Hazırda Zəngilanda ölkəmizdə bir ilk sayılan “Ağıllı kənd” pilot layihəsi sürətlə icra edilməkdədir

Ötən ilin bu günlərini hamımız yaxşı xatırlayırıq. Həmin günlərdə Prezident və Ali Baş Komandan İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş xəbərləri hər gün xüsusi səbirsizliklə, böyük həyəcan hissilə gözləyirdik. Öz ərazi bütövlüyünü qarış-qarış bərpa edən ölkəmiz hər gün Qələbə ovqatı ilə yaşayırdı. Qələbə xəbərləri hər gün biri-birini əvəz edirdi. Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən sonra, 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan şəhərinin və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin mənfur erməni işğalından azad edildiyini elan etdi.

Zəngilan uğrunda aparılan ağır döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi və beləliklə, Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi. Bütün Azərbaycan daha bir xoş xəbərə sevindi. Dövlətimizin başçısının həmin gün Zəngilanın işğaldan azad olunması ilə bağlı müraciətində Şanlı Ordumuzun qəhrəmanlığından qürur duyduğunu sezməmək mümkün deyildi. Prezident bu şad xəbəri xalqımıza sevinc və qürur hissilə bildirdi və hər birimiz onun sevincinə şərik olduq.

İndi o möhtəşəm Qələbə xəbərlərindən bir il ötür. Qələbədən sonra ötən bir il ərzində cənab Prezident Zəngilan rayonuna 3 dəfə səfər edib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş digər ərazilərində olduğu kimi Zəngilanda da Prezident İlham Əliyev aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə şəxsən özü nəzarət edir. Böyük Qayıdışın icrası üçün ölkəmizin bütün mövcud potensialları səfərbər edilib. Belə ki, aparılan sürətli bərpa və quruculuq işləri nəticəsində Zəngilan rayonunda bir neçə aydan sonra artıq keçmiş məcburi köçkünlərin bir hissəsini yerləşdirmək mümkün olacaq. Bu məqsədlə hazırda Zəngilanda ölkəmizdə bir ilk sayılan “Ağıllı kənd” pilot layihəsi sürətlə icra edilməkdədir.

Bildiyimiz kimi bu ilin aprel ayında Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı orada “Ağıllı kənd” layihəsinin təməlini qoyub. Bu, müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf və yaşam modelidir. Layihə Zəngilanın 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlərdə bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “ağıllı kənd”in hansı üstünlüklərə və imkanlara malik olmasından xəbər verir. “Ağıllı kənd” konsepsiyasına əsasən, bütün iqtisadi fəaliyyətlər elektronlaşdırılacaq. Suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi bütün proses avtomatlaşdırılacaq və bir mərkəzdən idarə olunacaq. Bunün üçün ən qabaqcıl texnologiyaların tətbiqi nəzərdə tutulur.

Həmçinin həmin kəndlərdə alternativ enerji mənbələrindən və müasir nəqliyyat sistemindən istifadə ediləcək. Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilan xüsusi rol oynayacaq. Çünki Zəngilanda günəş enerjisinin həqiqətən də böyük potensialı var. Bütün bu işlər “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları üzrə həyata keçiriləcək. Bu gerçəkdən də unikal bir sistemdir. Bu sistem bölgənin simasını kökündən dəyişəcək və bütövlükdə ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq. “Ağıllı kənd” sisteminin tətbiq edildiyi Zəngilanın sözügedən kəndi bütün Cənubi Qafqazda ilk kənd kimi tarixə düşəcək.

Zəngilanda həyata keçirilən digər böyük layihələr də buranı təkcə Şərqi Zəngəzurun deyil, ümumən Cənubi Qafqazın əsas logistik mərkəzlərindən birinə çevirəcək. Belə ki, Zəngilanda inşa olunacaq hava limanı hətta bütövlükdə bu bölgənin özünü beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün əlverişli imkanlar yaradacaq. Həmçinin sovet dövründə buradan keçən dəmir və avtomobil yollarının bərpası isə birbaşa Naxçıvana yol açacaq. Odur ki, buradan keçən Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyətli yol kimi böyük önəm daşıyır. Hazırda Zəngilanı Naxçıvanla ayıran yeganə maneə cəmi 40 kilometr uzunluğu olan Zəngəzur dəhlizidir. Dövlətimizin başçısı bu maneənin aradan götürülməsi və Zəngəzur dəhlizin açılması üçün bütün səylərini səfərbər edib.

Zəngəzur dəhlizi ölkəmizin və bütün Türk Dünyasının gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Dəhlizin açılması təkcə Azərbaycan və Türkiyə üçün deyil, elə Ermənistanın özü üçün də yeni iqtisadi perspektivlər yaradacaq. Həmçinin Rusiya, İran, Gürcüstan da bu dəhlizin imkanlarından geniş surətdə yararlana biləcək. Bu dəhlizin açılması hətta Çin üçün də strateji əhəmiyyət daşıyır. Ən əsası isə sözügedən dəhliz vasitəsilə Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanın qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra isə Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirilməsi Azərbaycanın növbəti ən böyük tarixi nailiyyətlərindən biri olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support