Sülhməramlıların hoqqabazlığı…

Bizim haqqımız var ki, Rusiyanın “sülhməramlı” adı altında gətirdiyi hərbçilərin Qarabağımızda nə iş gördükləri ilə maraqlanaq. 

Rusiya Müdafiə Nazirliyi (MN) sülhməramlıların fəaliyyəti ilə bağlı hesabat yayıb və həmin hesabatda deyilir ki, “rus sülhməramlılarının Dağlıq Qarabağ ərazisinə gəlişi ilə yerli sakinlər özlərini təhlükəsiz və etibarlı qorunma altında hiss edirlər”…

Bax, bu cümlə ilə onlar özlərini ifşa ediblər. Deməli, bu cümlə ilə etiraf edirlər ki, onlar bura heç də tərəflər (Ermənistan ilə Azərbaycan) arasında sülh yaratmağa yox, məhz Xankəndidəki separatçıları və mülki erməniləri qorumağa gəliblər…

Rusiya sülhməramlı kontingentinin 7 iyul tarixinə olan fəaliyyəti ilə bağlı yayılan məlumatda Qarabağdakı atışma barədə də münasibət bildirilib. Ancaq kəlləmayallaq münasibətdir.

Deməli, məlumatda əvvəlcə qeyd olunub ki, “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər. Atəşkəsə ümumiyyətlə bütün təmas xəttində hörmət edilir”.

Daha sonra isə Rusiya MN-in sözügedən məlumatında iyulun 6-da erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun bölmələrinin atəşə tutulması barədə belə bir qeyd yazılıb:

“Eyni zamanda, 6 iyulda, Dağlıq Qarabağın Martuni (Xocavənd) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır”.

Siz Rusiya Müdafiə Nazirliyinin (MN) bu məlumatındakı ziddiyyəti gördünüzmü?

Bu həriflər bir tərəfdən deyir ki, “Atəşkəsə ümumiyyətlə bütün təmas xəttində hörmət edilir”, digər tərəfdən isə bildirirlər ki, “Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı…”.

Bu necə hörmətdir ki, Ermənistanın Qarabağda qalmış silahlı törtöküntüləri sülhməramlıların nəzarət etdiyi ərazilərdən Azərbaycan hərbçilərinin mövqelərinə atəş açırlar?

Sizin hörmət anlayışınız budurmu, ay sülhməramlılar?

Bu cümləpərdazlığınızla, söz hoqqabazlığınızla özünüzü nüfuzdan salırsınız e, xəbəriniz olsun.

P.S.

Hədiyyə payladığınız bu sevimli erməniləriniz bir gün də elə sizin özünüzə qarşı silah qaldıracaq, “atəşkəsə hörmət edəcəklər”…

Bəybala Mirzəyev