MHP sədri soydaşlarımızı təbrik etdi

Milli Həmrəylik Partiyasının (MHP) mətbuat xidməti xəbər verir ki, partiyanın sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Dəyərli həmvətənlər,

Sizi – ölkədə və dünyada yaşayan bütün azərbaycanlıları Həmrəylik Günü və Yeni İl münasibətilə ürəkdən təbrik edirəm.

Dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabr ayının sonuncu təqvim gününü böyük coşqu ilə qeyd edir, birlik və həmrəylik nümayiş etdirirlər. Bu gün sıradan bir təqvim günü deyil. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dünyanın ən ucqar guşələrində belə soydaşlarımız tərəfindən birlik bayramı kimi qeyd edilməsi sadəcə bir ənənə deyil, bu artıq hər bir azərbaycanlı üçün milli şərəf işinə və mənəvi tələbata çevrilmiş ümummilli bir hadisədir. Həmrəylik Günü bayramı bütün azərbaycanlıları üçrəngli bayrağımızda təsbit olunmuş dəyərlərimizin – Türkçülük, Müasirlik və İslamçılıq vəhdətinin çətiri altında bir araya gətirir və bir daha hamımıza Vətənə məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, yenilikçiliyi aşılayır.

Bu mənada Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təqvim ilinin son gününə təsadüf etməsi də tamamilə yerinə düşür. Belə ki, ilin son günündə hamımız ruhən və fikrən bu dəyərlərin işığında toplaşaraq milli varlığımızı təsdiqləyir, azərbaycanlı olmağın qürurunu yaşayır, Bütöv Azərbaycan amalımıza köklənir, Vətənimiz və dövlətimiz naminə daha da sıx tellərlə birləşirik. Biz bunun əyani nümunəsini 44 günlük Vətən müharibəsinin gedişində də gördük. Məhz milli birllik və həmrəylik hissləri 2020-ci ilin 27 sentyabr – 10 noyabr günlərində hamımızı Qarabağ uğrunda Şanlı Ordumuzun, Müzəffər Ali Baş Komandanımızın ətrafında Dəmir Yumruq kimi sıx birləşdirdi. Bu Zəfər ölkəmizin 10 millyon vətəndaşını da, dünyadakı 50 milyondan çox azərbaycanlını da bir araya gətirib tarixin sınağından üzüağ çıxardı. İşğalçı Ermənistan üzərindəki Zəfərimiz milli birliyimizin, həmrəyliyimizin gücünü bütün dünyaya göstərdi.

Biz şəhidlərimizin qanı bahasına, Ordumuzun rəşadəti və qazilərimizin misilsiz igidliklləri sayəsində əldə edilmiş Qələbəmizin nəticələrini qorumaq və postmüharibə dönəmindəki vəzifələrimizi millət və dövlət olaraq alın açıqlığı ilə və müvəffəqiyyətlə həyata keçirmək üçün 44 günlük müharibə zamanı nümayiş etdirdiyimiz həmrəyliyi, birliyi bundan sonra da eyni ruh, eyni əzmkarlıqla davam etdirməyi bacarmalıyıq. Ərəfəsində olduğumuz 2022-ci ildə qarşımızda kifayət qədər mühüm vəzifələr durur. İşğal dövründə viran edilmiş yurd yerlərimizin yenidən dirçəldilməsi, Böyük Qayıdışa start verilməsi, torpaqlarımızın qalan hissəsinin separatçı və terrorçulardan tamamilə təmizlənməsi, sərhədlərimizin delimitasiyası və demarkasiyasının həyata keçirilməsi, revanşizmə can atan erməni millətçi dairələrinin və xaricdəki erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyalarının dəf edilməsi, beynəlxalq arenada nüfuzumuzun daha da gücləndirilməsi və Azərbaycanlla hesablaşılması, siyasi islahatların dərinləşdirilməsi, iqtisadi qüdrətimizin artırılmasına nail olmaq üçün eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi mütəşəkkil olmalı, milli birliyimizi qorumalı və gələcək qələbələrimizə hamımız birlikdə imza atmalıyıq.

“Biz birlikdə güclüyük!” sözü heç də təsadüfən ərsəyə gəlməyib. Biz bu həqiqəti artıq bir dəfə sübut etmişik, bundan sonra da sübut etməliyik. Ümummilli hədəflərimizə doğru çıxdığımız bu böyük yolda qərarlılığımızı, davamlılığımızı daim nümayiş etdirməliyik. Bizi içimizdən zəiflətməyə, parçalamağa çalışan qüvvələrə heç bir fürsət verməməliyik. Anti-Azərbaycan qüvvələrinin bütün məkrli planları bizim həmrəyliyimiz qarşısında puç olmağa məhkumdur. Həmrəylik bizim ən güclü sipərimiz və silahımızdır. Bizim gücümüz həmrəyliyimizdədir. Siyasi xaos və iqtisadi kataklizmlər burulğanının hökm sürdüyü, münaqişələrin və hibrid müharibələrin genişləndiyi hazırkı mürəkkəb dünyada bir millət olaraq özümüzü qorumaq və tərəqqi etmək istəyiriksə mütləq həmrəylik silahımıza sarılmalıyıq

Əziz soydaşlarım!

İkinci Qarabağ müharibəsindən sonra həyatımızda yeni bir dönəm başlayıb. Biz 30 illik işğal dönəminin məğlubiyyət sindromundan, natamamllıq kompleksindən qurtulmuşuq. Biz bundan sonra daim qalib xalq kimi yaşayacağıq. Azərbaycanlı olmağızla fəxr etməyimiz üçün indi əlimizdə daha çox əsaslarımız var. 2001-ci ilin noyabr ayında dünya azərbaycanlılarının birinci qurultayında Ulu Öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamını böyük bir iftixar hissilə söyləməsi həm də uzaqgörənliyin təzahürü idi. Ulu Öndərin bu sözləri zamanla hər bir azərbaycanlı üçün milli qürur mənbəyinə çevrildi. Bu gün isə bu sözü qalib ölkənin, qalib xalqın övladlları kimi var gücümüzlə hayqırmağa, dünyaya bəyan etməyə daha çox haqqımız çatır.

Mən fürsətdən istifadə edib bütün soydaşlarımızı Milli Həmrəylik Partiyasının adından bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə təbrik edir, hər bir azərbaycanlıya irili-xırdalı çoxlu uğurlar arzulayıram. Qoy 2022-ci ildə arzularınız çin olsun, xeyirli günlər nəsibiniz olsun. Tanrı Azərbaycanımızı qorusun! Tanrı bütün Türk dünyasını qorusun!

Hörmətlə:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri,
Birinci Qarabağ müharibəsinin iştirakçısı”