MILLI HƏMRƏYLIK PARTIYASI BƏYANAT YAYIB

Biz 27 sentyabr – Anım Günü ərəfəsindəyik. İkinci Qarabağ savaşının başlandığı 27 sentyabr 2020-ci il tarixindən bizi artıq bir illik zaman ayırır. Bu müharibənin başlanmasının birinci ildönümününün tamam olması ərəfəsində fürsətdən istifadə edib bir sıra həqiqətləri həm bütün azərbaycanlıların, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik.

Hər şeydən öncə həqiqətləri təhrif etməyə, tarixi saxtalaşdırmağa və feyk-xəbər yaymağa öyrəşmiş, vərdiş etmiş Ermənistan dövlətinin və erməni KİV-lərinin iddiasını təkzib edərək bir daha bildiririk ki, İkinci Qarabağ müharibəsinin təhrikçisi, qızışdırıcısı rolunda məhz təcavüzkar Ermənistanın məsuliyyətsiz hərbi-siyasi rəhbərliyi çıxış edib. Bunun isbatı kimi isə ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə ərəfəsindəki avantürist davranışlarını, təxribatçı açıqlamalarını, davakar ritorikasını yada salmaq bəs edər. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, talan edən bir ölkənin “demokrat” obrazına bürünmüş bu yeni rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün real addımlar atmaq əvəzinə, əksinə, “Qarabağ Ermənistandır, vəssalam” tipli məsuliyyətsiz şüarlar səsləndirməklə, Azərbaycanın tarixi şəhəri, mədəniyyət paytaxtımız olan Şuşa şəhərində içkili vəziyyətdə rəqs edib azərbaycanlıların milli hisslərinə toxunmaqla və 2020-ci ilin 3-4 iyul tarixlərində Tovuz rayonu istiqamətində sərhədlərimizə hücum edib, ərazidən keçən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərinə təhlükə yaratmaqla yeni müharibənin başlanması üçün zəmin yaratdı.

Tarixə “İyul döyüşləri” və yaxud “Tovuz döyüşləri” kimi düşən Ermənistan-Azərbaycan sərhədində baş verən həmin qarşıdurmadan sonra Cənubi Qafqaz regionunda vəziyyət olduqca mürəkkəbləşdi və bu gərginlik öz kulminasiya nöqtəsinə sentyabrın 27-də çatdı. Beləliklə, Ermənistanın permanent xarakter daşıyan diversiyaları, atəşkəsi pozma halları, çeşidli təxribatları sonda genişmiqyaslı müharibəyə çevrildi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhənin bütün istiqamətlərindən hücuma keçməsi Azərbaycan Ordusunun əks-hücuma başlamasını zərurətə çevirdi. Öz ərazi bütövlüyümüzü qorumaq bizim mənəvi borcumuz və haqq işimiz idi. 44 gün davam edən bu müharibədə Azərbaycan mütləq qələbə qazandı. Noyabrın 8-də strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra Ermənistan təslim olmaq və 10 noyabrda kapitulyasiya sənədini – üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Ermənistanın böyük dövlətlərin simasında güclü havadarlara malik olması və eyni zamanda dünyada güclü erməni diasporunun, erməni lobbbisinin mövcudluğu bu ölkənin 44 günlük müharibədə məğlubiyyətinin qarşısını ala bilmədi. Çünki Ermənistan işğalçı idi və bu müharibə onun üçün ədalətsiz müharibə sayılırdı. Ədalətsiz müharibələr isə həmişə bir qayda olaraq işğalçılar üçün rüsvayçı məğlubiyyətlə nəticələnir. Dünya hərb tarixində də bunun çoxlu örnəklərinə rast gəlmək mümkündür.

İkinci Qarabağ müharibəsi azərbaycanlılar üçün isə Vətən müharibəsi idi. Haqqımızı qorumağa çağırış edən “Dəmir yumruq” şüarı da məhz bu səbəbdən Vətən müharibəsinin rəmzinə çevrildi. Əlbəttə, Azərbaycanın bu müharibədə qələbə qazanmasında həlledici rol oynayan bir çox amillər var. Şübhəsiz ki, bunların önündə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı səviyyəsinə malik olması və Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səyləri gəlir. Xalq-Ordu birliyinin, Xalq-Lider birliyinin mövcudluğu da, milli və siyasi həmrəylik də qələbəmiz üçün vacib şərtlər idi. Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindəki genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın birgə dəstək bəyanatı imzalayaraq Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi və Orduya dəstək nümayiş etdirməsi də bütün dünyaya göstərdi ki, Qarabağın işğaldan azad edilməsi məsələsində Azərbaycanın bütün siyasi qüvvələri dövlətin yanındadır, dövlətlə eyni mövqedən çıxış edir. Məhz bu birlik, həmrəylik ruhu ilə Azərbaycan döyüş meydanına qədəm basdı və Zəfərə imza atdı. 27 sentyabrdan başlanan bu şərəfli yol Qələbəmizlə başa çatdı, torpaqlarımız mənfur erməni faşizminin işğalından azad edildi.

