“Biz demirik ki, KTMT Azərbaycanı vursun…” – Paşinyan geri çəkildi

“KTMT müharibənin qarşısını siyasi yollarla almaq üçün hər şeyi edir”.

Zafer Tv xəbər verir ki, bunu hökumətin iclasında çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin ən azı ilk bəndlərini oxuyan hər kəs bilir ki, bu qurum məsələləri atəş açmadan da həll edə bilər. Bu, vurmaq üçün və onu da buna çağırmalı olduğunuz bir təşkilat deyil. Sadəcə, gərginliyin böyümənin qarşısını almaq və məsələni siyasi yollarla həll etmək üçün mexanizmləri aktivləşdirilməlidir”, – baş nazir vurğulayıb.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi məsələsini tezliklə həll etmək mümkün deyil, bu, uzun vaxt apara bilər.

Qeyd edək ki, Paşinydan bundan əvvəl KTMT-ni Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə müdaxilə etməyə çağırmışdı. Paşinyana cavab verən KTMT baş katibi Stanislav Zas ona üçtərəfli anlaşmaların yerinə yetirilməsinin alternativi olmadığını bildirmişdi.