“Onlar çökmüş Ermənistanı ayaqda saxlamağa çalışırlar”-PARTİYA SƏDRİ

Son günlər Ermənistanın Zəngəzurda sərhədlərin demarkasiyası məsələsi ilə bağlı yaratdığı süni ajiotaja və əsassız iddialara ədalət və obyektivlik nöqteyi-nəzərindən deyil, ermənipərəst mövqedən reaksiya verən, münasibət bildirən ölkələrin siyahısının get-gedə genişlənməsində nəsə bir qeyri-adilik və gözlənilməzlik yoxdur. Tam əksinə, bunlar tamamilə gözlənilən idi.

Qeyd edək ki, ABŞ və Fransanın Ermənistan-Azərbaycan sərhəd gərginliyi ilə bağlı fikirləri onların Minsk Qrupunun həmsədri statusu ilə heç cürə uzlaşmır. 30 il davam edən işğal dönəmində Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının pozulmasına görə zərrə qədər də narahatlıq hissi keçirməyən və beləliklə də beynəlxalq hüquq prinsiplərinin tapdanmasına nümayişkaranə şəkildə göz yuman bu supergüclərin indi Ermənistanın sərhəd xəttinin pozulacağından əndişələnməsi həqiqətən də ədalət və obyektivlikdən uzaq davranışdır. Biz bunu ABŞ və Fransa tərəfindən ənənəvi “ikili standartlar” siyasətinin eyni qayda ilə davam etdirilməsi kimi dəyərləndiririk.

Çox təəssüf ki, Ermənistan rəhbərliyinin sərhəd xətti ilə bağlı yaratdığı süni gərginliyə görə narahat olan ABŞ və Fransa kimi ölkələrin sırasına son günlərdə Kanada, İran, Hindistan və Yunanıstan da qoşulub. Uzun illərdir Azərbaycan və Türkiyənin sərhədlərini və ərazi bütövlüyünü tanımaqdan hər vasitə ilə imtina edən və hər iki ölkəyə qarşı ərazi iddiası ilə çıxış edən Ermənistandan beynəlxalq hüquq normalarına əməl edilməsini tələb edə bilməyən bu ölkələrin indi də siyasi riyakarlığa yol verərək, işğalçı ölkəyə havadarlıq etməyə qalxmaları təəssüf hissi doğurur.

İstər 44 günlük müharibə dönəmində, istərsə də 10 noyabr Bəyanatının şərtlərinin yerinə yetirilməsi prosesində Ermənistanın siyasi-diplomatik təcridə düşməsinə, Azərbaycanın isə əksinə, dostlarının sayının artmasına yol vermək istəməyən bu ölkələrin rəsmi Yerevana ciddi-cəhdlə dəstək vermələri anlaşılandır. Onlar çökmüş Ermənistana necə deyərlər “süni nəfəs” verməyə, onu bütün vasitələrlə ayaqda saxlamağa çalışırlar. Bu da ilk növbədə onların Ermənistana qarşı səmimi dostluq münasibəti bəsləmələrindən yox, bu ölkə üzərindən öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək istəyindən irəli gəlir. Ermənistan isə həmişə olduğu kimi bu prosesdə sadəcə alət rolunu oynayır.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri