Bu gün Ağdam rayonunun işğaldan azad olunmasının bir ili tamam olur

Bu gün Ağdam rayonunun işğaldan azad olunmasının bir ili tamam olur. Bu həm ağdamlılar üçün, həm də bütün xalqımız üçün mühüm tarixi hadisədir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağın açarı və qeyrət qalası sayılan Ağdamı işğal etmək mənfur erməni faşizminin əsas hədəflərindən biri olub. Ona görə də Ağdam uğrunda düz 42 gün amansız döyüşlər getdi. Ağdamın müdafiəçiləri bu rayonu ayaqda saxlamaq üçün sonuna qədər mübarizə apardılar. Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsi zamanı ən çox şəhid verən rayon da məhz Ağdamdır. Ağdamın 6 min nəfərdən çox şəhidi var. Bu rəqəm Ağdam uğrunda necə qızğın döyüşlərin getdiyindən xəbər verir. Lakin qüvvələr nisbəti qeyri-bərabər olduğuna görə, işğalçı Ermənistanın silahlı qüvvələri 1993-cü il 23 iyul tarixində rayon ərazisinin 73 faizinin işğal etməyə müvəffəq oldular.

Ağdamın işğalı dünya ictimaiyyəti tərəfindən yekdil şəkildə qınanılmış, ATƏT bu hücumu qətiyyətlə pisləmiş və işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış etmişdi. Bu rayonun işğalı ayrıca olaraq BMT-nin də gündəliyinə çıxarılmış və 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul etmişdi. Həmin qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin təcavüzkar Ermənistan bu çağırışlara məhəl qoymadı, beynəlxalq hüququn tələblərinə tabe olmadı və 27 il ərzində nümayişkaranə şəkildə həmin qətnaməni yerinə yetirməkdən hər cür vasitə ilə boyun qaçırdı. İşğal edilərkən azərbaycanlıların tezliklə qayıdacaqları ümidi ilə tərk etdikləri abad Ağdam şəhəri 27 il ərzində erməni vandalizminin, erməni vəhşiliyinin tüğyan etdiyi bir məkana çevrildi. Ermənilər işğal dönəmində özlərini adekvat bir xalq kimi yox, qəbilə kimi, sürü kimi apardılar və Ağdamı büsbütün viran qoydular, talan etdilər. Bu şəhərin daşı daş üstündə qalmadı.

Mən Ağdamın işğaldan əvvəlki abad, firavan günlərini də, işğaldan azad ediləndən sonrakı ilk günlərini də görmüşəm. Arada inanılmaz dərəcədə dəhşətli bir fərq vardı. Erməni barbarları Ağdamdan sanki qisas alaraq bu şəhəri tanınmaz hala salmışdılar. Təsadüfi deyil ki, bu şəhərin xarabalıqlarını ziyarət edən xarici jurnalistlər Ağdamı “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırmışdılar. İşğalçı Ermənistanı idarə edən Robert Köçəryan, Serj Sarkisyan kimi müharibə caniləri Cenevrə Konvensiyasının öhdəliklərini kobud şəkildə pozaraq, Ağdamın bütün mədəni, tarixi abidələrini talan etmiş, yaşayış evlərini dağıtmış, əraziləri yandıraraq ekoloji fəlakətə şərait yaratmışdılar. Əgər dünya birliyi ermənilərin gerçək üzünü tanımaq istəyirsə, sadəcə Ağdama baxmaları kifayət edər. Xirosima atom bombasının nəticəsində viran qalmışdısa, Ağdam atom bombasından da daha təhlükəli olan erməni faşizminin vəhşiliyi ucbatından xarabazarlığa çevrilib. Əslində erməni xalqı bu vəhşiliyinə görə utanc hissi keçirməli və nəinki azərbaycanlılardan, hətta bütün bəşəriyyətdən üzr istəməli, əfv diləməlidir.

Erməni vandalizminin belə ağır nəticələrinə baxmayaraq Azərbaycan xalqı heç vaxt Ağdamdan vaz keçmədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özü BMT qətnamələrinin icrasını təkbaşına təmin etdi, tarixi ədalətin bərpa edilməsinə nail oldu. 44 günlük Vətən müharibəsində Şanlı Azərbaycan Ordusunun əldə etdiyi parlaq Qələbə nəticəsində imzalanmış 10 noyabr üçtərəfli Bəyanatına əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Dəmir Yumruğumuzun sayəsində düşmən Ağdamı bir güllə atmadan bizə qaytardı. Bu həm çoxsaylı insan tələfatının qarşısı alınması baxımından olduqca müdrik qərar idi, həm də Azərbaycanın təkcə döyüş meydanında deyil, masada da üstünlüyünün göstəricisi idi. Azərbaycan Ermənistanı siyasi müstəvidə də məğlub etmişdi. 27 ildən sonra, noyabrın 20-də Ağdamın Ali Baş Komandanın siyasi müdrikliyi nəticəsində, heç bir hərbi əməliyyat keçirilmədən və bir güllə belə atılmadan işğaldan azad edilməsi həqiqətən də haqqında cild-cild kitablar yazılası mühüm tarixi hadisədir.

İndi Ağdam ikinci həyatına başlayır. Postmüharibə dövrünün Ağdamı ilə bir il bundan öncəki Ağdam arasında nəzərəçarpacaq dərəcədə ciddi fəq var. Biz bir il bundan öncə Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunverici hakimiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Ağdama səfər edəndə orada viranə qalmış evlərin, dağıdılmış müəssisələrin qorxunc xarabalıqlarından başqa heç nə gözə dəymirdi. Ancaq ermənilərin az qala hər qarışında mina basdırdığı bu şəhərdə hazırda böyük yenidənqurma-bərpa işləri aparılır. Bu gün dövlətimiz yeni planla tikilən Ağdamın əvvəlkindən də daha möhtəşəm, daha gözəl olması üçün bütün səylərini, resurslarını səfərbər edib. Ərazilərin minalardan təmizlənməsi başa çatıb, infrastruktur yenidən qurulur, yollar çəkilir, yarımstansiyalar tikilir, məktəblərin təməli qoyulur, tarixi abidələr bərpa edilir. Əminəm ki, inşAllah tezliklə Ağdamı tam bərpa edəcəyik. Mən vaxtilə Ağdamın müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş bir şəxs kimi bu gün bu şəhərin sürətlə yenidən tikilməsinə, yenidən qurulmasına hamıdan çox sevinirəm. Yeni Ağdamı övladlarımla birlikdə ziyarət edəcəyim günü səbirsizliklə gözləyirəm. Qoy bu şəhər bundan sonra bir daha heç vaxt “Ruhlar şəhəri”nə çevrilməsin! Ağdamı həmişə azad və abad görək!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri