Professor Elçin Əliyev: “Bakının mərkəzində binaların 90 faizi pornoqrafik tərzdə tikilir” – MÜSAHİBƏ + FOTO

Azərbaycan müxtəlif mədəniyyətlərə məxsus memarlıq nümunələri ilə zəngin ölkədir. Bu müxtəliflik ölkənin hər bir guşəsinin kəşfinə sövq edir. Son bir neçə il ərzində xüsusilə paytaxt Bakıda fərqli üslubda müasir memarlıq nümunələri inşa edilir. Şəhərin tarixi tikililəri ilə yanaşı, müasir memarlığın da göz oxşaması Bakını daha da ekzotik şəhərə çevirir. Lakin bütün tikililər şəhərin ümumi infrastrukturu ilə vəhdət təşkil etməlidir. Bakını insanların daha rahat yaşaya biləcəyi şəhərə çevirmək də olar.

Bu və digər məsələlərlə bağlı memar, yazıçı və sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev ilə həmsöhbət olduq. Təkcə Bakıdakı memarlıq nümunələrinin və onların ətraf mühitlə vəhdətini deyil, eləcə də işğaldan azad edilən ərazilərdə tikinti prosesi və bərpa işləri haqqında danışdıq.

Zafer Tv Memarın Oxu.Az-a müsahibəsini təqdim edir:

– Bakının tarixi və gözəl memarlıq nümunələri ilə bağlı sosial media vasitəsilə maraqlı faktları bölüşürsünüz, bu ideya haradan yarandı?

– Memarlıq tariximizlə bağlı böyük problemlər var. Sovet dövründə və ondan əvvəl arxivimizdə olan məlumatların çoxu itib, memarların adları silinib və ya birinci əcnəbi, daha sonra azərbaycanlı memarların adı qeyd edilib – bu, o dövrün siyasəti idi. 1940-1960-cı illərin Bakı memarlığına dair foto tapa bilmirəm. Bunun üçün Rusiyanın Mərkəzi Arxivinə ödəniş edərək fotolar alıram. 100 il bundan əvvəl Bakıda bina tikən alman, polyak, erməni, rus memarlarının adları bəllidir, lakin çox vaxt Azərbaycan memarlarının kimliyi bəlli deyil. Buna görə də mütləq şəkildə vahid bir mənbə – Bakı Memarlığının Ensiklopediyasını yaratmağa qərar verdim və bununla əlaqədar sosial mediada səhifə yaratdım.

– Bakıda tarixi binaların bərpa prosesini dəyərləndirə bilərsiniz?

– Bakıda tarixi binaların bərpası prosesi məni sevindirir. Ölkə rəhbərliyi bu məsələyə diqqət artırıb və son bir-neçə ildir ki, heç bir memarlıq abidəsi sökülmür. Lakin mən istərdim ki, bərpa işləri daha keyfiyyətli və tələsmədən, mərhələli şəkildə həyata keçirilsin. Məsələn, Gürcüstanda ildə 10 binanı təmir edirlər və əsaslı təmirdən sonra daha 100 il bir daha bu məsələyə qayıtmırlar. Bakıda isə hər il eyni binalar keyfiyyətsiz vasitələrlə bərpa edilir və hər il bu məsələyə bir də qayıdılır.

– Bakının Baş Planı ilə tanış olmusunuz?

– Bir memar kimi Bakının Baş Planı ilə tanış olmaq istərdim, lakin tanış ola bilmədim. Saytda ümumi savadlı sözlərdən, ağıllı konsepsiyalardan başqa heç nə görmədim. Burada Bakı ilə bağlı konkret suallar öz cavabını tapmayıb. Qərb ölkələrində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kimi strukturların saytında hər bir tikili haqqında məlumatlar, hökumətin planları, tikilinin taleyi və s. məsələlər öz əksini tapır. Hər bir insan yaşadığı tikili ilə bağlı məlumatları saytda tapa bilir. Bizdə isə əksinədir. Şəhərin yarısını gəzir və bir bakılı o birini görəndə soruşur: “Binanızı sökəcəklər ya yox?” İnsanların evinə gəlib, “bir həftə sonra eviniz söküləcək” deyirlər. Bunu 4-5 il əvvəl deməlidirlər. Çünki hər bir ailənin də gələcək üçün öz planları var. Bu cür məsələlər Baş Planda əks olunmalıdır.

