“Siyasət yazarlarının politoloji bilikləri olmalıdır” – Terminoloji yanlışlar…

İnformasiyanın ən güclü silah və ən sürətli məfhum olduğu artıq təsdiqlənmiş faktdır. Deməli, hətta bir neçə cümləlik yazılarda belə, diqqətli olmalı, ən elementar hesab etdiyimiz məqamlara həssaslıqla yanaşmalıyıq. Bu, indi-siyasi palitranın olduqca zəngin olduğu bir vaxtda ikiqat vacibdir. Çünki informasiya müharibəsi diplomatiyanın, belə demək mümkünsə, ən mühüm halqalarından biridir. Lakin, təəssüf ki, bəzi hallarda nəinki sosial şəbəkələrdə, hətta müxtəlif KİV-də ciddi qüsurlara rast gəlinir. Məsələn, hələ də “cəbhə xətti”, “təmas xətti” ifadələri işlədilir. Hərçənd Vətən müharibəsindəki qələbəmizdən sonra nə cəbhə xətti qaldı, nə də təmas xətti. Azərbaycanda saxlanılan erməni terrorçuları “hərbi əsirlər” kimi təqdim edilir və bu zaman ironik məna ifadə edən “dırnaq” durğu işarəsindən istifadə olunmur. Xankəndinin əvəzinə, “Stepanakert”, Zəngəzurun əvəzinə “Sünik” yazılır…Sonra da deyirik ki, informasiya müharibəsində uduzuruq. Məsələ ondan ibarətdir ki, belə səhvlər düşmənin əlinə “daraq”lı avtomat verməyə bənzəyir…

BDU-nun Jurnalistika fakültəsinin professoru, dilçi-alim Qulu Məhərrəmli analoji nüanslarla bağlı “Sherg.az”a danışdı:

“Yeni hal deyil. Məsələn, 44 günlük əməliyyatlara müxtəlif adlar qoyuldu. Bəzən “antiterror” əməliyyatı deyildi, bəzən “savaş”. Həmçinin “Dağlıq Qarabağ” barədə danışarkən “qondarma” sözünün işlənib-işlənilməməsindən asılı olmayaraq, “respublika” kəlməsi şüaraltı olaraq müstəqillik mesajı verir. Onun adı konkret olaraq “separatçı rejim”dir. Çünki separatçılıqla məşğuldurlar. Və ya Araik Arutunyana “prezident” deyilməsi əsla düzgün deyil. O, ən yaxşı halda separatçı rejimin başçısıdır. Təəssüf ki, siyasi şərhçilər özləri də belə səhvlər edirlər. Ona görə də siyasi mövzuda yazan jurnalistlərin politoloji bilikləri olmalıdır. Özündə hüquq, diplomatiya, beynəlxalq iqtisadiyyat və s. kimi sahələrin terminlərini ehtiva edən siyasi izahlı lüğət tərtib edilməlidir. Ümumiyyətlə, media bu məsələyə xüsusi diqqət göstərməlidir. Çünki tirajlanan, kütləviləşən xəbər sonradan ciddi problemlər yaradır”.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support