Parlamentin komitə sədri şəhid adlarının əbədiləşdirilməsi probleminə aydınlıq gətirib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev medallarla təltif olunmuş şəhid adlarının əbədiləşdirilməsi sahəsində problemə aydınlıq gətirib.

Zafer Tv xəbər verir ki, parlamentin komitə sədri APA-ya açıqlamasında deyib ki, bəzən ictimai fəal insanlar, hətta bəzi millət vəkilləri də məsələnin dərindən mahiyyətinə varmadan işin populist tərəfinə yönəlirlər.

M. Quliyev bildirib ki, şəhid ailələri onun da qəbulunda olub, müraciətlər edilib, o müraciətlərə də baxılıb: “İnsan Vətən uğrunda şəhid olub, canından keçib, şəhid ailəsi kimi hər kəs onun adının əbədiləşdirilməsini istəyər. Ancaq format optimal olmalıdır. Tutaq ki, kənddə 1 məktəb, 3 şəhid ailəsi var, şəhid ailələrindən bir deyir ki, məktəbə onun övladının adı verilsin. Digər tərəfdən, Allah etsin, heç şəhidimiz olmasın, ancaq dövlət sərhədimiz və ordumuz varsa, dinc dövrdə də şəhidlərimizin olacağı istisna deyil. Tutaq ki, bir sərhədi pozan olacaq, yaxud başqa hadisə baş verəcək, bu zaman orduda hərbi xidmət vəzifəsini yerinə yetirərkən hərbçilərimiz arasında həyatını itirənlər də olacaq, onlar da şəhiddirlər. Məhz buna görə məsələ qalxmışdı ki, iki ordenlə təltif edilmiş şəhidlərin, yaxud Milli Qəhrəmanların adı küçələrə, məktəblərə verilsin. Mən bununla bağlı təklif vermişəm, o təklifi açıqlaya da bilərəm. Mən düşünürəm ki, bunun ən optimal yolu hər rayonda Şəhidlər parkının yaradılması olar. Bu parkda da böyük, uca memorial bir lövhə qoymaq, o lövhədə bütün şəhidlərin adını, soyadını, şəhid olduğu tarixi yazmaq olar. Bu lövhənin də qarşısına gül-çiçək əkmək, bulaq, fontan qoymaq mümkündür. Rayonda əlamətdar tədbirləri də orada keçirməklə başlamaq olar, tarixi gün varsa, rayon fəalları ilk öncə ora gedib memorial kompleksin qarşısına güllər qoya bilərlər. Tutaq ki, yeni evlənənlər o parka gedə, memorial kompleks qarşısında şəkil çəkdirə bilərlər. Bu, şəhid adının daha əbədi qalması üçün münasib olar, nəinki hansısa kəndin bir küçəsinə hansısa şəhidin adını yazmaq. Bir məqamı qeyd edim. Gəncədə də, Bakıda şəhərin kənarlarında, ucqar qəsəbələrdə də küçələrdə ad, soyad yazılıb, heç bilmirsən ki, bu kimdir, şəhid olub, yoxsa şəhid deyil. İmadəddin Nəsimi adına küçə olanda İmadəddin Nəsimini tanıyırsan. Tutaq ki, Musa Quliyev adlı küçə var, şəhid olub, heç kim onu tanımayacaq. Ancaq gözəl bir park, parkda gözəl bir memorial lövhə düzəltsək, rayondakı şəhidlərin hamısının adını ora yazsaq, bu, daha qalıcı, əbədi olar. Bunu etmək də daha asandır. Yaxud kənd məktəbinin, kənd mədəniyyət mərkəzinin qarşısında bir memorial lövhə qoyarsan, onun da qadağında şəhidlərin xatirəsinə bir bulaq da düzəldərsən. Bu, kənddəki hər şəhidin adına bir yerdə bir bulaq düzəltməkdən daha məqsədəuyğundur. Həm də bu şəhidlər tək-tək vuruşmayıb, bir yerdə vuruşublar”.