– Sizcə, müasir memarlıq nümunələrinin şəhərin klassik ab-havası ilə vəhdətini təmin edə bilmişik?

– Biz istəsək də, istəməsək də, yeni memarlıq şəhərə gəlir. 100 il bundan əvvəl milyonçular malikanələr tikəndə bəlkə kimsə deyirdi ki, nəyə görə Bakının xarici görünüşünü korlayırsınız? Axı, həmin malikanələrin də yerində daha gözəl tarixi tikililər dayanmışdı. Bu obyektiv prosesdir və qarşısını ala bilmərik. Məni maraqlandıran əsas məsələ yeni memarlığın keyfiyyətidir. Digər məsələ tam sökmək lazımdır, ya yox? Məsələn, elə bina var ki, rəsmi memarlıq abidəsi sayılmasa da, çox gözəl memarlıq detalları var. Vaxtilə onlarla belə bina sökülüb. Məsələn, Yusif Məmmədəliyev küçəsində çox məşhur bina var idi – Atlantlarla Ev. Həmin binanı sökəndə fasad səliqəli şəkildə ayrıldı və indi anbarlarda saxlanılır. Yerində yeni bina tikilən zaman həmin fasadı bərpa etmək olar.

– Xarici memarların ölkəmizdə gördüyü işləri təqdir edirsinizmi?

– Bir memar kimi mən şadam ki, ölkədə dünyanın aparıcı memarları iştirak edirlər. Müasir memarlıq ölkənin inkişafının güzgüsüdür. Müasir memarlıq varsa, deməli ölkədə inkişaf var. Azərbaycanda çox gözəl müasir memarlıq nümunələri var. Lakin, bəzən Bakıya doğma ölkəsində layihəsi belə olmayan memarlar gəlir. Hansısa ikinci, üçüncü və dördüncü dərəcəli xarici memarları nəyəsə görə bura dəvət edirlər və onların adı ilə Azərbaycanda faktiki heç bir dünya memarlığı ilə əlaqəsi olmayan binalar tikilir. Düşünürəm ki, bütün bunların qarşısını almaq üçün şəffaf şəkildə memarlıq müsabiqələri keçirilməlidir. Müsabiqədə qalib gələcək memarın layihəsi tikilməlidir. Hazırda Bakıda tikilən binaların 90 faizinin müasir memarlığa aidiyyəti yoxdur. Mən hesab edirəm ki, bu həm memarların, həm də sifarişçilərin səhvidir.

– Bakının indi qeyri-səmimi biznes şəhərinə çevrildiyi deyilir. Həqiqətən də Bakıda artıq sadə insanlara yer qalmayıb?

– Uzun illər bu məsələyə baxan məmurlar təəssüf ki, insan amilini düşünməyiblər. Buna səbəb memarlıqla bağlı dövlət strukturlarında qeyri mütəxəssislərin fəaliyyət göstərməsidir. Lakin axır vaxtlar biz haradasa dövlət qurumlarının insanlara tərəf çevrildiyini görürük. Təbii ki, şəhər insanlar üçündür və burada yaşayan insanın maraqları ön plana çıxmalıdır, biznes maraqları yox. Küçələr genişlənməlidir, velosiped yolları salınmalıdır, piyadalar üçün yollar çox olmalıdır. Məsələn orada nişan var ki, parkinq olmaz, baxın neçə maşın dayanıb (səkini göstərir). Nəyə görə bunu polis görmür? Deməli lazımi strukturlar işini yaxşı həyata keçirmir.

Eyni qanunsuzluqlar tikinti məsələlərində də olur. Ötən günlərdə Yasamal rayonunda göydələnlərdən birində yanğın baş vermişdi. Nə polis, nə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həyətə daxil olub yanğını söndürə bilmirdilər. Çünki, göydələnlər çox yaxın məsafədə tikiliblər, həyətləri avtomobillərlə doludur. Hansı dövlət məmuru bunu tikməyə icazə verib? Bununla bağlı məhkəmə işi başladılmalı, həmin məmur həbs edilməlidir. Bu, çox yaxşı dərs olardı və gələcəkdə hər kəsin məsuliyyəti artardı.

