Arif Hacılının bu cəhdi absurddur və fürsətçilikdir

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin dünən səhər saatlarında tank əleyhinə minaya düşməsi nəticəsində çəkiliş qrupunun iki üzvünün – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması əslində hamımızın ümumi ağrımız, ortaq itkimizdir. İqtidar və ya müxalifət mövqeyində olmağımızdan asılı olmayaraq bu gün hər birimiz – Azərbaycanın siyasi həyatında təmsil olunan hər bir şəxs Kəlbəcərdə baş verən faciəli hadisənin nəticələrinə məhz bu rakursdan yanaşmalıdır.

Ölkəmizə, xalqımıza, mülki vətəndaşlarımıza qarşı növbəti dəfə hərbi cinayət, qanlı terror hadisəsi baş verib. Bu dəhşətli cinayətin arxasında ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyi dayanır. Eləcə də, Ermənistanın zaman-zaman Azərbaycana qarşı terror aktları törətməsinə görə cəzalandırılmadığı üçün BMT və ATƏT də, Ermənistanın terrorçu dövlət kimi formalaşmasına hərtərəfli şərait yaradan həmsədr ölkələr də dünən Susuzluq kəndində baş verən qanlı olaya görə məsuliyyət daşıyırlar. Yəni ki, məsuliyyət daşıyan tərəflərin, qüvvələrin kimliyi ortadadır. Lakin bəzi qərəzli siyasətçi həmkarlarımız isə nə yazıq ki, həmişə olduğu kimi bu dəfə də günahı, günahkarları kənarda deyil, öz içimizdə, daha doğrusu, Azərbaycan hakimiyyətində axtarmağa çalışırlar.

Baş verən faciəli hadisəni göydəndüşmə fürsət kimi dəyərləndirən radikal müxalifət nümayəndələri “müxalifət qılıncı”nı (klaviaturanı) əllərinə alıb yenə də sosial şəbəkələrdə tozanaq yaratmağa, jurnalistlərin ölümünə səbəb olan son mina partlayışının səbəblərini, pərdəarxasını başqa cür təqdim etməyə və bununla da cəmiyyətdə həm çaşqınlıq, həm də ikitirəlik yaratmağa çalışırlar. Sözügedən “klaviatura qəhrəmanları”ndan biri də Musavat Partiyasının başqanı Arif Hacılıdır. Adam dünən Kəlbəcərdə KİV işçilərinin mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı özünün Facebook hesabında paylaşım edib və Azərbaycan hakimiyyətini yarıtmaz, səriştəsiz siyasət yürütməkdə ittiham etməyə çalışıb. Eləcə də iki jurnalistimizin və başqa vətəndaşlarımızın həlak olmasını da birbaşa hakimiyyətlə əlaqələndirməyə cəhd göstərib.

Arif Hacılının bu cəhdi absurddur və fürsətçilikdir. Qosqoca partiyanın sədri baş vermis faciənin qurbanlarının əzizlərinə, doğmalarına heç olmasa, adicə başsağlığı verməyi də unudaraq fürsətdən sui-istifadə edib və birbaşa iqtidarın, Prezidentin üzərinə hücuma keçib. Əlbəttə, müxalifətin iqtidarı, iqtidarın yürütdüyü daxili və xarici siyasətin bu və ya digər məqamlarını öz subyektiv baxış bucağından yanaşmaqla tənqid etməyə ixtiyarı var. Ancaq iqtidarın istər bilavasitə, istərsə də dolayısı yollarla heç bir əlaqəsinin olmadığı, bütün məsuliyyətin birbaşa işğalçı Ermənistanın üzərinə düşdüyü bu kimi terror və təxribat olaylarına görə məhz rəsmi Bakını hədəfə almaq, hakimiyyətin üzərinə gəlmək etik normalara ziddir və siyasi obyektivlikdən uzaqdır.

8-9 cümləlik paylaşımında terrorçu Ermənistanın ünvanına bir kəlmə də olsun qınayıcı ifadə işlətməyən Arif Hacılı, öz dövlətinin üzərinə gəlməyi, mövcud hakimiyyəti günahkar obrazında təqdim etməyi qəhrəmanlıq sayır. Özünün “demokrat” və “Qərbpərəst siyasətçi” imicinə xələl gətirməmək üçün Ermənistana himayədarlıq edən Qərb dövlətlərinin və beynəlxalq təşkilatların ünvanına hər hansı bir tənqidi fikirlər səsləndirməkdən çəkinən hörmətli Müsavat başqanı, az qala demək istəyir ki, baş verən qanlı terror hadisəsinə görə nə Ermənistan, nədəki onun Fransa kimi havadarları əsla məsuliyyət daşımır və mina partlayışının yeganə günahkarı da yalnız Azərbaycan hakimiyyətidir. Yəni ki, Arif bəyin sözügedən paylaşımından belə bir qənaət hasil olur. Çünki Müsavat başqanı üçün mövcud iqtidarı tənqid etmək çox asandır. Öz gözündə tiri, Ermənistanın “göz”ündə və Ermənistanın quldur siyasətinə göz yuman beynəlxalq təşkilatların “göz”ündə günah duyğusunu, suç əlamətini görmək istəməyən bu radikal müxalifətçi bütün bunların müqabilində Azərbaycan hakimiyyətini həvəslə tənqid edir.

Ancaq təəssüf ki, Arif Hacılı bilərəkdən özünü Alzheymer xəstəsi kimi apararaq yaddaşın itirilməsindən qaynaqlanan davranış sərgiləyir və unudur ki, Kəlbəcər rayonu vaxtilə məhz onun özünün də dövlət müşaviri kimi təmsil olunduğu AXC-Müsavat hakimiyyəti dönəmində, 1993-cü il aprelin 2-də işğal olunub. Hazırkı Azərbaycan hakimiyyətini yarıtmaz və səriştəsiz siyasət yürütməkdə ittiham edən Müsavat başqanı vaxtilə Kəlbəcərin işğalı ilə nəticələnmiş AXC-Müsavat cütlüyünün yarıtmaz və səriştəsiz siyasəti barədə danışmağa isə qətiyyən həvəsli deyil. Çünki bu mövzunun məsuliyyəti ağırdır və Arif Hacılı Kəlbəcərin işğalının qarşısını ala bilməmələrinə heç nə ilə, heç bir tutarlı arqumentlə haqq qazandıra bilməz. Baxın, tarixin təzadlılığı və istehzası da ondadır ki, vaxtilə AXC-Müsavat hakimiyyəti dönəmində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Kəlbəcər məhz bugünləri Arif Hacılının “yarıtmaz və səriştəsiz siyasət” yürütməkdə ittiham etdiyi mövcud hakimiyyətin uğurlu hərbi və diplomatik səyləri nəticəsində, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbəmiz nəticəsində işğaldan azad edilib. Bunu görməzdən gəlmək və öz ayıbına kor olmaq radikal müxalifətin ənənəvi xüsusiyyətidir.

Birdəki, A.Hacılı yəqin ki, heç vaxt real müharibə meydanlarında olmayıb və müharibələr haqda təsəvvürləri də yalnız filmlərdən izlədiyi ayrı-ayrı döyüş səhnələri əsasında formalaşıb. Odur ki, postmüharibə dövrünün gerçəklikləri, problemləri və fəsadları barədə təsəvvürləri də yarımçıq və qərəzlidir. Lakin hətta adi bir “obıvatel”in də ən bəsit anlayışı onu təsdiqləyir ki, müharibə rəsmən 10 noyabrda bitsə də, əslində müharibə hələ bitməyib, müharibə bir qədər başqa formada hələ də davam edir. Bu bütün müharibələrdə məhz belə olur. Dünya müharibələr tarixinə qısa bir ekskurs etsək görərik ki, əksər müharibələrin bitməsi rəsmən elan edildikdən sonra müharibə ab-havası ya partizan döyüşləri şəklində, ya mina partlayışları formasında, yadaki sərhəd demarkasiyası gərginlikləri səpkisində bir müddət davam edib. Postmüharibə dönəminin bu cür fəsadlarının aradan qaldırılması üçün müəyyən zaman tələb olunur. Bu qaçılmazdır və bunu dərk etmək üçün heç də dərin ağıl sahibi olmaq tələb olunmur. Arif Hacılı da bunu dərk etməyə məcburdur. Çünki o sıradan bir şəxs deyil, partiya sədridir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı