Qənimətlər Parkında rəzalət: Şəhid ailəsindən ödəniş tələb olunub – CƏZA İSTƏNİLİR

“Həmin adam ictimaiyyətin qarşısında ciddi cəzalandırılmalıdır ki, ondan sonra kimsə şəhid ailəsinə dırnaqarası baxmasın”

“Unutmasınlar ki, o qənimətlər şəhidlərmizin, qazilərmizin şirin canı bahasına gəlib çıxıb”

“Şəhid ailələrinin haqqıdır ki, parka ödənişsiz gəlsinlər, atalarının, övladlarının qəhrəmanlıqlarına, əl işlərinə baxsınlar”

Bu günlərdə şəhid Fariz Həsənovun həyat yoldaşının sosial şəbəkədə yazdığı status böyük narazılığa səbəb oldu. Şəhid xanımı Hərbi Qənimətlər Parkında ondan ödəniş tələb edildiyini söyləyir:

“İndiyədək heç bir şikayət xarakterli status paylaşmamışdım. Amma dünən qarşılaşdığım situasiya məni buna vadar etdi. Müqəddəs Ramazan bayramımız idi. Hər kəs bilir ki şəhid ailələri üçün bayramın “b” hərfi belə yaddır. Mənim üçün bayram övladlarımı atasının qanı bahasına alınmış qənimətləri və şərəfsiz erməni mənfurlarının boş qalmış papaqlarını göstərib, qürur hissi duymaq idi. Taksi ilə getdik, 5 nəfər idik, 2 xanım və 3 uşaq. Hərbi Qənimətlər parkına yaxınlaşanda növbənin hədsiz çox olduğunu gördüm.

Bir az gözlədik, sonra gördüm usaqlarla gözləmək mümkün deyil. Nəzarətçi oğlan var idi, ona yaxınlaşdım və şəhid ailəsi olduğumu bildirdim. Sağolsun, əvvəlcə başsağlığı verdi, sənədim olduğunu soruşdu, mən də şəhid ailəsi olduğum vəsiqəni göstərdim və bizi növbəsiz keçirdilər. Kassanın yanında da bir oğlan dayanmışdı, neçə nəfər olduğumuzu və usaqların yaşını soruşdu. Nəzarətçi oğlanın ona şəhid ailəsi olduğumuzu bildirməsinə baxmayaraq, bizi kassaya doğru yönləndirdi. Heç nə demədim,çünki mahiyyəti bir şey olmayan, əl çirki olan pula görə şəhidimin adını istifadə edəsi deyildim. Amma onlara məlumat verilmişdi ki, şəhid ailəsiyik. Nəysə, keçdim kassaya 4 manat ödədim, uşaqlara düşmürdü ödəniş. Və keçdik atamızın qanı bahasına alınmış qənimətlərə baxmağa.

Sözümün əsl mənası odur ki, əgər şəhid ailələrinə, qazilərə hörmət qoyulmayacaqdısa, niyə şəhid verirdim mən? Bu günkü gün 2 manatı atamızın axan qanından üstün tutacaqdınızsa, niyə sinənizə döyüb Qarabağı biz aldıq deyirdiz?

Qarabağı siz almadınız, Qarabağı qanı Vətən torpağına qarışmış oğullar aldı. Qarabağı öz yarını tək qoyub, balalarını atasız qoyub, sinəsini irəli verən oğullar aldı… Qarabağı sağlamlığını bu Vətən yolunda qurban verib, bu dünyanın canlı şəhidi olan oğullar aldı… Söhbət 2 manatın mahiyyətindən getmir, söhbət bizim həqiqətənmi azərbaycanlı olmağımızdan gedir”.

Baş verənlərlə bağlı “Sherg.az”a danışan Qarabağ qazisi, ehtiyatda olan gizir Natiq Mehdiyev bildirib ki, həqiqətən Hərbi Qənimətlər parkından bir şəhid ailəsindən ödəniş tələb ediblərsə, bu, olduqca utancvericidir:

“Çox ayıb olsun! İnanıram ki, göstəriş yuxarıdan yox, parkda duranların tamahından irəli gəlib. Ona görə də ödəniş istəyiblər. Həqiqətən də belə biabırçılıq varsa, dərhal ictimailəşdirilməlidir. Həmin adam ictimaiyyətin qarşısında ciddi cəzalandırılmalıdır ki, ondan sonra kimsə şəhid ailəsinə dırnaqarası baxmasın. Unutmasınlar ki, o qənimətlər şəhidlərmizin, qazilərmizin şirin canı bahasına gəlib çıxıb. Şəhid ailələrinin haqqıdır ki, parka ödənişsiz gəlsinlər, atalarının, övladlarının qəhrəmanlıqlarına, əl işlərinə baxsınlar”.

N.Mehdiyev vurğulayıb ki, Hərbi Qənimətlər parkından yığılan pullar  “YAŞAT” Fonduna köçürülmür:

“Bu günə qədər heç bir yerdə rəsmi məlumatda görməmişəm ki, yığılan pullar “YAŞAT” Fonduna köçürüləcək. Sadəcə ağızdan-ağıza keçən sözlərlə eşitmişəm və buna da aydınlıq gətirərək paylaşım etmişəm ki, yanlış məlumatdır, ora yığılan pullar “YAŞAT” Fonduna köçürülmür. Əslində pulların hara köçürüldüyünü də bilmirəm. Lakin Hərbi Qənimətlər parkı dövlətin diqqətindədir və orada yığılan pullar da dövlətmizə, millətimizə xeyirli bir iş üçün istifadə ediləcək”.