“Baydenlə görüşündən sonra Putin Köçəryana dəstək verməyə bilər…”

“Ancaq keçmiş “KQB” zabiti bunun əvəzində ABŞ-dan nə alacaq? Bunu söyləmək çətindir…”

Bəlli olduğu kimi, iyunun 16-da planetdəki proseslərdə, o cümlədən münaqişə və müharibələrin, müxtəlif “rəngli” inqilabların və s. törədilməsində, qondarılmasında önəmli rol oynayan və son aylar bir-biri ilə ciddi siyasi qarşıdurma şəraitində görünən iki super dövlətin – ABŞ və Rusiya liderlərinin görüşü gözlənilir.

Maraqlıdır, görəsən, Putin-Bayden görüşünün nəticələri Ermənistanda gözlənilən seçkilərə necə təsir göstərə bilər? Bu, həm də o mənada maraqlıdır ki, 1980-ci illərin sonunda Azərbaycanın Dağlıq Qarabağ probleminin qondarılıb qızışdırılmasında həm Moskvanın, həm də Vaşinqtonun kifayət qədər iştirakı olub. Bu gün də İrəvandakı seçkilərin nəticələrinin həmin qondarma problemin 33 ildən çox müddətdən sonra Azərbaycanın 44 günlük savaşı sayəsində yekun həllinə əhəmiyyətli təsiri ola bilər…

Zafer Tv xəbər vərir ki, moderator.az-ın bu mövzuda sualını İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı cavablandırıb.

“ABŞ və Rusiya liderlərinin gözlənilən görüşündə Ukrayna, Belarus, Moldova, Qafqaz, Azərbaycan, Suriya, İran, Türkiyədə s. baş verən siyasi proseslər müzakirə olunacaq. Gələk “bu görüşün Ermənistan seckilərinə təsiri nə dərəcədə mümkündür” sualına. Aydındır ki, ABŞ Paşınyana dəstək verir. Putin də dostu sayılan Robert Köçəryana açıqdan dəstək verir. Hazırda Paşınyan seçkilərə öndə gedir. Ancaq Rusiyanın Ermənistanda kifayət qədər təsir gücü var. Bununla belə, düşünürəm ki, ola bilsin, Baydenlə görüşündən sonra Putin Köçəryana dəstək verməyə bilər. Ancaq keçmiş “KQB” zabiti bunun əvəzində ABŞ-dan nə alacaq? Bunu söyləmək çətindir…” –deyə siyasi analitik bildirib.