PUA-ların göydə meydan sulamaq dövrü başa çatır? – ARAŞDIRMA

“Pilotsuz təyyarələrin müharibə aparılmasında yeni səhifə açdığı haqda proqnozlar tələsik verilmiş  kimi  görünür”.

AzVision.az  internet nəşri İsraildə lazer silahların sınağının uğurlu nəticəsi əsasında bu qənaətə gəlib. Nəşr qeyd edir kii, bu mənada Azərbaycan PUA-lardan geniş istifadəyə əsaslanan müharibə taktikasını (İkinci Qarabağ müharibəsi nəzərdə tutulur – red) tam vaxtında tətbiq edib.  5 il sonra çətin ki, eyni taktika həmin effekti versin.    Nəşr qeyd edir ki,  böyük ehtimalla bu tip silahlar qısa vaxtda başqa ölkələrdə də yaradılacaq və cəbbəxanaya daxil ediləcək. Bununla da PUA-ların göydə meydan sulamaq dövrü başa çatmış olacaq.

Saxta.info bu qənaətin əsaslı olub-olmadığını dəqiqləşdirib.

Öncə xatırladaq ki, İsraildə PUA-ları vurmaq üçün nəzərdə tutulmuş lazer silahının sınağı keçirilib. İsrail  Müdafiə Nazirliyinin Elbit Systems konserni ilə birgə keçirdiyi testlər zamanı HPL-WS (High Power Laser Weapon System) lazer silahı müxtəlif hündürlükdə və uzaqlıqda olan PUA-ları zərərsizləşdirib.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə,  yeni sistem müxtəlif uzaqlıqda və yüksəklikdə  olan PUA-nı zərərsizləşdirib. PUA-nın göyərtəsində dəliklər açdığı aydın görünüb. İsrail tərəfi hesab edir ki,  yeni sistem  Qəzzadan davamlı təhdid və hücumlar altında olan yaşayış məntqələrinin müdafiəsini daha da gücləndirəcək.  Nazirliyin məlumatında əlavə olunur ki, HPL sistemi hazırda istifadə olunan mövcud sistemlərlə müqayisədə effektli olması ilə deyil, həm də sərfəli olması ilə fərlənir.  Qeyd edək ki, HPL sistemi təyyarəyə quraşdırılıb və bir neçə ssenari üzrə  sınaqdan keçirilib.  Sınaq zamanı  sistem buraxılan bütün PUA-ları  sıradan çıxarıb.

Yeri gəlmişkən, İsrail 2018-ci ildə  mobil lazer raketi yerüstü bazada uğurla sınaqdan keçirib. İsrail Kosmik Agentliyinin keçmiş rəhbəri, istefada olan general-mayor İshak Ben-İsrailin fikrincə yeni sistem qısa mənzilli raketlər, top və minaatan mərmiləri ilə mübarizədə son dərəcə təsirli olacaq. Söhbət eyni zamanda atılan yüzlərlə və bəlkə də minlərlə raketə qarşı  mübarizə aparmaqdan gedir.  Bundan başqa mütəxəssis lazer sisteminin dəyərinin aşağı olduğunu bildirib:  “Adi raket əleyhinə müdafiə sistemləri işləyəndə atılan hər raketin dəyəri 50-100 min dollara çatır. Halbuki lazer sistemində  bu məbləğ 1000-2000 dollar olur”.

Ancaq dünyadakı vəziyyət elədir ki, İsrailin lazer silahlarının inkişafı və istehsalındakı müstəsna irəliləyişindən danışmaq  yersizdir.  Çünki indi dünyanın aparıcı ölkələri, Böyük Britaniya, Almaniya, İsrail, Hindistan, Çin, Şimali Koreya, Rusiya, ABŞ, Türkiyə, Fransa və Yaponiya  lazer silahları yaratdıqların elan ediblər.

2019-cu ildə İran da bu ölkələrin sırasına qoşulub.  Bu ölkənin müdafiə nazirinin müavini general Qasım Tağızadə kvadrokopterləri və digər kiçik təyyarələri vura bilən döyüş lazerləri istehsal edildiyini bildirib.    ABŞ-a gəldikdə, hələ  ötən əsrin 80-ci illərinin əvvəllərində Nyu-Meksiko ştatındakı sınaq meydanında  2.2 MVt  gücü olan MİRACLE lazer kompleksinin sınaqdan çıxarıldığını qeyd etmək olar.

Bu arada, indi lazer silahlarının effektivliyinin artması onları quru qoşunları üçün getdikcə daha əlçatan edir. Bunu ABŞ  ordusunun prototip yaratmaq və ilk döyüş lazer sistemini yerləşdirmək layihəsi ən aydın şəkildə nümayiş etdirir. Döyüş briqadalarını  PUA-dan,  artilleriya atəşindən qorumaq üçün  2022-ci ildə M-SHORAD (Maneuver — Short-Range Air Defence)  sistemi Stryker zirehli maşınlarına quraşdırılacaq.

