Zəngilanın 3, Ordubadın 6 kəndi Erməistana verilib! – ŞOK GİZLİ PLAN! – VİDEO

“1933-cü ilə qədər Azərbaycanın kifayət qədər torpağı Ermənistana verildi”. Bu fikri Azərbaycan Milli Məclisinin üzvü, tarxiçi alim, professor Anar İsgəndərli publika.az saytına açıqlamasında Azərbaycana məxsus torpaqların SSRİ dövründə Ermənistana verilməsi prosesindən danışarkən  deyib.  Professor xüsusilə bir məqama  diqqət çəkib. O bildirib ki,  əgər Naxçıvanla Azərbaycan arasındakı 9 kənd ermənilərə verilməsəydi və ermənilər orada ayrıca rayon təşkil etməsəydilər, o zaman Azərbaycanla Naxçıvanın quru sərhədi heç zaman kəsilməzdi.

Professor Anar İsgəndərli

Zafer Tv xəbər verir ki, Saxta.info millət vəkilinin  bu açıqlaması ilə bağlı dəqiqləşdirmə aparıb.

Mövzumuzun əsas hədəfinə keçməzdən əvvəl tarixi Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi  prosesinə diqqət edək.

Mövzumuz daha aydın olsun deyə, öncə qeyd edək ki, Zəngəzur qəzası   Ermənistanın  Qafan, Gorus, Qarakilsə (indiki Sisian) və Mehri,  Azərbaycanın isə Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edir.

1918-ci il may ayının 29-da  Azərbaycan Milli Şurası  İrəvan şəhərini  siyasi mərkəz kimi ermənilərə güzəştə getdikdən sonra  gözlənildiyinin əksinə ermənilər Azərbaycana qarşı torpaq iddiasından əl çəkməyib, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış ediblər. Onların bu cəhdləri 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə  reallaşıb.

Bolşeviklər Zəngəzuru Ermənistana vermək üçün əvvəlcə bu ərazini “mübahisəli zonaya” çeviriblər.  Zəngəzurun Ermənistana verilməsi prosesinin əsası bolşevik Rusiyası ilə  daşnak Ermənistanı arasında  bağlanan sazişlə qoyulub.  1920-ci il avqustun ayının 10-da imzalanan 6 bənlik sazişin 4-ü ərazi məsələləri ilə bağlı idi. Həmin  sazişin şərtlərinə əsasən Rusiya K(b)P-nin Qafqaz Bürosu tərəfindən Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsi  qeyd-şərtsiz Ermənistana verilib.  Qarabağ, Zəngəzur və Naxçıvan isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunub.

Tədqiqatçılar bildirirlər ki,   Şərur-Dərələyəz bölgəsinin Ermənistana verilməsi Zəngəzurun da  işğalına siyasi zəmin yaradıb.  Bu yolla Sovet Rusiyası həm də Azərbaycan torpaqları hesabına Ermənistanı sovetləşdirmək siyasəti yürüdüb.

Nəhayət, 1920-ci il noyabrın 29-da Ermənistanda Sovet hakimiyyəti qurulan günün sabahı, Azərbaycan  Kommunist (bolşevik) Partiyasının  K(b)P)  Mərkəzi  Komitəsinin (MK)  Siyasi və Təşkilat bürolarının birgə iclasında Zəngəzur və Naxcıvanın Sovet Ermənistanının tərkibinə keçməsi haqda qərar çıxarılıb. 1920-ci il dekabr ayının 1-də  Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri  Nəriman Nərimanovun bununla bağlı açıqladığı bəyanatda yalnız Zəngəzurun Ermənistana verilməsi əksini tapıb.

Tədqiqatçıların araşdırmaları göstərir ki, həmin ərəfədə və sonarkı dönəmdə bir neçə amil Naxçıvanın  ermənilərə verilməsinin qarşısını alıb.  Beləliklə,

  • Naxçıvanda sovet hakimiyyətinin yaranmaması
  • Bölgənin Türkiyə qüvvələrinin nəzarətində olması
  • Azərbaycan tərəfinin etirazları
  • 1921-ci ilin oktyabrında Türkiyə ilə bağlanan Qars müqaviləsi

bu bölgənin Ermənistana verilməsinə mane olub.

1920-ci ilin dekabr ayında Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da,  Azərbaycanda narazılıqlar olduğundan bölgənin İrəvanın  idarəçiliynə keçməsi prosesi dərhal baş tutmayıb.  Azərbaycan  K(b)P  MK-nın Siyasi və Təşkilat bürolarının  1921-ci il 12 yanvar tarixli iclasında “Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili“ haqqında qərar çıxarılıb. Qərara əsasən Zəngəzuru  2 yerə –  Qərbi Zəngəzur və Şərqi  Kürdüstan qəzasına bölmək təklif  edilib.  Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisinin daha böyük, 3.637 kv.verstlik hissəsi Ermənistana,  3.105 kv.versti Azərbaycan SSR-ə verilib.

Bütün bunlara baxmayaraq Zəngəzurla bağlı qeyri-müəyyənlik  bir neçə il davam edib.  Nəhayət,  Zaqafqaziya Mərkəzi İcraiyyə  Komitəsi (MİK)  Rəyasət Heyətinin 1927-ci il yanvar ayının 1-də və iyun ayının 20-də keçirilən iclaslarında  Mehri-Cəbrayıl qəzasında 24 kəndin, Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə olunub.

Zaqafqaziya Mərkəzi İcraiyyə  Komitəsinin 1927-ci il martın 31-də çıxardığı qərarla Azərbaycanın Zəngəzur qəzasına aid olan və sərhəd zolağında yerləşən 172,8 desyatin ərazi «mübahisəli zonaya» daxil edilib, onun 56,1 desyatini Ermənistana verilib, 116,7 desyatini isə Azərbaycanda saxlanılıb.  Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin etirazlarına baxmayaraq bu məsələ ermənilərin xeyrinə həllini tapıb.

Zaqafqaziya Mərkəzi İcraiyyə  Komitəsi (MİK)  Rəyasət Heyətinin  1929-cu il fevralın 18-də keçirilən iclasında  isə Mehridə erməni rayonu yaratmaq adı altında Cəbrayıl qəzasının, bir qədər də dəqiq desək  Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ernəzir və Tuqut Ermənistana verilib.  Ümumiyətlə Mehri rayonunun təşkil edilməsi məqsdilə  Cəbrayıl,  Ordubad  və  Zəngəzur qəzalarının  kəndləri Ermənistana verilib.  Bu  rayonun  Azərbaycan torpaqları hesabına yaradılmasında 1926-1929-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş erməni  Levon  Mirozyan  xüsusi xidmət göstərib.  Beləliklə, Zəngəzurun cənub-qərbindəki ərazilərin də ermənilərə verilməsi və  Mehri rayonunun təşkili ilə Azərbaycanın Naxçıvanla  əlaqəsi  çətinləşib.

Zaqafqaziya Mərkəzi İcraiyyə  Komitəsi (MİK)  Rəyasət Heyətinin  1929-cu il fevralın 18-də keçirilən məlum iclasında həmçinin Naxçıvanın da 657 kvadrat kilometr ərazisinin ermənilərə verilməsi barədə qərar çıxarılıb.  Mövzumuzun əsas hədəfi olan,  yəni  yazının əvvəlində qeyd etdiyimiz  Azərbaycan kəndlərinin taleyi məhz  bu  iclasda həll edilib.

Tarixçi-alim, millət vəkili, professor Anar İsgəndərli xəbər24.info nəşrinə açıqlamasında bu məsələyə ətraflı şəkildə aydınlıq gətirib. Professor bildirib ki, Zaqafqaziya Mərkəzi İcraiyyə  Komitəsi (MİK)  Rəyasət Heyətinin  qərarları ilə əslində Naxçıvanın 10 kəndi Ermənistana verilib. Bunlar Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy, Ordubad qəzasının Qorçevan, həmçinin Kilit kəndləridir. Alim bildirib ki, bu kəndlər kəmər kimi idi və Ermənistana verildikdən sonra Azərbaycanın Naxçıvanla quru əlaqəsi tamamilə kəsilib.

Millət vəkili onu da əlavə edib ki, Zaqafqaziya Mərkəzi İcraiyyə  Komitəsi (MİK) Rəyasət Heyətinin  bu qərarı  Naxçıvanın ərazi bütövlüyünün qarantı olan  1921-ci ilin martında imzalanan Moskva,  1921-ci ilin oktyabrında  bağlanan Qars  müqavilələrinin şərtlərinə zidd idi: “Məlumdur ki,  Veysəl paşanın rəhbərlik etdiyi  türk ordusu həmin ərəfədə Naxçıvanda idi.  Mustafa Kamal Atatürkün Sovet Rusiyası ilə apardığı danışıqların əsas şərti  də bu idi ki,  Veysəl paşa bu bölgədən yalnız  Naxçıvan Azərbaycanın tərkibində qalmaq şərtilə çıxa bilər”.  Professor qeyd edib ki, əvvəllər bu şərtə əməl olunub. Hətta Zəngəzur Ermənistana verilsə də Naxçıvan toxunulmaz qalıb. Amma göründüyü kimi  1929-cu ildə SSRİ-yə rəhbərlik edən Stalin Türkiyə ilə hesablaşmayaraq Naxçıvanın kəndlərini Ermənistana verib.

Saxta.info sadlanan dəlil və sübutlara əsaslanaraq bu qənaətə  gəlib ki, Naxçıvanın kəndlərinin Ermənistana verilməsi, o cümlədən Mehri rayonunun yaradılması nəticəsində Azərbaycanla bu regionun quru əlaqəsinin kəsilməsnə dair açıqlama həqiqəti əks etdirir.

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support