Dünyanı qorxuya salan təhlükə – “Delta” ştammı haqda 2 fərqli rəy

Bir müddətdir koronavirus pandemiyasının Hindistanda ortalığa çıxan “Delta” ştammının (K417N) sürətlə yayılması dünyada həyəcanla qarşılanmaqdadır. Qeyd edək ki, adı çəkilən ştamm artıq dünyanın 80-dən çox ölkəsində, o cümlədən qardaş Türkiyə və Gürcüstanda da aşkarlanıb.

Mütəxəssislər virusun “Delta” ştammına yoluxmuş xəstələrin dörd yeni simptomla qarşılaşdıqlarını bildirirlər. Belə ki, SARS-CoV-2-nin “Delta” variantına yoluxanlar tez-tez ishaldan şikayətlənirlər. Halbuki pandemiyanın ilk dalğası zamanı bənzər simptom daha az müşahidə edilirdi. Bundan əlavə, Hindistan ştammına yoluxan xəstələrdə qanqrena müşahidə olunur. Simptomlar arasında həmçinin eşitmə pozğunluğu və ağır mədə narahatlığı da var.

Bəzi mütəxəssislər bu ştammın ilk dəfə Cənubi Afrikada qeydə alındığını iddia edirlər. Bu da o deməkdir ki, hind ştammI Cənubi Afrika növü ilə qarışıqdır. Bu ştammın əvvəlki dominant növdən – Britaniya ştammından 60% daha sürətli yoluxduğu bildirilir. Eyni zamanda, bu virus ağciyər hüceyrələrinə daha asan düşür. Lakin yenə də bu sahədə tədqiqatlar davam edir. “Delta” ştammı daha çox gənc və iki doza peyvəndi vurdurmayan şəxslərdə müşahidə edilir.

Qeyd etdiyimiz kimi, “Delta” ştammının ortaya çıxması dünyanı qorxuya salıb. Lakin bəzi iddialara görə virus təbliğ olunduğu qədər də təhlükəli deyil, sadəcə, virusun azaldığı vaxtda insanların arxayınlaşmaması üçün ortaya atılmış PR-dir.

Dünyanı qorxuya salan təhlükə – “Delta” ştammı haqda 2 fərqli rəy

Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünür? “Delta” ştammının Azərbaycana da gəlib çıxma ehtimalı nə qədərdir?

İlk öncə qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda koronavirus infeksiyasının müxtəlif ştamlarının müəyyənləşdirilməsi istiqamətində tədqiqatlar aparılır: “Bu günədək ölkədə Hindistan ştammı rəsmi şəkildə qeydə alınmayıb. Bununla bağlı məlumat olduqda ictimaiyyətlə bölüşüləcək. Bununla belə, epidemioloji vəziyyət nəzərə alınaraq müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.

Delta ştammının nə dərəcədə təhlükəli olmasına gəldikdə isə professor Adil Qeybulla mövzuya bu cür şərh verdi: “Delta” ştammının təhlükəli olması birmənalıdır. Çünki Hindistanda 400 min nəfərdən çox ölüm faktı var. Milyonlarla insan xəstələnib. Həmçinin qonşu Rusiya və Türkiyədə vəziyyət xeyli ciddiləşib. Bu baxımdan virusun bu ştammına ciddi yanaşılmalıdır. Bu ştamm İtaliya, Cənubi Afrika, Braziliya ştammlarına nisbətən yoluxuculuğu və öldürücü qabiliyyəti daha yüksəkdir. Bu baxımdan mütəxəssislər daha çox “Delta” ştammı üzərində araşdırma aparır. Çünki vaksinin adı çəkilən ştammına qarşı dözümlülüyü haqda hələlik məlumat yoxdur. Bunu nəzərə alaraq, hər birimiz karantin qaydalarına ciddi əməl etməli, ehtiyatı əldən buraxmamalıyıq”.

Həkim Vasif İsmayıl da qeyd etdi ki, hələlik koronavirusun bu ştammı haqqında məlumat az olduğundan onun nə dərəcədə təhlükəli olması haqda konret fikir söyləmək çətindir: “Dəqiq araşdırma aparıldıqdan sonra nəsə demək olar. Lakin ortada bir fakt var, bir çox ölkələrdə uğurlu vaksinləşmə prosesi aparılmasına baxmayaraq, bu ştamm üzündən virusa yoluxanların sayı sürətlə artmağa başlayıb. Məsələn, İsraildə demək olar ki, əhalinin 70 faizi kifayət qədər keyfiyyətli vaksinləşmə prosesinə cəlb edilmişdi və ölkədə bütün karantin qaydaları ləğv edilmişdi. Lakin indi gündəlik 1000-1500 arası yoluxma qeydə alınır, həmçinin İsrail üçün xarakterik olmayan ölüm faktları da ortaya çıxır. Yoluxanların da əksəriyyətinə “Delta” ştammı aşkar edilib. Bütün bu faktlar Delta ştammını ciddiyə almaq lazım olduğumuzu göstərir”.

İnfeksionist İlham Bayramov isə qeyd etdi ki, “Delta” ştammının kliniki göstərişləri bundan əvvəl olan ştammlarla eynidir: “Sadəcə olaraq yeni ortaya çıxdığı üçün insanlar vahimələnir, qorxudulur. Bir daha qeyd edirəm ki, klinik vəziyyət eynidir. Bu baxımdan qorxuya ehtiyac yoxdur”. /Musavat.com/