Eyni gündə Putin və Bayden Cenevrəyə, Ərdoğan isə Şuşaya gedəcək – Ermənistan yenə təklənir – ŞƏRH

ABŞ və Rusiya prezidentləri İsveçrədə baş tuta biləcək görüşə hazırlaşır. Həmin tarixdə, yəni 16 iyunda Türkiyə Prezidenti Ərdoğan Şuşaya gələcək.

Putin Rusiyanın gələcəyini düşünən lider kimi Baydenlə görüşə diqqətlə hazırlaşır. Ermənistan mediası təəccüb içindədir. Məğlubiyyətlə üzləşən ölkənin arxalandığı Rusiya öz hayındadır. Bu vurhavurda isə Şuşaya  regionun ən aparıcı ölkəsi, NATO üzvü olan dövlətin başçısının gəlməsi İrəvandakı siyasi kluarlarda ciddi müzakirələrə səbəb olub.

Ermənilərin təbliğat maşını cəmiyyəti inandırmağa çalışır ki, guya beynəlxalq təşkilatlar və dünya gücləri 2020-ci ilin payızında Ermənistan-Azərbaycan qarşıdurması zamanı baş verənləri “uğurlu iş” kimi qəbul etmirlər. İstər rəsmi şəxslər, istərsə də siyasi ekspertlər çox həvəslə danışır ki, 9 noyabr tarixli üçtərəfli bəyanat Rusiyanın vasitəçilik etdiyi atəşkəs razılaşmasıdır və Dağlıq Qarabağ münaqişəsinin son nizamlanması və statusu ATƏT-in Minsk qrupu çərçivəsində müəyyənləşdirilməlidir.

Ancaq ciddi mənbələrdən sızan məlumatlar bu ölkədə şok effekti yaradıb. Belə ki, həmin mənbələrə görə, Rusiya Ermənistanı yeni sülhə hazırlayır və bu sülh növbəti məğlubiyyətdən başqa bir şey deyil. Həmin müqavilədə Dağlıq Qarabağ münaqişəsinin artıq başa çatdığı rəsmiləşdiriləcək və Qarabağ Azərbaycanın tərkibində olmaqla ölkənin ərazi bütövlüyü tanınacaq.

Ermənistan cəmiyyətində, müvafiq dövlət strukturlarında, yüksək rütbəli məmurlar arasında artıq belə fikir formalaşıb ki, sərhəddə eskalasiya, erməni hərbçilərinin əsir alınması Ermənistanı müharibə ilə qorxutmaq və anti-erməni müqavilələrini imzalamağa məcbur etmək məqsədi daşıyır. Bu isə nəticədə “könüllü” olaraq təslim olan suveren Ermənistan faktorunun aradan qaldırılmasına yönəlib.

Paşinyan da xalqı inandırmağa çalışır ki, dünya gücləri Ermənistanı dəstəkləməyə çalışır, lakin zəmanət verdikləri bilinmir. Dünən Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko sonuncunun təşəbbüsü ilə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə telefonla danışıb. “Rusiya tərəfi danışıqlarda ortaya çıxan bütün problemləri dinc yolla həll etmək üçün tərəflərə müraciətini bir daha təsdiqlədi. Rusiya bu prosesə mümkün kömək göstərməyə davam etməyə hazırdır”, – deyə Smolenskaya Meydanından gələn mesajda deyilir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın isə sərhəddən qoşunların çıxarılmasını və beynəlxalq müşahidəçilərin yerləşdirilməsini təklif etməsi isə Rusiyanın regionla bağlı beyin mərkəzlərində qıcıq oyadıb.

Qeyd edək ki, bu təklifə əsasən beynəlxalq himayə altında sərhəd nöqtələrinin aydınlaşdırılması üçün işlər aparılacaq. Rusiyanı və ya ATƏT-in Minsk qrupunu təmsil edən müşahidəçilər qaynar sərhəd nöqtələrinə cəlb olunmalı və bu proses onların fəaliyyətləri çərçivəsində baş verməlidir. Yaxşı bəs, Ermənistan tam olaraq kimləri sərhəddə durmağa dəvət edir? Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilməlidir: “Bildiyiniz kimi, Bakı ilə İrəvan arasındakı Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları var”.

Ermənistanda hesab edirlər ki, belə bir bəyanat yaxınlaşan Putin-Bayden görüşünə hazırlıqla əlaqədardır və Rusiya bu amildən ABŞ-la bazarlıq üçün istifadə edəcək.

Amma görünən odur ki, Rusiya qoşunları sülhməramlılar cildində Ərdoğanı Şuşaya qədər müşayiət edəcək. Siyasi şərhçi Naira Ayrumyan hesab edir ki, Rusiya nəyə isə tələsir. Amma bu tələskənlik qeyri-müəyyəndir. Ancaq buna baxmayaraq, Ermənistanda yekdil bir fikir var: ABŞ və Fransanı regiona cəlb etmək və bunun üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallığını təmin etməkdir.

Amma bu bir həqiqətdir ki, iki ölkə arasındakı sərhədin demarkasiyası və delimitasiyası məsələləri həll olunmalıdır. Ermənistan isə bütün hallarda buna getməlidir. Çünki Rusiya və Türkiyə Fransa və ABŞ-ı regionda görmək istəmir. Ermənistan yenə təklənəcək. 44 günlük müharibədə olduğu kimi.

KONKRET.az

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support