Azərbaycanın da səbr limiti bəlli bir nöqtəyə qədərdir

Ermənilərin son günlər Azərbaycana qarşı təxribatları daha da artıb. Onların bir əsgərimizi bıçaqla yaralaması, başqa bir əsgərimizi isə əsir götürməsi, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yanğınlar törətməyə cəhd etməsi məqsədyönlü şəkildə təşkil olunmuş təxribatlardır. Bu təxribatlar planlı şəkildə və bir mərkəzdən idarə olunur. Və bu təxribatlar bir çox hallarda məhz Rusiya sülhməramlılarının məsuliyyət zonasında baş verir. Lakin sülhməramlılar bu təxribatların qarşısını almaq və 10 noyabr anlaşmasının 4-cü bəndindən irəli gələrək Ermənistan ordusunun Qarabağda qalmaqda davam edən hərbi birləşmələrinin tərksilah edilməsi, eləcə də onların ərazidən çıxarılması üçün demək olar ki, heç bir addım atmır, xüsusi səy göstərmir. Əksinə, Kreml sülhməramlıların nəzarətində olan ərazilərdə sözügedən erməni hərbçilərinin təşkilatlanmasında və silahlandırılmasında maraqlı kimi görünür. Bəli, Rusiya hazırda təkcə Ermənistan ordusunu deyil, Azərbaycan ərazilərindəki erməni hərbi birləşmələrini də silahlandırır.

Proseslərin gedişatı onu göstərir ki, Rusiya ərazinin demilitarizasiyasında, sülhməramlıların nəzarətində olan ərazilərimizin erməni silahlılarından, separatçı və terrorçu dəstələrdən təmizlənməsində, Qarabağda sabitliyin bərqərar olunmasında, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında qətiyyən maraqlı deyil. Əksinə, Rusiya regionda vəziyyəti mümkün qədər destabilizə etməyə, Azərbaycan və Ermənistanın öz aralarında razılığa gəlməsinin qarşısını almağa çalışır. Son günlər təxribatların artması da ilk növbədə bundan irəli gəlir. Ən maraqlısı da budur ki, bu iki ölkə arasında gərginlik gündən-günə artır və erməni təxribatları səngimək bilmir, lakin Rusiya isə vasitəçi olduğunu və dərhal hərəkətə keçməli olduğunu sanki qəsdən unudur. Rusiya nə vasitəçi statusunda, nədəki sülhməramlı statusunda hər hansı bir addım atmağa tələsmir. Nəticədə Azərbaycan tərəfi özü hərəkətə keçmək , adekvat cavab tədbirləri görmək məcburiyyətində qalır. Hadisədən dərhal sonra Azərbaycan tərəfinin Gorus-Qafan yolunu bağlaması da məhz həmin tədbirlərdən biridir.

Bu yolun bağlanması Ermənistana çox ciddi mesajdır. Təxribatlara son qoyulmayacağı təqdirdə, Azərbaycan hətta Laçın dəhlizini də bağlaya və anti-terror əməliyyatı da keçirə bilər. Hazırda rəsmi Bakı bu variantları da nəzərdən keçirir. Çünki Ermənistanın revanşist cəhdlərinin gün-gündən intensivləşməsi, Rusiya sülhməramlılarının isə tam fəaliyyətsizliyi Azərbaycan tərəfinə başqa bir yol buraxmır. Hər üç təxribatdan açıq-aşkar görsənir ki, Rusiya başda olmaqla, Minsk Qrupunun həmsədri olan ölkələr Ermənistanı yenidən Azərbaycanla müharibəyə təhrik etmək istəyirlər. Bu təxribatlar Ermənistanın əli ilə Azərbaycana qarşı təşkil edilən “əsəb müharibələri”dir. Beynəlxalq hüququn qorunması üçün məsuliyyət daşıyan bu ölkələr Ermənistanın ardıcıl olaraq Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar nəticəsində beynəlxalq hüququn prinsip və normalarının, eləcə də 10 noyabr razılaşmasının şərtlərinin kobudcasına pozulmasına göz yumurlar.

Lakin Azərbaycanın da səbr limiti bəlli bir nöqtəyə qədərdir. Azərbaycan Ermənistan kimi satellit, oyuncaq ölkələrin təxribatlarına necə cavab verməyin yollarını yaxşı bilir. Ermənistanı təxribatlara təhrik edən havadarları təkcə Paşinyan iqtidarının yox, bütün Ermənistanın taleyi ilə oynayırlar. Əgər Paşinyan sonda İrəvanın mərkəzi meydanında erməni xalqı tərəfindən linç olunmaq istəmirsə, o hazırda Ermənistanın havadarları rolunda çıxış edən həmsədr ölkələrin təhriklərinə uymaq əvəzinə, üçtərəfli Bəyanatın bütün bəndlərinin qeydsiz-şərtsiz yerinə yetirilməsi üçün təcili hərəkətə keçməlidir. Paşinyanın başqa yolu yoxdur!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri