Ərazilərimizin bərpası üçün irəli əmri verilib – ŞƏRH

“Rusiya sərhədlərin delimitasiya, demarkasiya məsələsində vasitəçilik təklifini etməklə nə Azərbaycanın, nə də Ermənistanın yanında deyil”.

Zafer Tv bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Azərbaycan Ordusu bərpa etdiyi öz hüquqi ərazilərindən bir addım geri çəkilməyəcək:

“Bu kimi təkliflərdə tərəfkeşliq axtarmaq əsassızdır. Bir halda ki, Ermənistanla Azərbaycan dost dövlət deyil, o zaman ya məsələ dondurulur, ya da münaqişə baş verməmişdən əvvəlki hala gətirilir. Nəzərə alsaq ki, Azərbaycan regionda orkestrdə daha ikinci skripka deyil və Azərbaycan öz haqqını tələb edir, Azərbaycan öz ərazisindən terrorçuları, ekstremisləri qovur və bu zaman güc də tətbiq edir, bu o deməkdir ki, Azərbaycan delimitasiya, demarkasiya prosesini qanunauyğun şəkildə həyata keçirir və belə də davam edəcək. Başqa sözlə, danışıqlar Azərbaycan əsgərlərinin hazırda qurulduğu postlarda qalması şərti ilə başlaya bilər. Azərbaycan Ordusu həmən ərazidən bir addım geri çəkilməməklə Ermənistanla Rusiyanın vasitəçiliyi ilə danışıqlar aparmağa hazırdır. Ancaq burada Azərbaycanın qarşısına əvvəlki mövqelərinə çəkilmək tələbi qoyula bilməz.

Azərbaycan tərəfində bu əminlik var

Görürük ki, Rusiyanın rəsmi ritorikasında Azərbaycana münasibətdə təhdid, ittiham yoxdur. Ermənistanla Azərbaycan ərazisində sərhədlərin müəyyən edilməsi və sərhədlərin nişanlanması prosesi baş vermədiyinə görə əlimizdə olan yeganə dəlillər, arqumentlər SSRİ dövründə (1976) olan xəritələrdir. Azərbaycan tərəfi bu xəritələrlə işləməyə hazırdır. Azərbaycan tərəfində bu əminlik var.

Hələlik şərt qoyan Ermənistandır. Bu şərtin qarşısında Azərbaycan Ermənistanın tələbini yerinə yetirmir və bu da onun haqqıdır və Rusiya da Azərbaycanın mövqeyinə anlayışlı yanaşır.

Bu proses seçkilər bitənə kimi uzanacaq

Biz Prezident İlham Əliyevin həm çıxışlarında, həm siyasi gedişlərində, həm də ölkənin siyasi xəttində ancaq irəli işarəsini görürük.

Başqa sözlə, öz ərazilərimizin bərpası konteksində ancaq Prezidentdən ancaq irəli əmrini görürük. Bu baxımdan rəsmi Bakı bu günlər ərzində öz tarixi və hüquqi ərazilərimizdə bərpa edilmiş postlardan və post məntəqələrindən, ərazilərdən Azərbaycan Ordusu geri çəkilməməklə danışığa başlayacaq. Düşünürəm ki, bu proses Ermənistanda seçkilər bitənə kimi uzanacaq və bütün bu proseslər erməni cəmiyyətinə danışıqlar gedir kimi təqdim olunacaq. Mən Azərbaycan Silahlı Qüvvələrinin mayın 12-də bərpa etdiyi öz hüquqi ərazilərindən bir addım geri çəkilməyəcəyini düşünmürəm və bunun üçün nə Azərbaycanda o abu-havanı görürəm, nə də bunun üçün Rusiyadan bir təzyiq görürəm”.