Rusiya Paşinyanın qələbəsnin ŞOK SİRRİNİ AÇDI: Bir də Qarabağa ayaq basmayacaq, nə Bakını, nə də Kremli…

Ermənistandakı parlament seçkilərinin nəticələri həm bu ölkənin özündə, həm xaricdə hamını təəcübləndirdi. Qarabağda ötənilki müharibədə ağır məğlubiyyətə baxmayaraq Nikol Paşinyan inamlı qələbə qazandı və onun partiyası səslərin 54 faizini topladı. Keçmiş prezident Robert Köçəryanın bloku isə cəmi 21 faiz səs ala bildi.

Carnegi Moskva Mərkəzinin təhlilində deyilir ki, erməni sosioloji xidmətləri belə nəticə gözləmirdilər, seçkiqabağı rəy sorğuları ən yaxşı halda Paşinyanın Köçəryanla daban-dabana getdiyini göstərirdi. Lakin Paşinyan nəinki qalib gəldi, üstəlik parlamentdəki konstitusion çoxluğu götürdü. “Doğrudur, bu həm də o deməkdir ki, Paşinyan Azərbaycanla çətin danışıqların davam etdirilməsinə, Dağlıq Qarabağın statusuna və Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın xarici siyasətinin formalaşmasında məsuliyyəti bölüşməyə adam tapmayacaq”,-məqalədə deyilir.

Mərkəz Paşinyanın gözlənilməz və inamlı qələbəsinin səbəblərini də təhlil edir. Bildirilir ki, əgər regionlardakı səsvermənin nəticələrinə baxılsa bu səbəblər aydın olar. Məsələn, onun partiyası Şirak vilayətində 65 faiz səs yığıb. Şirak ötən ilin dekabrında Hadrut ətrafında saxlanılan erməni əsgərlərinin vətənidir. “Belə görünür ki, onların qohumları və həmyerliləri Paşinyana dəstək verməklə Köçəryanın qismində revanş istəmədiklərini, sakitlik və gələcəkdə belə insidentlərin olmamasını arzuladıqlarını nümayiş etdiriblər”,-təhlildə deyilir.

Mərkəz qeyd edir ki, əslində bunu hələ qışda başa düşmək olardı-erməni cəmiyyəti artıq döyüşmək istəmir. O, hərbi komissarlıqların qarşısında mitinq keçirir və tələb edir ki, çağırışçılar Qarabağa göndərilməsin, əksinə, ötən il itirilmiş ərazilərdən çağırışçılar dərhal Ermənistana geri qaytarılsın.

“Seçki kampaniyası zamanı Köçəryan, əlbətdə, deyirdi ki, indiki şərtlərdə revanş haqda düşünmək sağlam düşüncəli adamın ağlına gəlməz, amma Ermənistanda başa düşürlər ki, Bakı üçün o daha toksik fiqurdur. Deməli onun qələbəsi halında toqquşmalar daha çox olardı, lap qarşı tərəfin təxribatları nəticəsində olsa belə. Ötən ilki müharibə göstərdi ki, belə situasiyalardan erməni ordusunun qalib çıxması mümkün deyil. Deməli, belə insidentlərdən sadəcə olaraq qaçmaq və Bakını daha az qıcıqlandıran siyasətçini seçmək lazımdır”,-mərkəzin hazırladığı təhlildə bildirilir.

 

Əlavə edilir ki, seçkilərə az qalmış Azərbaycan Ermənistana kifayət qədər aydın siqnal göndərdi, həm danışıqlara, həm sərt addımlara hazır olduğunu nümayiş etdirdi. Azərbaycan hakimiyyəti erməni əsirlərinin bir qismini məhkəmədə mühakimə etdi, bir hissəsini isə Ağdamın mina xəritələrinin əvəzində buraxdı. Bu, Paşinyana dialoqun mümkün olduğuna dair siqnal idi.

Məqalədə Paşinyanın Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir və avtomobil yolunun keçəcəyi Sünik vilayətində 54 faiz səs toplamasının da nümayişkarənə olduğunu bildirir. Çünki seçki kampaniyası zamanı Paşinyanı bu regiondan qovurdular, yerli sakinlər merlərin dəstəyi ilə onun yolunu kəsirdilər və yumurta atəşinə tuturdular.

