MHP sədri Prezident İlham Əliyevə məktub ünvanladı

MHP sədri Prezident İlham Əliyevə məktub ünvanladı

Milli Həmrəylik Partiyasının (MHP) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

MHP mətbuat xidməti xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident və Ali Baş Komandan,

Azərbaycan xalqı 30 il davam edən işğalın və ədalətsizliyin qarşısında sınmadı, sarsılmadı. Xalqımız və Ordumuz Sizin rəhbərliyinizlə torpaqlarımızı işğaldan azad etdi, tarix yazdı. Bu Qələbə Azərbaycanımızın gəlmiş-keçmiş tarixinə qızıl hərflərlə həkk olunub. Qüdrətli Azərbaycan Ordusu Ermənistanın dövlət siyasətinə çevrilmiş erməni faşizminə ağır zərbə endirməklə son 30 ildə və ondan əvvəlki tarixlərdə xalqımızın başına gətirilən müsibətlərin qisasını aldı. Murovdağın, Suqovuşanın, Hadrutun, Cəbrayılın, Füzulininin, Zəngilanın, Qubadlının, Ağdamın, Kəlbəcərin, Laçının, Şuşanın işğaldan azad edildiyi günlər təkcə keçmiş məcburi köçkünlərin deyil, bütün millətin bayramına çevrildi.

8 Noyabr – Zəfər Günü münasibət ilə həm Sizi, həm qəhrəman əsgər və zabitlərimizi, həm də bütün Azərbaycan xalqını, o cümlədən dünyadakı bütün soydaşlarımızı Milli Həmrəylik Partiyasının adından ürəkdən təbrik edir, əziz şəhidlərimizin ruhları qarşısında isə baş əyirik.

Siz “Qarabağ Azərbaycandır!” dediniz və bunu həqiqətən də isbat etdiniz. Bu gün azad edilmiş ərazilərdə çox böyük sürətlə yenidənqurma, bərpa və abadlaşdırma işləri aparılır. Tezliklə Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən müasir və nümunəvi bir guşəsinə çevriləcək, soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq. Qarşıda isə daha böyük milli hədəflərimiz var. Sizə qüdrətli, Bütöv Azərbaycanımız yolunda gələcək qələbələrimiz naminə yeni-yeni uğurlar diləyir və “Biz birlikdə güclüyük” çağırışına, milli birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq yürütdüyünüz siyasətə bir daha öz dəstəyimizi ifadə edirik.

Yaşasın qalib Azərbaycan!”

Page Reader Press Enter to Read Page Content Out Loud Press Enter to Pause or Restart Reading Page Content Out Loud Press Enter to Stop Reading Page Content Out Loud Screen Reader Support