“Ermənistan Makronun fətvası ilə bölgədə sabitliyi pozur” – Rusiyalı politoloq

“Fransa prezidenti Emmanuel Makron ilə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Parisdəki görüşdə Qarabağda sabitliyi pozmaq üçün qərarlar veriblər. Təəssüf ki, Fransa və şəxsən Makronun dəstək vədləri ilə bu planın həyata keçirilməsinə başlanılıb. Yenə də hərbçilər ölür, atəş səsləri eşidilir, Ermənistan sülhə can atmır, əksinə, vəziyyəti ağırlaşdırır.
Zafer Tv xəbər verir ki, bu sözləri Azvision.az -a rusiyalı politoloq, tarix elmləri namizədi, “Arxont” elmi jurnalının baş redaktoru Anton Bredixin Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə yeni silahlı təxribatlarını şərh edərkən deyib.

– Paris müharibənin onun iştirakı olmadan dayandırılmasından narazı qalıb. Fransa bölgədə güclənməsini, özünün, Avropa və Amerika qoşunlarının gətirilməsini istəyir. Bunun üçün isə səbəb lazımdır. Fransız “strateqləri” müntəzəm təxribatlardan və bəlkə də açıq hərbi əməliyyatlardan daha yaxşı bir şey düşünə bilməyiblər,- Bredixin deyib.

Ekspert əlavə edib ki, nə Azərbaycan, nə də Rusiya təxribatlara seyirçi qalacaqlar: “Yeganə sual budur ki, təxribatlar və hərbi əməliyyatlar davam edərsə, Qərb öz qoşunlarını regiona göndərəcəkmi? Şübhəsiz ki, Qarabağ ərazisinə deyil, Ermənistan torpaqlarına. Lakin Paşinyan bunu nə qədər istəsə də, Rusiya heç bir NATO üzvünə bu icazəni verməyəcək”.