– Necə düşünürsünüz, sənədləşdirmə prosesində problemlər niyə hələ də qalmaqdadır?

– Azərbaycanda tikililərin və ərazilərin sənədlərinin olmaması vəziyyəti bəzən bilə-bilə yaradılır ki, xaos və bazar olsun. Belə olduğu halda eyni torpaq sahələri ayrı-ayrı şəxslərə satılır. Bəlkə də düzgün nümunə deyil, amma bir misal: mənim babam Yasamal qəbiristanlığında basdırılıb. İldə bir dəfə onun məzarına baş çəkirəm, hardasa 2-3 il gedə bilmədim. Bir-neçə ay əvvəl gedəndə isə gördüm ki, qəbir yoxdur. Deməli, üstünü qum ilə örtüblər və düşünürlər ki, heç kim gəlməsə, yeri yenidən başqasına satmaq olar. Təbii ki, bu məsələni belə qoymadım. Həmçinin torpaq sahələri ilə bağlı da problemlər yaşanır. Əgər hansısa sahə bir nəfərin adına qeydiyyata alınıbsa, necə eyni sahəni başqa şəxslərə satmaq olar? Deməli kimsə bu xaosu bilə-bilə yaradır.

– İşğaldan azad edilən ərazilərin planları hazırlanır. Sözsüz ki, bərpa prosesi də plana daxil ediləcək. Bu barədə fikirləriniz maraqlı olar.

– Dünyada işğaldan sonra şəhərlərin bərpası bir neçə yanaşma əsasında həyata keçirilir. Birinci yanaşma – tarixi şəhəri əvvəl olduğu kimi bərpa etmək, eyni texnologiya və materiallarla. Əslində bu, düzgün variantdır, lakin mümkün deyil. Çünki XXI əsrdə yeni materiallar, yeni texnologiyalar var və insanların həyat səviyyəsi də fərqlidir. İkinci yanaşma – tarixi memarlıq abidələrini yeni material və texnologiyalardan istifadə edərək bərpa etməkdir. Yəni XXI əsrə uyğunlaşdırmaqla. Məsələn, XVI əsrdə isti döşəmə texnologiyası tətbiq edilmirdi. Nəyə görə biz indi məsciddə bundan istifadə etməyək? 1945-ci ildə dağılan Drezden şəhərində Mariya kilsəsi var idi, almanlar onu bərpa edərkən avtodayanacaq üçün əlavə iki yeraltı mərtəbə inşa etdilər. Məncə, əla fikirdir. Biz Şuşa məscidini bərpa etdik, gələcəkdə bütün turistlər məscidə axışacaq və ətrafında maşından yer olmayacaq. Nəyə görə, məscidin altında ikimərtəbəli avtodayanacaq salmayaq? Bu, çox yaxşı ideya olar. Üçüncü yol isə, heç bərpa etməmək və yerlərində yeni binalar tikməkdir. Mən isə memarlıq abidələrini XXI əsrin tələblərinə uyğunlaşdırmaqla bərpa etməyin tərəfdarıyam.

– Bəs, Qarabağ ərazisində müvafiq tikinti işləri necə aparıla bilər?

– Tikinti işlərinə dövlət tərəfindən nəzarət olmalıdır. Prezidentin imzaladığı qərar ilə artıq Şuşaya da İçərişəhər kimi status verildi. Bu, o deməkdir ki, şəhərdə hər hansı bir prosesi icra edərkən mütləq razılıq alınmalıdır. Lakin, Qarabağda, Şuşadan kənarda yüzlərlə memarlıq abidələri var. Onlara nəzarət lazımdır. Rəsmi məlumatlara görə, bu ərazilərdə 2 500 memarlıq abidəsi var idi, onların yarısı dağıdılıb, yarısı isə acınacaqlı vəziyyətdədir. Mən hesab edirəm ki, bərpa işlərində tələsməməliyik. Azərbaycanda olan və xaricdən cəlb ediləcək mütəxəssislər ildə maksimum 7-8 memarlıq abidəsini tam bərpa etmək olar. Deməli, bu proses 50-60 il çəkə bilər. Bu normaldır.

– Gəlin, bir az da sifarişçi ilə memar arasındakı münasibətlərdən danışaq. Əsasən hansı problemlərlə qarşılaşırsınız?

