Deputat su ilə bağlı sərt danışdı: “Gözləyirlər ki, Bakıdan maliyyə ayırsınlar”

“Suyun qiyməti bir neçə ay bundan əvvəl 2 dəfə artırıldı. Amma təəssüf ki, təminatda, o cümlədən xidmətin keyfiyyətində heç bir irəliləyiş olmadı. Bu dediklərimi təmsil etdiyim Şirvan şəhəri timsalında deyə bilərəm. Bu gün Şirvan şəhəri ciddi su problem ilə üz-üzə qalıb”.

Zafer Tv xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İltizamn Yusifov deyib.

Onun sözlərinə görə, məsələ günü-gündən dərinləşir, şəhər və rayonlarda insanlar su təminatından əziyyət çəkirlər.

“Siz təsəvvür edin, Kür çayı ortasından keçən bir şəhərin – Şirvan şəhərinin su təminatı yox səviyyəsindədir. İnsanlar əziyyət çəkir, yaşıllıqlar məhv olur. Hesab edirəm ki, problem suyun az olması, suyun çatmaması ilə bağlı deyil, məsələ idarəetmədədir”, – o qeyd edib.

Deputat əlavə edib ki, Dövlər Proqramı çərçivəsində vəsait ayrılır və iş “Azərsu” ASC  tərəfindən icra edilir: “İşi özü görür, xətti özü çəkir, heç kimə təhvil vermir və öz balansına qəbul edir. Heç kimə hesabat verilmir, heç kimə də məlum olmur ki, nə iş görüldü, nə qədər vəsait xərcləndi. Sonra da deyirlər ki, vəsait yoxdur, qaldı növbəti ilə… Yaxud bir su xətti sıradan çıxır və bütün əhali susuz qalır. Hamı gözləyir ki, Bakıdan maliyyə ayırsınlar, avadanlıq alıb gətirib həmin xətti bərpa etsinlər və nəticədə isə insanlar günlərlə, bəzən aylarla əziyyət çəkmiş olurlar. Belə idarəçilik olar? Məsələyə belə yanaşma olar?”

Millət vəkili hesab edir ki, ümumiyyətlə, su təhcizatı ilə bağlı məsələ düzgün təşkil olunmayıb:

“Birincisi, böyük xərc hesabına başa gələn içməli su ilə bağ və ya yaxud yaşıllıqları sulamazlar. İkincisi, əvvəllər şəhər və rayonlarda, o cümlədən Şirvan şəhərinin də özünün su təmizləmə, su kanal idarəsi var idi. Əhaliyə içməli su ayrı xətlə, məişətdə işlətmək üçün, yaşıllıqları suvarmaq üçün texniki su isə ayrı xətlə verilirdi. Necə ki bu gün bütün dünyada belədir. İnkişaf etmiş ölkələrdə hətta çirkab suları da təmizlənərək suvarma və s. təsərrüfat işləri üçün əhaliyə ucuz qiymətə verilir.

Biz nə etdik? Rayon və şəhərlərdə yerli su-təmizləyici idarələr ləğv edilərək, bütün infrastrukturu metallom kimi doğranılıb məhv edildi. Əvəzində bir mənbədən 100 km-lərlə məsafədən həmin şəhər və rayonlara içməli su verilir. Həmin xəttə də  hər hansı qəza olduqda onlarla şəhər və rayon susuz qalır. Texniki su xəttindən isə bu gün söhbət belə gedə bilməz, yoxdur.

Bu gedişlə su problemi getdikcə özünü daha da büruzə verəcəkdir. Hələ də gec deyil, Bu gün də həmin idarələri bərpa etmək olar.

Ölkə Başçısı cənab İlham Əliyevin keçən il bütün aidiyyatı qurumların iştirakı ilə müşavirə keçirdi. Ölkə başçısı tərəfindən təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planına görə aidiyyatı qurumlar 2020-ci ilin sonuna qədər Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməli idilər.

Mən aidiyyatı qurumlara sual edirəm. Hanı bizim alternativ yox, alternativsiz su mənbəyimiz? Hanı bizim alternativsiz su təhcizatımız?

Kanalizasiya ilə bağlı bircə onu demək kifayətdir ki, şəhərin kanalizasiyasının yarısı birbaşa Şirvan Kollektoru vasitəsilə Xəzər dənizinə, yarısı isə içməli su mənbəyimiz olan Kür çayına birbaşa axıdılır.

Mən aidiyyatı qurumların rəhbərini Şirvana dəvət edirəm. Gəlib baxa bilərsiniz. Gəlin və mənimlə birlikdə baxaq”.