İnam üçün layla…

Adlara baxıram: Elçin, Anar, Əli, Elcan, Ayaz, Nail, Aslan, İlham, Murad…

Bu adlar 44 günlük Vətən müharibəsində canlarını bu Vətən uğrunda fəda etmiş şəhidlərimizdən adlarıdır. 2903 nəfərdi Vətən şəhidlərimiz. Bir-birindən maraqlı, mənalı, düşündürücü adları var.

Bəlkə də gələcəkdə kimsə şəhid adlarını da ayrıca bir mövzu kimi araşdıracaq. Çünki şəhidlik hər ada və hər adın sahibinə qismət olmur. Bu, yalnız seçilmiş insanların bəxtinə yazılmış missiyadır. Və bu insanların hər biri film kimi həyat yaşamış insanlardır.

Mən isə bu kiçik yazıda 2903 SEÇİLMİŞ`dən birinin – İnam adlı şəhidimizin həyat filminin son bölümü haqda danışmaq istəyirəm. Bu bölüm İnamın şəhadətə qovuşmasından sonra araya-ərsəyə gəlib. Şəhidlərin həyatının şəhadətə qovuşduqdan sonra da davam etməsinə əmin olmaq üçün İnamın şəhadətdən sonrakı həyat hekayəsini dinləmək, izləmək kifayət edər.

İnam Baxşəliyev 20 fevral 1993-cü ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. Və həddindən artıq imkansız bir ailədə böyüyüb, boya-başa çatıb İnam. Ailəsinin dolanışığını təmin etmək üçün o, lap erkən yaşlarından əməyə qatlaşıb, fəhləlik edib, alın təri ilə pul qazanıb.

Yüksək əxlaqı, tərbiyəsi ilə də həmişə yaşıdları arasında seçilib, rəğbət qazanıb.

İnam böyük bir həyat eşqi ilə ailə qurub, həyata tutunub. Lakin toyundan cəmi üçcə ay sonra Vətən müharibəsi başlayıb.

İnam Baxşəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsinə könüllü olaraq qatılıb. 9 oktyabr 2020-ci ildə İnam Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə erməni faşistlərinə qəhrəmanlıqla döyüşərək şəhid olub.
Vətən qarşısında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İnam Baxşəliyev dövlət başçısı tərəfindən ölümündən sonra “Vətən uğrunda” medalı ilə, döyüş tapşırıqlarını yerinə yetirərkən mərdlik və igidlik göstərdiyinə görə isə “İgidliyə görə” medalı ilə təltif edilib.

İnam doğulduğu Kövüzbulaq kəndində dəfn edilib. Bu kənd qədim kənddir. Və Kövüzbulaq camaatı ulularımızdan miras qalan adətləri, ənənələri bu gün də yaşatmağı ilə fərqlənir. Bu kənddən Vətən müharibəsində dörd əsgər şəhid olub. Kənd camaatı yığışaraq öz imkanları ilə həmin şəhidlərin məzarlarının üstünü abadlaşdırıb və o məzarları daimi ziyarət ünvanına çevirib.

İnamın məzarının ziyarətgaha çevrilməsində isə qeyri-adi bir hadisə də mühüm rol oynayıb.

Belə ki, kənd camaatının həmin məzarların üzərində dam örtüyü qurmasından sonra bir göyərçin İnamın məzarı başında özünə yuva qurub. Və bu hadisənin daha da heyrətamiz cəhəti ondadır ki, həmin göyərçin yuvanın qurulmasında tikanlı məftildən də istifadə edib. Dünyada sülhün rəmzi kimi tanınan bir göyərçin indi öz balalarını şəhid məzarı üzərində tikanlı məftillərdən qurduğu yuvada bəsləyir.

Qəribədir, məzarın lap yaxınlığında açıq eyvanı olan bir çox evlərin olmasına baxmayaraq bu göyərçin nə üçün məhz şəhid məzarına sığınıb? Göyərçinin bu seçiminin əlbəttə, çox dərin anlamı var. Göyərçinlər həmişə mübarək məkanları seçərlər. Onlar şəhidlərin ölməzliyinin işarətidir. Göyərçinlər haqq uğrunda canlarını fəda edənləri heç vaxt yalnız buraxmazlar. Odur ki, göyərçinlər təkcə sülhün deyil, həm də şəhadətin rəmzi kimi tanınır.

Göyərçini bu məzarın başına çəkib gətirən bir qüvvə də yəqin ki, İnam adının enerjisidir.İnam bir haqq aşiqinin, bir mübarək şəhidin ismidir. Göyərçinlər haqq aşiqlərini sevərlər.

İnamın məzarı bax beləcə, hamının ürəklərini yandıran bir məkana çevrilib. Kövüzbulağın qocası da, cavanı da hər gün o məzarı ziyarət edir, İnam üçün və bütün şəhidlərimiz üçün dualar oxuyur, məzarı göyərçinə əmanət edib, qəlblərində ağır bir nisgillə evlərinə dönürlər.

Keşməkeşli həyat yaşamış bir gəncin ikinci həyatı – Şəhidlik ömrü insanların duaları, göyərçinin laylası ilə davam edir…

Bəybala Mirzəyev