– Memar sifarişçini hansısa yeni bir həyat tərzi pilləsinə qaldırır. Deyirlər ki, “memar öz sifarişçisinin həyatının rejissorudur”. Memarın hər hansı bir səhvinə görə insan hətta xəstələnib ölə də bilər. Mən 15 il bundan əvvəl sorğu keçirdim. Sən demə, yeni mənzilə köçən cütlüklərin 30 faizi boşanırlar. Amma bilmirlər nəyə görə… Kişi düşünür ki, günah qadında, qadın isə fikirləşir ki, kişidədir. Günah memarda, dizaynerdədir. Deməli, planlaşdırma düzgün aparılmayıb. Təsəvvür edin, insan işdən evə yorğun gəlir və qapı əks istiqamətdə açılır, bunu hiss etməsəniz də, gün ərzində bir neçə dəfə əsəbləşirsiniz. Və ya divarlar əyri olanda hiss edirsiniz ki, nəsə düz deyil. İşıq və rəng məsələləri də var. Hərdən gənc həmkarlarım işlərini mənə göstərib soruşurlar: Elçin müəllim, nə fikirləşirsiniz? Mən fikirləşirəm ki, bədbəxt o insanlar ki, bu evdə yaşayacaqlar. Bu gün qeyri-peşəkar memarlara görə Bakının mərkəzində binaların 90 faizi pornoqrafik tərzdə tikilir.

– Sizcə, memarlıqda əsas səhvlər nələrdən ibarətdir?

– Əsas səhvlər tək memarlıqda deyil. İnsanların bəzən acgözlük etdiyini, interyerdə artıq əşyalardan, lazım olmayan detallardan istifadə etdiyini müşahidə edirəm. Bu, mədəniyyətsizlikdir. Gərək insan hansısa bir minimumla razı olsun. İnteryer nə qədər sadə olsa, bir o qədər gözəldir. Sifarişçilər mənə mənzillərini göstərərək, “Mən bahalı parket almışam, ən bahalı mürəkkəb divar kağızı almışam, ən bahalı mürəkkəb tavan etmişəm” deyirlər. Lakin, bunlar hamısı ayrılıqda gözəl olsa da, bir yerdə çox zövqsüz və biabırçı görünür. Mürəkkəb sadəcə bir növ olmalıdır. Digərləri sadə olmalıdır ki, mürəkkəbliyin gözəlliyi ön plana çıxsın. Biz memarlar artıq qarşımızdakı insanın psixologiyasına bələd oluruq və ona nə lazım olduğunu bilirik. Təəssüf ki, qarşımda oturan sifarişçilərin 90 faizinin mənim sifarişçim olmadığını hiss edirəm. Mən qabaqcadan bilirəm ki, bizim əməkdaşlığımızın hansı mərhələsində konfliktimiz başlayacaq. Amma təklifi qəbul edirəm. Mən pul qazanmalıyam. Özümə işgəncə verirəm, kompromisə gedirəm. Təbii ki, hansısa qırmızı xətt də var. Memar “bəli, bəli” deyib hər şeylə razılaşanda axırı pis olur.

– Memarlar qiymətləri necə müəyyən etməlidirlər ki, maddi vəsaiti kifayət etməyən şəxslər də mütəxəssis fikrindən yararlana bilsinlər?

– Bir çox memar qonorarı elə müəyyən edir ki, bir otaqlı mənzil alan şəxsin onu memarla birgə dizayn etməyə maddi imkanı olmur. Bizdə memarlar oturub ofisdə, iş yoxdur, sifarişçi gələndə isə yüksək qiymətlər təklif edirlər. Memarlar tərəfindən qiymətləndirmə işləri düzgün aparılmır. Mən dəfələrlə hiss etmişəm ki, qarşımdakı insanın kifayət qədər maddi imkanı yoxdur, lakin o, gözəl insandır və memarlığın vacibliyini başa düşür. Mən bu şəxslərlə sağollaşmamışam. Layihənin maraqlı olduğunu deyib qonorarsız olaraq qəbul etmişəm. Mən artıq özümə bunu icazə verə bilirəm. Deməli, qiymət məsələlərinə də bir balaca individual yanaşmaq lazımdır.