Oxşar sistemlər Rusiya da daxil olmaqla dünyanın digər ölkələrində inkişaf etdirilir və sınaqdan keçirilir.

Türkiyə isə bu cür silahların istehsalını 2019-cu ildə Liviyada döyüş şəraitində sınaqdan keçirib.   Belə ki,  Türkiyənin Otokar Cobra zirehli maşınına quraşdırılan  lazer silahı (Aselsan şirkətinin istehsalı) ilə üsyançı General Haftarın qərargahı üçün məlumat toplayan  Wing Loong II (Çin istehsalı) pilotsuz təyyarəsi vurulub.

Lazer silahlarının inkişafına və üstünlüklərinə baxmayaraq, əhəmiyyətli çatışmazlıqları da az deyil.

Birincisi, bu cür silahlar çox elektrik enerjisi işlədir. Bu o deməkdir ki, güclü qurğular böyük generatorlar tələb edəcək və bu da silahların quraşdırılacağı sistemlərin manevr qabiliyyətini əhəmiyyətli dərəcədə azaldacaq.

İkincisi, lazer silahlarından istifadə edilərkən bir hədəfi müstəsna olaraq birbaşa atəşlə vurmaq mümkündür, bu da quruda istifadə imkanlarını xeyli məhdudlaşdırır.

 

Üçüncüsü, lazer şüasını nisbətən ucuz materiallar vasitəsilə dəf etmək mümkündür. Hələ 2014-cü ildə Çin Xalq Azadlıq Ordusunun  nümayəndəsi ABŞ ordusuna məxsus  lazerlərin  xüsusi qoruyucu təbəqə ilə örtülən Çin hərbi texnikası üçün xüsusi  təhlükə yaratmadığını bildirib.

 

Bundan əlavə, lazer şüası adi  işıq şüası kimi havada səpələnməyə məruz qalır. Məsələ burasındadır ki, atmosfer işığı səpələyən müxtəlif hissəciklərlə doludur, yəni şüa ilə 100  faiz nüfuz etmə  qeyri-mümkündür. 1 kilometr məsafədə atmosfer 85% keçirici ola bilər, yəni bu halda işığın 15 %-i hədəfə çatmayacaq. 5 km-dən çox məsafədə itki  50 % ola bilər və beləliklə  lazer şüası gücünü itirəcək.

Digər tərəfdən bir neçə kilometrdən çox radiusda işləyə bilən ən güclü lazer silahı stasionar qurğularda və ya müvafiq generatorlarla təchiz olunmuş gəmilərdə quraşdırıla bilər.  Avtomobil şassisindəki mobil lazer hava hücumundan müdafiə sistemlərinin radiusu 2-3 kilometrə yaxındır. Və bu zaman duman, yağış olmaması şərtdir.  İsrail Silahlı Qüvvələrinin yaydığı  videolarda və Liviyada lentə alınan kadrlarda tam olaraq lazer silahından  açıq, buludsuz havadaa istifadə edildiyini görmək mümündür.

Türkiyənin pilotsuz təyyarəsi “Bayraktar” TB-2 isə hədəfi  15 kilometrə qədər məsafədə vura bilər.   ABŞ-ın   çox məqsədli Reaper dronu da təxminən 10 km məsafədəki hədəfləri sıradan çıxarmaq imkanına malikdir.

Beləliklə, deyə bilərik ki, qısa  məsafələrdə PUA-larla və digər kiçik hədəflərlə mübarizədə yüksək effektivlik də daxil olmaqla aydın müsbət cəhətlərə baxmayaraq, mobil lazer qurğuları HM və RM qüvvələri üçün ideal deyil. Onların məqsədi isə hərbi əməliyyatlar və marş zamanı canlı qüvvənin və hərbi texnikanın xüsusən PUA-lardan qorunmasıdır. Bu, hava şəraiti, belə silahın hədəfi vurma radiusunun az olması və müasir dronların silahlarının uzaq məsafəli olması ilə şərtlənir.

Məhz belə bir şəraitdə,  İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin böyük hissəsi düşmən hava hücumundan müdafiə zonasından kənarda qalaraq hədəfləri məhv etdilər. Bunu Azərbaycan  Müdafiə Nazirliyinin çoxsaylı video materialları təsdiqləyir.

Saxta.info bu qənaətə gəlib ki,  lazer silahının  inkişafı ilə PUA-lar erasının başa çatacağına dair  Azərbaycan KİV-lərinin  gəldiyi  nəticə əsasən yanlışdır.