Aşkarlanmış kütləvi məzarlıqda kimlər basdırılıb? – “Ola bilsin ki…”

“Azərbaycan bununla bağlı BMT Təhlükəsizlik Şurasına, Beynəlxalq Cinayət Məhkəməsinə ərizə təqdim etməlidir”.

Zafer Tv xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanmasına münasibət bildirərkən, beynəlxalq hüquq eksperti Fərhad Mehdiyev deyib:

“Ola bilsin, kütləvi məzarlıqda tapılan meyitlər Xocalıda qətlə yetirilmiş şəxslərə məxsusdur. Bu, bir soyqırım aktıdır. İtkin düşmüş şəxslərin qohumlarından DNT analizi götürülməlidir”.

Həmsöhbətimiz aşkarlanmış faktla bağlı İrəvanı beynəlxalq məhkəməyə verməyin yollarını da göstərib:

“Buna görə Ermənistanı birbaşa beynəlxalq məhkəməyə verə bilməyəcəyik. Soyqırım cinayəti törədən şəxslərin beynəlxalq məhkəməyə verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsi üzrə “Roma statusu”nu imzalamalıyıq. Amma nə Azərbaycan, nə də Ermənistan bunu etməyib. Ya da bununla bağlı Beynəlxalq Cinayət Məhkəməsində baxılması üçün BMT Təhlükəsizlik Şurası qərar verməlidir. Digər tərəfdən, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru öz təşəbbüsü ilə bu işə girişməlidir. Azərbaycan kütləvi məzarlıqlarda tapılan cəsədlərin şəxsiyyətini müəyyənləşdirdikdən sonra Ermənistan barədə tədbirlər görülməsi üçün yuxarıda qeyd etdiyim platformalara ərizə təqdim etməlidir”.