Bakıdakı universitetlər Qarabağa köçürülsün?!

Dünyanın əksər ölkələrinə nəzər salsaq görərik ki, işçi kütləsinə malik olan böyük müəssisələrin əsasən bölgələrdə, şəhərin mərkəzindən kənarda yerləşdirilməsinə çalışırlar. Hətta bu məqsədlə böyük sənaye parkları paytaxt ətrafı ərazilərdə qurulur. Burada əsas məqsəd bölgələrin inkişafına zəmin yaratmaq, yeni iş yerlərinin açılmasına nail olmaq və ən əsası paytaxta kütləvi əhali axınının qarşısını almaqdır.

Eyni zamanda, böyük təhsil müəssisələrinin, univerisitetlərin və institutların tək paytaxtda deyil, bölgələrdə də fəaliyyət göstərməsi dünyada yeni təcrübə deyil. Universitetlərin şəhərin mərkəzindən bölgələrə köçürülməsi ilə bağlı layihələr bir çox ölkələrdə tətbiq olunub. Belə ki, qardaş Türkiyə bu istiqamətdə bir çox uğurlu layihələr həyata keçirməkdədir.

Azərbaycanda isə vəziyyət xeyli fərqlidir. Belə ki, bütün təhsil ocaqları, iri müəssisələr paytaxt Bakıda yerləşir. Dəfərlərlə ali təhsil ocaqlarının regionlara köçürülməsi təklif olunsa da, indiyədək bunu reallaşdırmaq mümkün olmayıb. Buna baxmayaraq, Bakıdakı bəzi universitetlərin paytaxtdan çıxarılması təklifi bu gün də gündəmdədir. Lakin bu dəfə təhsil müəssisələrinin 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərə köçürülməsi təklif olunur. Bildirilir ki, indiki şərait universitetlərin Qarabağa köçürülməsini və ya Qarabağda filialının açılmasını zəruri edir. Həmçinin əhalinin daha sürətli məskunlaşmasına nail olmaq üçün Qarabağ bölgəsində yeni ali təhsil müəssisələrinin açılması vacib hesab olunur.

Maraqlıdır, paytaxt Bakıda fəaliyyət göstərən ali təhsil ocaqlarının Qarabağa köçürülməsi, yaxud orada yeni filialının açılması mümkündürmü?

Zafer Tv xəbər verir ki, Milli Məclisin Cəbrayıldan seçilən deputatı Ceyhun Məmmədov Modern.az-a bildirib ki, universitetlərin köçürülməsindən çox, bölgələrdə yeni təhsil ocaqlarının açılmasının tərəfdarıdır.

“Bu gün biz dünya təcrübələrinə baxanda görürük ki, böyük şəhərlərin əksəriyyətində ayrıca universitetlər fəaliyyət göstərir. Bu da əhalinin paytaxta axınının qarşısını müəyyən qədər alır. Vətəndaşlar yaşadığı əyalətlərdə rahat şəkildə təhsil ala bilirlər.

Bu istiqamətdə bizdə də müəyyən addımlar atılıb. Mən hesab edirəm ki, Gəncədə, Lənkəranda, Naxçıvanda olduğu kimi digər bölgələrdə də filiallar açıb, yeni təhsil ocaqları yaratmalıyıq. Xüsusilə də azad olunmuş ərazilər buna zərurət yaradır. Düşünürəm ki, Qarabağda ayrıca universitet yaradaraq, həm məskunlaşmanın sürətlənməsinə, həm də tələbələrin həmin bölgədə təhsil almasına şərait yarada bilərik.

Digər məsələ isə bildiyimiz kimi, Qarabağ muğamın beşiyidir. Belə ki, biz Qarabağda universitetlərin açılmasından danışırqsa, ilk növbədə Musiqili Akademiyanın Qarabağa köçürülməsi fikri nəzərdən keçirilməlidir. Deyə bilərəm ki, Bakının mərkəzində yerləşən universitetlərin bölgəyə köçürülməsi ilə bağlı müəyyən tərəddüdlərim var. Bunun həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Mənim fikrimcə, Qarabağda ayrıca bir universitetin yaradılması məsələsi idarəçilik baxımından daha effektli ola bilər”- deyə deputat fikirlərini belə əsaslandırıb.

Təhsil eksperti Kamran Əsədov isə qeyd edib ki, paytaxtda məşğulluğun və sıxlığın aradan qaldırılması üçün ali təhsil ocaqlarının bölgələrə köçürülməsi vacibdir:

“İlk növbədə qeyd edim ki, Azərbaycanda hazırda 51 ali təhsil müəssisəsi var. Etiraf edək ki, bütün ali təhsil müəssisələrinin paytaxt Bakıda yerləşməsi bir çox çətinliklər yaradır. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi bir çox ali təhsil müəssisələrimizin bölgələrə köçürmək imkanı verəcək. Dünya təcrübəsinə də nəzər salsaq, görərik ki, ali təhsil müəssisələri məskunlaşmanın sürətini artıran birinci amildir.

Azərbaycanda 2013-cü ildə qəbul edilmiş “Təhsil İnkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunur ki, regionlarda ali təhsil müəssisələrinin yaradılması əsas konsepsiya hesab edilməlidir. Torpaqlarımızın işğaldan azad edilməsi buna daha da imkan verir”.

Ekspertin fikrincə, Bakıda məşğulluğun, eyni zamanda məskunlaşmanın aradan qaldırılması üçün mərkəzdə yerləşən ali təhsil müəssisələri bölgələrə köçürülməlidir. Bundan əlavə, Qarabağ ərazisində yaradılması nəzərdə tutulan universitetlər həmin bölgənin kadr ehtiyacını qarşılaya bilər.

“İlk növbədə bizim Qarabağ ərazisində yaratmağı nəzərdə tutuduğumuz universitetlər həmin bölgənin kadra olan ehtiyaclarını həll etməlidir. Sovetlər dönəmində Qarabağ ərazisində yalnız Xankəndində Pedaqoji Universitet və Şuşada kollec var idi. Bu yetərli deyil. Ona görə də Qarabağda kadrlara olan ehtiyacın aradan qaldırılması, azərbaycanlı kadrların daim yüksək vəzifədə olması üçün həmin ərazilərdə ilk növbədə hüquq, mühafizə orqanları, memarlıq və inşaat, kənd təsərrüfatı ixtisaslarını açmalıyıq. Biz bilirik ki, məskunlaşmanın fonunda orada müəllim ehtiyacımız olacaq. Və pedaqoji kadr ehtiyacının aradan qalxması üçün paytaxtın mərkəzində yerləşən Pedaqoji Universiteti Qarabağa köçürməliyik”.