Köçəryan seçkiqabağı roliklərində Paşinyanın gələcəkdə bütün milli maraqlarını satacağını deyərək ermənilərin qorxu hissləri ilə oynamağa çalışırdı. Onun qərargahının videoroliklərindən birində azərbaycanlılar Sevan gölündə balıq ovlayan ermənini tuturdular, digərində isə Sünik vilayətində, Naxçıvana gedən yolda erməni sürücüləri saxlayırdılar. Lakin belə görünür ki, seçicilər bu rolikləri şişirtmə hesab etdilər, əksinə, Azərbaycanla danışıqları Köçəryan aparacağı halda zərbə altında qalmaq riskini daha real saydılar.

 

Məqalədə deyilir ki, Moskva indiki nəticələri qəbul etməli olacaq, çünki Köçəryanın Paşinyana qarşı hiddət dalğası qaldırmaq şansı yoxdur. Ona görə də Moskva Paşinyanın qələbəsini tanımamaqla Rusiyaya loyal erməni cəmiyyəti qarşısında imicini korlamaq istəmir. Digər tərəfdən Rusiyanın Ermənistandakı maraqlarını nə Köçəryan, nə Paşinyan təhdid etmir, danışıqlar məsələsində isə Paşinyan daha sərfəlidir, çünki daha üzüyoladır.

Bəs bundan sonra nə olacaq? Məsələ bundadır ki, Paşinyan konstitusion çoxluğa malik olsa da parlamentin tərkibi kəskin dəyişib. Əgər əvvəllər onun müxalifəti hər şəraitə uyğunlaşmağı bacaran Qaqik Tsarukyan idisə indi Köçəryanın blokunun qismində sərt müxalifətlə üzləşəcək. Paşinyan seçki kampaniyası zamanı rəqiblərini hədələyirdi, amma bu hədələri çətin ki, reallaşdıra bilsin. Çünki “əvvəlkilər” ölkədə real siyasi güc olduqlarını göstərə bildilər, əgər onlara təzyiqlər olsa çoxdan Köçəryanın tərəfini tutan Rusiya dövlət təbliğatı Paşinyana qarşı işə düşəcək.

“Ona görə də Moskva ilə münasibətlərdə Paşinyan özünü maksimal loyal aparacaq, hakimiyyətə təzə gəldiyi vaxtlarda Putini yola salmaq üçün aeroporta tələsdiyi kimi. Paşinyan üçün başlıca çağırış Azərbaycanla danışıqlar olacaq. Seçkilər ərəfəsində o, bütün gücü ilə inandırmağa çalışırdı ki, “Zəngəzur dəhlizi” Ermənistan əraziləri hesabına suveren dəhlizin yaradılmasını nəzərdə tutumur. Sadəcə olaraq Naxçıvana nəqliyyat kommunikasiyalarının açılması deməkdir.Hansı ki, kommunikasiyaların açılması Ermənistan üçün də yeni iqtisadi imkanlar deməkdir.

 

 

“Qarabağ məsələsinə gəldikdə isə, burada Paşinyan əsl tələyə düşüb. Onun “Qarabağ Ermənistandır” bəyanatının və Şuşadakı rəqsinin Azərbaycanın hücumu üçün təkan olduğunu nəzərə alanda Paşinyan hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə səfərlərdən qaçmalı olacaq. Bununla belə, Paşinyan regionun “qeyri-müəyyən statusundan” danışmaq sərfəlidir ki, erməni cəmiyyətindən həmin ərazilərin də tezliklə Bakının nəzarəti altına keçəcəyi haqda fikirləri uzaqlaşdırsın”,-məqalədə bildirilir.

Ermənistanın, Rusiya təbliğatçılarının qorxutduqları kimi, Qərbə meyl etməsi isə baş verməyəcək. Paşinyan öz səhvləri və sınaq metodları ilə bunu öyrəndi ki, daha Moskvanı əsəbləşdirmək lazım deyil. Amma o, ikiqat səylə qərb meydançalarında bu fikri yeritməyə çalışacaq ki, Qarabağın qalan hissəsində ermənilərin nəzarətini saxlamaq lazımdır. Bu məsələdə Paşinyana Fransa kömək edə bilər.

“Əgər iş növbədənkənar seçkilərə qədər gedib çıxmasa Paşinyanın yeni hökumətinin son 6 aylıq iş müddəti Qarabağda Rusiya sülhməramlı qüvvələrinin 5 illik mandatının başa çatması vaxtına təsadüf edəcək. Rusiyanın Qarabağdakı iştirakı uzadılsa bu, Paşinyanın növbəti seçki kampaniyası üçün əla nəticə olacaq. Və belə görünür ki, o, erməni siyasətinin zirvəsində cəmi yarım il əvvəl hesab edildiyindən çox-çox uzun zaman qalacaq”,-məqalədə bildirilir.

Virtualaz.org