İran TIR-ları Qarabağa nə daşıyır? – VİDEO

İranın Ermənistanla, xüsusən də Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsindəki erməni separatçıları ilə əlaqələrinə dair hər hansı məlumat Azərbaycan cəmiyyətində xüsusi həssaslıqla qarşılanır. Burada məsələ təkcə İranla Azərbaycanın etnodini oxşarlığından, vahid tarixi-mədəni irsə malik olmasından və digər bu kimi mənəvi məsələlərdən getmir. Məsələ həm də İranın Azərbaycanın öz ərazilərini 30 ilə yaxın davam edən işğaldan azad etməsindən sonra regionda yaranmış yeni, əslində bütün region ölkələri üçün yeni əməkdaşlıq, inkişaf perspektivləri vəd edən situasiyanı nəyə görəsə həzm edə bilməməsindədir.

Bir neçə gün əvvəl İran mühafizəkar siyasi dairələrinin nüfuzlu nümayəndəsi, parlamentin xarici siyasət və təhlükəsizlik komitəsinin sədri Möjtaba Zonnur erməni hərbi-siyasi revanşizmi ilə ağlasığmaz həmrəylik nümayiş etdirərək qardaş və müsəlman Azərbaycanı faşist ideologiyasına söykənən, Qarabağda müsəlmanları qırıb kökünü kəsməyi qarşıya aydın məqsəd kimi qoyan dövlətin ərazi bütövlüyünü pozmaqda ittiham etmişdi. Və bildirmişdi ki, İran regionda “sərhədlərin dəyişdirilməsinə” heç bir halda imkan verə bilməz.

Lakin İran parlamentinin təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbərinin qəzəbli anti-Azərbaycan çıxışı ilə yanaşı bu günlərdə sosial şəbəkələrdə İranın yük maşınlarının Ermənistana, oradan isə Laçın dəhlizindən keçməklə Qarabağa intensiv hərəkəti qızğın müzakirə olunmaqdadır. Azərbaycanda ictimai institutlar İran TIR-larının Ermənistana və oradan Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə daşıdığı yüklərin xarakteri barədə müfəssəl məlumatlara malik deyil. Birinci dəfə sosial şəbəkələrdə belə görüntülər yayılanda İranın Bakıdakı səfirliyi “məsələnin araşdırılacağını” vəd etmişdi. Lakin “araşdırmanın” nəticəsinin necə olduğunu bilən olmadı və üstəlik sonrakı günlərdə İran TIR-larının Qarabağa doğru hərəkətinə dair yeni videolar da yayıldı.

Doğrudur, İran Ermənistanla sıx iqtisadi əməkdaşlıq edir və Ermənistan bu ölkə üçün ABŞ-ın sanksiyalarından yayınmaq üçün bir növ, qapıdır. Eləcə də işğal illərində İran TIR-ları Qarabağın yollarında tez-tez görünərdi və bu ərazilərə gündəlik tələbat mallarından tutmuş inşaat materiallarına qədər bir çox mallar daşınardı.  Bu baxımdan İran TIR-larının Ermənistana və oradan Qarabağa hərbi xarakterli yüklər daşıdığı barədə fərziyyələri, olduqca narahatlıq doğuran xəbərləri şərh etmək çətindir. Amma nəzərə almaq lazımdır ki, 44 günlük İkinci Qarabağ müharibəsi ərzində sosial şəbəkələrdə İran ərazisi ilə Ermənistana daşınan hərbi texnika barədə görüntülərin yayılması da yaddan çıxmayıb. Hansı ki, İranın həmsərhəd ərazilərində yaşayan azərbaycanlıları bu hərbi yüklərin qarşısını kəsməyə çalışırdı və hətta bəzi hallarda onları yandırırdı.Daha sonra İran hakimiyyəti sərhədə ordu yeridərək azərbaycanlıların Ermənistana daşınan hərbi yüklərə qarşı etirazlarını əngəllədi.

Üstəlik müharibədən əvvəl də İrandan Qarabağa hərəkət edən TIR-lar barədə yazmışdıq. Və ehtimal irəli sürmüdük ki, bu TIR-lar məhz hərbi yüklər daşıyır.

İndi isə İran yük avtomobillərinin Ermənistana, oradan Qarabağa intensiv hərəkəti barədə informasiyaların və videokadrların yayılığı bir vaxtda bu ölkənin yollar və şəhərsalma naziri Məhəmməd Eslaminin Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyanla görüşü diqqəti xüsusi cəlb edir. Həmin görüşdə səfir açıq deyib ki, Paşinyanın hökuməti “dost İranın Azərbaycanın təxribatçı hərəkətlərinin qarşısının alınması məqsədi ilə dəstəyinə ümid edir”.

Nə İran tərəfi, nə erməni səfiri nazirin buna reaksiyası barədə heç nə demir. Amma nazir Məhəmməd Eslami Zəngəzurda eskalasiyanın artması (bəlli olduğu kimi Azərbaycanın öz sərhədlərinin delimitasiyasına dair addımları Ermənistanın müqaviməti ilə qarşılaşıb) fonunda hadisələri erməni tərəfinin mövqeyindən dəyərləndirib, Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edib. Bundan əlavə, M.Eslami A.Tumanyanla İranla Ermənistanın  “Fars körfəzi-Qara dəniz beynəlxalq nəqliyyat və tranzit dəhlizi” dövlət proqramının həyata keçirilməsini də müzakirə edib. İran naziri deyib ki, bu layihə təkcə iqtisadi inkişafa təkan verməyəcək, eləcə də “regionun təhlükəsizliyini” təmin edəcək!

Və yəqin ki, İran-Ermənistan əməkdaşlığının apogeyi erməni politoloq Andranik Ovanisyanın Yerevana İrandan yüksək rütbəli hərbçilərin səfəri barədə şok bəyanatıdır. Bu informasiya bir anın içində erməni telegram-kanallarında yayıldı. Rəsmi Yerevan, eləcə də İran hakimiyyəti bu informasiyanı şərh etmir. Erməni KİV-ləri isə bildirir ki, İran generallarının səfərində məqsəd hərbi-texniki əməkdaşlıq barədə danışıqların aparılmasıdır…

Nəticədə bu sual yenidən gündəmə gəlir: axı İran TIR-ları Ermənistana və oradan Qarabağa nə daşıyır? İran tərəfi hələ də bu suala cavab vermək istəmir…./hit.az/

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support