Parlamentin komitə sədri qeyd edib ki, əmisi oğlu Fəxrəddin Nəcəfov Birinci Qarabağ müharibəsində şəhid olub, Milli Qəhrəmandır: “Fəxrəddin Nəcəfovu yaralı əsgərini döyüş meydanından çıxaranda vurublar. Yəni burada bir ayrılıq yoxdur. Şəhidlərin hər birinin adını fərdi qaydada əbədiləşdirməyə texniki imkan da yoxdur. Tutaq ki, bir rayonda nə qədər yeni küçə, məktəb ola bilər ki, hamısına şəhid adları versinlər?! Ola bilər ki, şəhid ailələri mənim təklifimi doğru saymazlar. Biz hər bir şəhidin adının əbədiləşdirilməsini istəyirik. Amma reallıq ondan ibarətdir ki, gərək bunun üçün texniki imkan olsun. Gəncədə də mənə şəxsən bununla bağlı müraciət edənlər oldu. Birinci Qarabağ müharibəsində şəhid olanların hamısının adına küçələr verildi, çünki o zaman SSRİ dağılmışdı, bəzi küçələr kommunist adları ilə adlanırdı, onlara şəhidlərin adı verildi. İndi İkinci Qarabağ müharibəsində 3 minə qədər şəhidimiz oldu, Allah rəhmət etsin. 3 min yeni küçə, məktəb varmı?! İşin bu tərəfini də fikirləşmək lazımdır. Bunun birinin adını küçəyə, məktəbə verib, digərini verməyəndə də olmur. Tutaq ki, bayaq dediyim kimi, bir kənddə 3 şəhid, bir məktəb var. Hansının adını verəsən? Birinci şəhid olanın, sonuncu şəhid olanın, yaxud fəxri adları olan şəhidinmi?! Ancaq ən yaxşısı olmazmı ki, məktəbin qabağında mərmərdən böyük bir memorial lövhə qoyasan, ətrafını abadlaşdırasan, üçünün də adını o lövhəyə yazasan. Adlar bu şəkildə də əbədiləşir. Əbədiləşmək odur ki, o insanın şəhid olduğunu və şəhid olduğuna görə bizim hamımızın ona borclu olduğumuzu hər bir vətəndaş bilsin. Uşaqları ora aparaq, uşaqlar da onlar kimi qəhrəman olsunlar, Vətəni sevsinlər. Şəhidin adı o zaman əbədiləşir ki, burada bir funksionallıq olsun. Məsələn, evlənənlər, təzə məktəbə gedən uşaqlar, məktəbi bitirənlər, ali məktəbə daxil olanlar o memorial lövhəni ziyarət etsinlər, yad etsinlər. Bu, onların hər birinin fərdi qaydada adlarının küçələrə, məktəblərə verilməsindən daha yaxşı olar. Düzdür, şəhid adının küçəyə, məktəbə verilməsi ilə bağlı bəzi millət vəkillərinin də çıxışları olur, çünki seçiciləri ona müraciət edir, o da bununla bağlı çıxış edir. Amma məsələni araşdıranda görürsən ki, Nazirlər Kabinetinin küçə və məktəblərə şəhid adı verilməsinə dair qərarında da müəyyən məntiq var”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 15 yanvar 1994-cü il tarixli qərarına əsasən, şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları iki dəfə Azərbaycanın Milli Qəhrəmanı olan şəhidlərin büstlərini qoyurlar, Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

Ancaq Milli Məclisin yaz sessiyasında “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb, iki oxunuşda qəbul edilib, mayın 31-də isə üçüncü oxunuşda qəbul ediləcək. Qanunda şəhidlərin adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunmasına dair şərt dəyişdirilir, bir ordenlə təltif olunanlar da bu kateqoriyaya daxil olacaq, eyni zamanda Vətən Müharibəsi qəhrəmanları da bu kateqoriyaya daxil edilir. Başqa sözlə, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək. Qanunun üçüncü oxunuşda qəbulundan və Azərbaycan Prezidenti tərəfindən təsdiqlənməsindən sonra Nazirlər Kabinetinin qərarında da müvafiq dəyişiklik olunacaq.

Ancaq “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda və Nazirlər Kabinetinin müvafiq qərarında vətən uğrunda döyüşlərə görə medallarla təltif olunan şəhidlərin adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi nəzərdə tutulmayıb. Milli Məclisdə bir sıra deputatlar da çıxışlarında ümumən şəhidlərin, o cümlədən medallarla təltif olunanların adlarının küçələrə və məktəblərə verilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər olunmasını təklif edirlər.