İndi Azərbaycanda yeni dövr başlayıb. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz istər cəmiyyətimizin həyatında, istərsə də Azərbaycanın dövlətçiliyi üçün tamamilə yeni bir mərhələnin, yeni dövrün başlanğıcının əsasını qoyub. İndi biz yeni reallıqlarla üz-üzəyik. Bu dövr sülh, sabitlik, təhlükəsizlik və davamlı tərəqqi dövrüdür. Və bu mərhələdə Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr, yeni hədəflər dayanır. Müharibədən sonrakı dövrdə Azərbaycan qısa zamanda işğaldan azad olunan torpaqlarda böyük bərpa-quruculuq işlərinə başlayıb, çeşidli infrastruktur layihələri həyata keçirir. Ərazilərimizin minalardan təmizlənməsi işi sürətlə aparılır, məcburi köçkünlərin öz yurdlarına geri qayıtması üçün işlər görülür.

İndi bu torpaqlarda yeni həyat başlayıb. İşğaldan azad edilmiş ərazilərimizə yeni həyat gətirən bərpa və quruculuq işlərinin miqyasının genişliyini bu ərazilərə səfər edən xarici diplomatlar və jurnalistlər də etiraf edirlər. Hər kəs görür ki, Azərbaycan start verdiyi bu nəhəng quruculuq işləri ilə bir daha qurucu, yaradıcı xalq olduğunu təsdiqləyir. 21-ci əsrdə faşizmin beşiyinə çevrilmiş Ermənistan işğal etdiyi bu torpaqlarda 30 il ərzində yalnız dağıdıcılıqla, talançılıqla məşğul olurdusa, su qovşaqlarını, elektrik xətlərini, qəbirüstü daşları, muzeyləri və məscidləri söküb aparırdısa, Azərbaycan isə indi bu ərazilərdə “ağıllı şəhər”, “yaşıl iqtisadiyyat” innovasiyalarına əsaslanan nümunəvi yaşayış məskənləri salır, fəaliyyət sahələri yaradır.

Ermənilərin vandallığını, vəhşi qəbilə psixologiyasını görmək və tanımaq üçün dünyanın istənilən siyasi liderinin, diplomatının, ədəbiyyat adamlarının, blogerlərinin yalnız Ağdamı ziyarət etmələri kifayət edər. Bu şəhər məhz ermənilərin dağıdıcı, yırtıcı xislətinin nəticəsi olaraq əcnəbi jurnalistlər tərəfindən “Ruhlar şəhəri” adlandırılıb. Xirosimanı atom bombası məhv edibsə, Ağdamı “insan” adlandırılan ermənilər öz əlləri ilə xarabalığa çevirib. Bu baxımdan, dünya ermənilər ilə azərbaycanlıların real fərqini görür. Ona görə də dünya Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti yürütməsinin ağır nəticələrinə mütləq adekvat qiymət verməlidir. Həmçinin Ermənistanın revanşizmə can atmasına, sərhədlərin delimitasiyası və demarkasiyasını süni surətdə ləngitməsinə, mina xəritələrinin hamısının Azərbaycana təhvil verməkdən cürbəcür bəhanələrlə yayınmasına, 10 noyabr razılaşmasının digər şərtlərini yerinə yetirməkdən boyun qaçırmasına, rəsmi İrəvanın Azərbaycan Prezidentinin sülh çağırışlarına qeyri-səmimi, destruktiv münasibət sərgiləməsinə də dünya birliyi öz obyektiv mövqeyini ortaya qoymalıdır.

30 il ərzində münaqişənin çözülməsi üçün heç bir əməli iş görməyən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də həmsədr ölkələrin İrəvandakı səfirləri də “status” məsələsini ciddi-cəhdlə yenidən gündəmə gətirməklə bölgədə separtaçılıq meyllərini körükləmək və Ermənistanı revanşizmə sövq etməkdən əl çəkməlidirlər. Azərbaycan Prezidentinin də bildirdiyi kimi biz bu münaqişəni artıq hərb yoluyla çözmüşük, münaqişə artıq yoxdur. İndi istər həmsədr ölkələr, istərsə də BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar Ermənistanı konstruktiv siyasət yürütməyə dəvət etməli və onu sülhə məcbur etməlidirlər.

Həmçinin bəzi qonşularımız da bu və ya digər üsullarla Ermənistanı silahlandırmaqdan, Xankəndiyə qeyri-qanuni yüklər daşımaqdan, Zəngəzur dəhlizinin açılmasına süni əngəllər yaratmaqdan, Azərbaycanın Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirməsini qısqanclıqla qarşılamaqdan əl çəkməlidirlər. 44 günlük müharibədəki qələbəsi ilə Cənubi Qafqazda faşizmin və terrorçuluğun, işğalçılıq siyasətinin önünü kəsən, bölgəyə sülh və sabitliyin gəlişi üçün zəmin yaradan Azərbaycanın istər qonşularından, istərsə də beynəlxalq təşkilatlardan adekvat münasibət gözləməyə haqqı çatır.

Azərbaycan Cənubi Qafqazın daimi münaqişələr bölgəsi yarlığından qurtulub sülh, dostluq və əməkdaşlıq regionuna çevrilməsini istəyir. “Altılıq platforması”nın məhz Azərbaycan lideri tərəfindən irəli sürülməsi də ölkəmizin gerçək sülhsevərlik niyyətlərini təsdiqləyir. Odur ki, istər rəsmi Bakı, istərsə də Azərbaycanın bütün siyasi qüvvələri bu niyyətlərimizin düzgün qiymətləndiriləcəyinə ümid bəsləyir. İndi müharibəyə və terrora can atan ölkələri deyil, sülhə çağırış edən, əməkdaşlıq təklif edən ölkələri dəstəkləməyin zamanıdır. Dünya və qonşularımız nəhayət ki, işğalçı Ermənistan ilə sülhsevər Azərbaycan arasında düzgün seçim etməyi bacarmalıdır.