Azərbaycanın diplomatik uğurları davam edir

Azərbaycanın diplomatik uğurları davam edir. Soçi görüşünün ardınca, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən 15-ci Zirvə görüşündə əldə etdiyimiz müsbət nəticələr uğurlarımızın davamlı olduğunu təsdiqləyir. İƏT-in zirvə toplantısı Azərbaycanın istər öz geoiqtisadi maraqlarını təmin etmək baxımından, istərsə də 44 günlük Vətən müharibəsinin nəticələri ilə, habelə Zəngəzur dəhlizi ilə bağlı həqiqətləri beynəlxalq birliyin diqqətinə çatdırmaq nöqteyi-nəzərindən həqiqətən də çox əlverişli və səmərəli platforma oldu. Bu platformada təmsil olunan dövlətlərin Azərbaycanla dostluq, müttəfiqlik nümayiş etdirməsi, onların 44 günlük müharibə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycanı təbrik etmələri olduqca təqdirəlayiq hadisədir.

Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra dövlət başçıları ilə səmərəli işgüzar görüşlər keçirməsini, o cümlədən Türkmənistan qazının İran üzərindən Azərbaycana daşınmasına dair üçtərəfli sazişin imzalanmasını, Azərbaycan-İran prezidentlərinin dostluq və qardaşlıq mesajları səsləndirməsini də ayrıca qeyd etmək lazımdır. Azərbaycan rəhbərliyi həm Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı həqiqətləri dost ölkələrin diqqətinə çatdırmaq baxımından, həm də qonşu İranla onların öz günahı üzündən aylardan bəri davam edən gərginlikləri pozitiv münasibətlərə çevirmək nəzərindən Aşqabad sammitinin imkanlarından maksimum səmərəli istifadə etdi. Bu mənada İƏT-in son toplantısı Azərbaycan üçün daha uğurlu nəticələrlə yadda qaldı. Başqa sözlə desək, Azərbaycan Aşqabad görüşünün hərəkətverici və təkanverici qüvvəsi rolunda çıxış edirdi.

Azərbaycanın mehriban qonşuluq münasibətlərini önə çəkməsi bir çox regional və beynəlxalq miqyaslı layihələr üçün əlverişli zəmin yaradır. Məhz Azərbaycanın yürütdüyü qarşılıqlı faydalı əməkdaşlıq siyasəti indi həm İranı, həm də Orta Asiya respublikalarını müştərək layihələrə sövq edir, eyni zamanda onların Avropanın qaz təminatında, enerji təhlükəsizliyində daha yaxından rol almalarına şərait yaradır. İndi Azərbaycan beynəlxalq layihələrə yol açan ölkə kimi diqqət mərkəzindədir. Ölkəmiz hazırda region ölkələri arasında dostluq və əməkdaşlığın açarı, körpüsü rolunu oynayır. Soçi və Aşqabad görüşləri Azərbaycanın bölgə üçün yeni reallıqların müəllifi kimi imkanlarını üzə çıxardı.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri