Şuşa ilə bağlı 5 xəbər…

Şuşanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı qanun layihəsi hazırlandı.

Bu,  “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi hazılanıb.

Qanun layihəsi Milli Məclisin Mədəniyyət komitəsinin mayın 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

***

Şuşada xüsusi fond yaradılacaq

Şuşa şəhəri Dövlət Qoruğunun qorunması və bərpası üçün xüsusi Fond yaradılacaq.

Şuşa şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsait və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Şuşa şəhəri Dövlət Qoruğunun qorunması, bərpası və yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi fond yaradılacaq.

Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları, ianələri, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq. Fondun vəsaitlərinin formalaşması və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

***

Şuşa şəhər Dövlət Qoruğu yaradılır

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa şəhəri Dövlət Qoruğu yaradılacaq.

Şuşa şəhəri Dövlət Qoruğu Şuşada Xüsusi nümayəndəliyin nəzdində yaradılacaq publik hüquqi şəxs tərəfindən idarə ediləcək.

Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa şəhəri Dövlət Quruğurunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə publik hüquqi şəxs tərəfindən mühafizə zonasının sərhədləri müəyyən ediləcək.

***

Şuşada abidələrin görkəminin dəyişdirilməsi qadağan edilir

Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağan edilir.

Layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

***

Şuşaya hər avtomobil buraxılmayacaq

Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müəyyən edəcək.

Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək.

Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağan ediləcək.

Eyni zamanda, Şuşa şəhərinin ərazisində nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkili müvafiq icra hakimiyyəti orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək və onlardan istifadə təşviq ediləcək. Şuşa şəhərinin ərazisində mövcud olan yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya bu cür istifadə qadağan edilə bilər.