Sərhəddə növbəti erməni təxribatı: Bu rayonumuz atəşə tutulub – NƏ BAŞ VERİR?

Bildiyiniz kimi, ötən gün düşmən Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutmuşdu. Hər nə qədər Ermənistan hakimiyyəti bunu təkzib etsə də, Azərbaycan Müdafiə Nazirliyinin cümə axşamı günü yaydığı açıqlamasına əsasən, atəş Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində açılıb.

Bəs görəsən düşmən tərəfin bu təxribatının altında hansı məqsədlər yatır? Təxribat, yoxsa daxili siyasi oyun?

Zafer Tv xəbər verir ki, tanınmış politoloq Elçin Mirzəbəyli Redaktor.az-a açıqlamasında bildirib ki, atəşkəsin pozulmasına səbəb kimi bir neçə fərqli mülahizə yürütmək olar:

“Ermənistanda artıq seçkilər başa çatıb və hakimiyyətin formalaşdırılması üçün hər hansı bir problem yoxdur. Bu aspektdən də daxildəki siyası proseslərin hansı formada cərəyan etdiyindən asılı olmayaraq, hakimiyyət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə borcludur. Biz son günlər Rusiyanın da prosesdə aktiv iştirakının şahidi oluruq. Rusiya prezidentinin Azərbaycanlı həmkarı İlham Əliyev ilə telefon əlaqəsi, qardaş Türkiyənin dövlət başçısı ilə mövcud vəziyyəti müzakirə etməsi, həmçinin Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan ilə üçtərəfli bəyanatın yerinə yetirilməsi ilə bağlı məsələlərin müzakirəsi də buna sübutdur. Bütün bunlar ondan xəbər verir ki, prosesin icrası tərəflərin marağı daxilindədir. Fikrimcə belə olan təqdirdə sərhəddə təxribat xarakterli atəşkəs pozuntusu daha çox diqqət mərkəzində saxlanmalı və ciddi təhlil edilməlidir. Bu, Ermənistan siyasi hakimiyyəti tərəfindən edilən təxribatdırsa, indiki halda onlar üçün hansısa fayda verəcəyini gözləmirəm”.

Həmçinin, ekspert hesab edir ki, atəşkəsin pozulmasına səbəb Ermənistandakı bəzi qüvvələrin prosesin bundan sonra müəyyən zaman kəsiyində uzadılması, sülh sazişinin imzalanmasının gecikdirilməsi xülyasıdır:

“Ancaq indiki vəziyyətdə məsələnin təxribat, yaxud siyasi hakimiyyət tərəfindən həyata keçirildiyini söyləmək çox çətindir. Təbii ki, Azərbaycan ilə Ermənistanın həmsərhəd ərazisində, xüsusilə də Tovuz rayon istiqamətində edilən təxribatın nəyə xidmət etdiyi məlumdur. Bütün bunlar diqqəti Azərbaycanın işğaldan azad olmuş ərazilərinə yönəldilməsinə mane olmaqdan ibarətdir. Bir başqa səbəb isə bu ola bilər ki, daxili qüvvələr məqsədyönlü şəkildə prosesə mane olmağa cəhd göstərirlər”.
Sərhəddə növbəti erməni təxribatı: Bu rayonumuz atəşə tutulub - NƏ BAŞ VERİR?