Fazil Mustafa: “Bakı həm də mədəniyyətsizlik şəhərinə çevrilməkdədir”

Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa Bakıdakı plansız tikintilərə diqqət çəkdi.

“Bakı həm də mədəniyyətsizlik şəhərinə çevrilməkdədir”, deyən deputat ötən axşam Yasamaldakı yaşayış binalarından birində baş verən yanğından bəhs etdi: “Yanğınsöndürən maşınlar əraziyə daxil ola bilmədi. Çünki yaşayış binaları o qədər bir-birinə yaxındır ki, oraya yanğınsöndürən maşının keçməsi mümkün olmadı”.

F.Mustafa qeyd etdi ki, bir ölkənin mədəniyyəti təkcə orda tikilən binaların fasadları ilə müəyyən olunmur. Onun sözlərinə görə, binaların necə gəldi tikintisinə kiminsə cibinə pul axması üçün icazə verilibsə, bu, təhlükələr vəd edir. “Burada fərdi cinayətlərdən söhbət getmir, hamı bu cinayətin işindədir. Necə ola bilər ki, binanın tikintisinə icazə verəsən, ora keçməyə yol olmasın. Bu binalar 18-19-cu əsrlərdə tikilməyib ki, müasir dövrümüzdə tikilib”,- deputat bildirdi. (Musavat.com)