, ermənilər məsələni təxribata çevirdilər. Hətta bununla bağlı bəzi qərb ölkələrinə müraciət edirlər. Məqsəd nədir? Hesab edirəm ki, bu, ruspərəst və qərbyönümlülərin toqquşmasıdır. Sadəcə olaraq, belə bir vəziyyət yaratmaq istəyirlər ki, guya Rusiya bunların müdafiəsinə gəlib çıxmadı.

Bunu da səbəb kimi istifadə eləyən digər qüvvələr (qərbyönümlülər) belə siyasət yürütməklə seçicilərin səslərini toplaya bilərlər. Məqsəd budur.

Qərbin bu məsələdə “fəallığı” onu göstərir ki, eyni oyundur. Digər tərəfdən də ruspərəst ermənilər bu və ya digər şəkildə situasiyanı gərginləşdirmək istəyirlər. Onlar nümayiş etdirmək istəyirlər ki, Rusiya Ermənistan üçün əvəzolunmaz təhlükəsizlik təminatı verən tərəfdir. Yəni, proseslərin mahiyyəti bundan ibarətdir.

O ki qaldı Moskvanın Bakıya təzyiq etməsinə… 

Azərbaycanın hazırda vəziyyəti elədir ki, Rusiyadan hansısa təzyiqə ehtiyac yoxdur. Çünki Azərbaycan-Rusiya münasibətləri heç də böhranlı vəziyyətdə deyil. Sonuncu hadisələr də onu göstərir ki, Bakı ilə Moskvanın münasibətləri normaldır. Bütün olanlarda əsas məqsəd Ermənistanın daxili siyasətidir”.