Zəfər paradımızdan 1 il ötür

Bu gün sıradan bir gün deyil. Dekabrın 10-u xalqımız və tariximiz üçün olduqca əhəmiyyətli bir gündür. Zəfər paradımızdan 1 il ötür. Xalqımız 44 günlük müqəddəs savaşımızda – Vətən müharibəsində qazandığımız tarixi qələbəmizin yekun aktı sayılan Zəfər paradının bir illiyini qalib xalq kimi qeyd edir.

Bir il bundan öncə paytaxtımızın baş meydanında – Azadlıq meydanında keçirilən Zəfər paradı tariximizdə yeni bir səhifə açan möhtəşəm hadisə kimi yadda qaldı. Biz bu tarixi hadisəni düz 30 il gözləmişdik. Düzdür, bu illər ərzində ümidini üzənlərimiz də vardı. “Biz həmişə torpaq itirə-itirə gəlmişik, Qarabağı da unudun getsin”, deyib aramızda təslimçilik əhval-ruhiyyəsini yayan bədbinlər, bədxahlar da az deyildi. Amma Qarabağımızın işğaldan azad ediləcəyinə sarsılmaz inam hissilə yaşayan insanlarımız çoxluq təşkil edirdi. Xalqımızın içində bu həqiqətə inam hissi heç vaxt azalmırdı. Ən əsası isə bu ali həqiqətə Ali Baş Komandanımızın özü hamıdan çox inanırdı. Və məhz bu inam bizi 30 illik həsrətin sonuna yaxınlaşdırdı, hamımızı düşmən üzərində Zəfər qazanmağa köklədi. Bu möhtəşəm Zəfərə Xalqımız, Ordumuz və Ali Baş Komandanımız birlikdə imza atdı.

Dünya hərb tarixinə nəzər salsaq görərik ki, bütün böyük qələbələr sonda Zəfər paradı ilə yekunlaşıb. Tanrı bizə də bu şərəfli günün qürurunu yaşamağı nəsib etdi. Bəli, 10 dekabr 2020-ci ildə Azərbaycan Ordusu Azadlıq meydanından qalib ordu kimi keçdi. Heç şübhəsiz ki, bu parad 44 günlük savaşdan qalib çıxan Müzəffər Azərbaycan Ordusunun gücünün və qüdrətinin bir daha bütün dünyaya əyani nümayişi demək idi. Zəfər paradımız erməni faşizminə meydan oxumağımızın təntənəsi idi.

Bu paradda Azərbaycan hərbçiləri ilə yanaşı, qardaş Türkiyənin Silahlı Qüvvələrinin əsgər və zabitlərinin – şanlı “Mehmetcik”lərin iştirak etməsi də ayrıca bir fövqəladə tarixi hadisə idi. İki qardaş ölkənin liderlərinin – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yan-yanaşı dayanıb paradı birlikdə qəbul etməsinin və iki qardaş ordunun əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsininin möhtəşəmliyini sözlə ifadə etmək həqiqətən də çox çətindir. Biz belə bir tarixi hadisəni 2020-ci ilin 27 sentyabrınadək yalnız və yalnız xəyallarımızda təsəvvür edə bilərdik. Amma zaman göstərdi ki, xəyalların çin çıxmaq, gerçəyə çevrilmək şansı da olurmuş. 10 dekabr Zəfər paradı bu mənada Azərbaycan-Türkiyə qardaşlığının zirvə nöqtəsi idi.

Həmin gün ölkəmizin bütün şəhərləri Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmişdi. Hətta ən ucqar qəsəbə və kəndlərimizdə də evlərin, darvazaların üzərindən Azərbaycan və Türkiyə bayraqları yanaşı asılmışdı. Bu isə xalqlarımızın qan birliyinin, mənəvi yaxınlığının parlaq təzahürü idi. 10 dekabr paradı əsl qardaşlıq paradı idi. 44 günlük müharibədə təkcə silahımız deyil, həm də qardaşlığımız Zəfər qazanmışdı. Dünya tarixində bu cür hadisələrə çox nadir hallarda rast gəlmək mümkündür. Odur ki, bu parad həm də qardaşlığın zəfəri olan parad kimi yadda qaldı. Paradın Azərbaycan və Türkiyə liderləri tərəfindən birlikdə qəbul edilməsi dünyada da böyük marağa səbəb oldu. Bu hadisə beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj kimi dəyərləndirildi. Zəfər paradımız “Bir millət, iki dövlət” həqiqətinin təsdiq anı idi.

Biz bu Zəfəri də, bu paradın qürurunu yaşamaq qismətini də heç şübhəsiz ki, şəhidlərimizə, qazilərimizə, qəhrəman əsgər və zabitlərimizə, xüsusi təyinatlılarımıza borcluyuq. 44 günlük savaş bizə neçə-neçə yeni qəhrəmanları tanıtdırdı. Üç min nəfərə yaxın igid oğullarımız bu müharibədə Şəhidlik zirvəsinə yüksəldi. Bizim onların ruhları qarşısında vəfa borcumuz var. Şəhidlərimiz, qazilərimiz Azərbaycan xalqının savaşçı xalq olduğunu hər kəsə nümayiş etdirdi. Bütün dünya bu xalqın bətnindən necə qəhrəman oğulların, ərənlərin ərsəyə gəldiyini gördü. Xüsusən də müqəddəs Şuşamızı az qala yalın əllə, əlbəyaxa döyüş nəticəsində azad edən əsgər və zabitlərimiz erməni təbliğat maşınının xalqımız haqqında illər boyu tirajladığı, yaydığı mifləri, yalanları darmadağın etdi. Özlərini “döyüşkən xalq”, Ermənistan ordusunu isə “məğlubedilməz ordu” adlandıran ermənilər 44 gün ərzində olduqca gülməli vəziyyətə düşdülər. Ali Baş Komandanımız İlham Əliyevin məşhur sözü ilə desək, Ordumuz onları iti qovan kimi torpaqlarımızdan qovdu. Və beləliklə, kimin kim olduğu bir daha bütün dünyaya bəlli oldu.

Xalqımız, Ordumuz və Ali Baş Komandanımız İkinci Qarabağ müharibəsinin sınağından üzüağ çıxdı. Biz gerçəkdən də əsl milli həmrəylik, birlik nümayiş etdirdik və işğal tarixini sildik, qələbə tariximizi yazdıq. Zəfər paradı isə bu qələbəmizin parlaq göstəricisi oldu. Bütün dünya Zəfər paradımızda Azərbaycanın gücünü, əzmini, qətiyyətini gördü. Biz istəyirdik ki, 30 illik işğala son qoyulsun, haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Belə də oldu. Biz buna nail olduq. Azərbaycan əsgəri, Azərbaycan zabiti 44 gün ərzində yalnız bu amalla vuruşdu və sonda qalib gəldi.

Zəfərin mübarək olsun, Azərbaycan!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı