“Keçinin şıllaq atması gün batana qədərdir…” – Köçəryanın bəyanatına sərt reaksiya

“Yaxın iki ildə Azərbaycan indikindən iki dəfə güclü olacaq. Ermənistan nəinki Xankəndi və Xocalını Azərbaycana geri verməli olacaq, hətta Zəngəzuru da itirəcək”.

Bu sözləri açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Hadrut və Şuşanı yenidən işğal edəcəkləri və Dağlıq Qarabağ Muxtar Vilayətinin 1991-ci il sərhədinin bərpa ediləcəyi barədə sərsəm bəyanatına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib.

Həmsöhbətimizin fikrincə, bu tip layihələr şimal ölkəsindən qaynaqlanır: “Tək Köçəryan sayıqlamır, Jirinovski də sayıqlayır. Jirinovski Köçəryandan daha təhlükəli bəyanatlar verib. Açıq şəkildə bildirib ki, Azərbaycanda yerləşdirilən sülhməramlı qüvvələr Rusiya hərbi bazasının əsasını təşkil edəcək. Görünən odur ki, bütün bu layihələr Rusiya kəşfiyyat orqanları tərəfindən hazırlanıb. Köçəryanın bu sərsəm bəyanatı da Jirinovskinin fikrilərinin davamıdır”.

C. Nuriyevin fikrincə, Köçəryan belə bəyanatlarla erməni auditoriyasını ələ almağa çalışır: “Dağlıq Qarabağın inzibati sərhədləri bərpa oluna bilməz. Çünki Azərbaycan parlamenti 1991-ci ilin noyabrın 26-da belə bir qurumun ləğv edilməsilə bağlı qərar verib. Hadrutun qaytarılması nağıldır. Şuşa barədə isə heç danışmağa dəyməz. Bu ərazilər Azərbaycan üçün strateji əhəmiyyəti olan yerlərdir. Azərbaycan torpaqları azad etmək üçün üç minə yaxın şəhid verib. Ona görə də Köçəryanın sərsəm fikirləri reallıqdan tamamilə uzaqdır. Sadəcə, daxili auditoriya üçün seçkiyə hesablanmış gedişdir. Keçinin şıllaq atması gün batana qədər olduğu kimi, Köçəryanın bu tip bəyanatları da iyunun 19-na qədərdir. Köçəryanın həmin açıqlaması Rusiyanın da marağına uyğun deyil. Köçəryan nə deyir desin, bunun Azərbaycana heç bir dəxli yoxdur”. (Sfera.az)