Qardaş qazax xalqı gerçəkdən də sülh və əmin-amanlıq şəraitində, rifah içində yaşamağa layiq xalqdır

Qazaxıstanda yaşanan son olayların təkcə dünyanın deyil, həm də bizim və Türkiyənin diqqət mərkəzində olması tamamilə təbiidir. Çünki Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) əsas üzvlərindən biri sayılmaqla yanaşı, həm də real türk birliyinin yaranmasında Orta Asiyanın digər respublikaları ilə müqayisədə daha çox maraqlı olması ilə diqqət çəkir. Bu ölkə soykök, milli mənsubiyyəti etibarilə bizə ən yaxın ölkələrdən biri hesab olunur və son 30 ildə Qazaxıstan Azərbaycana qarşı hər zaman isti münasibət bəsləyən bir ölkə kimi digərlərindən fərqlənib. Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyulması istiqamətində mübarizəmizdə də Qazaxıstan həmişə birmənalı olaraq Azərbaycanın yanında olub. Əlbəttə, bütün bu qeyd etdiklərimizdə Qazaxıstanın qurucu lideri və birinci prezidenti Nursultan Nazarbayevin müstəsna rolu və xidmətləri danılmazdır. Odur ki, bizim bu gün bu qardaş ölkədə cərəyan edən prosesləri yaxından və həm də narahatlıq hissilə izləməyimiz də anlaşılandır.

Əvvəlcə sosial-iqtisadi tələblərlə başlayan, lakin sonradan siyasi tələblərlə əvəzlənən və eyni zamanda xaotik, dağıdıcı prosesə çevrilən etiraz aksiyalarının sonrakı ağır fəsadlarına görə narahatlıq keçirməmək mümkünsüzdür. Zorakılıqla, yanğınlarla, atışma və toqquşmalarla müşayiət olunan bu aksiyalar artıq çoxdan dinc aksiya məcrasından kənara çıxıb və hazırda dövlətçiliyə, milli müstəqilliyə, suverenliyə zərər verə biləcək istiqamətə yönəlir. Bu mənada ATƏT sədrinin aksiya iştirakçılarına çağırışla müraciət etməsi və zorakılığın problemləri həll etməyəcəyini bildirməsi tamamilə düzgün dəyərləndirmədir. Ona görə də ATƏT sədri haqlı olaraq Qazaxıstan hökumətini də, aksiya iştirakçılarını da vəziyyətin deeskalasiyasına çağırdı. Biz də çox istərdik ki, bu qardaş ölkədə iğtişaşlar getdikcə daha dramatik hal almadan tezliklə başa çatsın. Çünki hədəfləri və tələbləri tez-tez dəyişən idarəolunmaz kütlənin dağıdıcı enerjisi sonda ya dövlətçiliyin tamamən süqutuna gətirib çıxara, yadaki Qazaxıstanın kənar qüvvələrdən, qonşuluqdakı supergüclərdən (Çin və Rusiya) asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər. Təki bu hadisələr sonda Putinin Belarus kimi Qazaxıstanı da Rusiyadan asılı vəziyyətə salması ilə nəticələnməsin. Amma nəticələnə bilər. Belə bir təhlükəli vəziyyət və ya perspektivlər mövcuddur. Odur ki, bizim ölkədəki bəzi radikal siyasi qüvvələrin Qazaxıstanda hökumətin istefaya göndərilməsinə, Almatıda prezident iqamətgahının, digər inzibati binaların yandırılmasına sevinmələri sadəcə və sadəcə təəssüf hissi doğurur. Məsələyə bu qədər dar çərçivədən yanaşmaq heç də sağlam siyasi təfəkkürün əlaməti deyil.

Əgər kənar qüvvələr, üçüncü tərəflər Qazaxıstanda baş verən hadisələrə bu və ya digər şəkildə müdaxilə etməyə, prosesləri öz geosiyasi maraqlarına uyğun məcraya yönəltməyə başlasalar, o zaman bu hadisələr, bu etiraz aksiyaları heç də qazax xalqının xeyrinə nəticələnməyəcək. Bu, gün kimi aydın görünən bir məsələdir. Biz başa düşməliyik ki, son illərdə türk birliyi istiqamətində olduqca əhəmiyyətli addımlar atan Qazaxıstan kimi bir ölkəni tutduğu hazırkı yolundan döndərmək, sapdırmaq istəyən, onu “satellit” ölkə halına gətirmək istəyən böyük güclər var. Nazarbayevin türk birliyinə inteqrasiya istiqamətində atdığı addımlar bu ölkənin böyük qonşularını heç də məmnun etmirdi. Onlar Qazaxıstanın Qərbyönümlü və Turan birliyinə hədəflənmiş kursunu əngəlləmək üçün daim mümkün yollar axtarır, uyğun məqam gözləyirdilər. Bu baxımdan son günlər Qazaxıstanda baş verən proseslər qonşuların (Çin və Rusiyanın) geosiyasi, geoiqtisadi maraqlarını gerçəkləşdirmələri üçün əlverişli fürsət kimi görünür.

Belə bir kritik və mürəkkəb vəziyyətdə biz Qazaxıstanda baş verənlərə sevinməkdənsə, əksinə, dua etməliyik ki, hər şey qazax xalqı üçün, qazax dövlətçiliyi üçün tezliklə müsbət nəticələrlə başa çatsın və ölkədə sabitlik bir an öncə bərpa olunsun. Əlbəttə, Qazaxıstanın inkişaf etmiş güclü və demokratik bir türk dövlət kimi beynəlxalq arenada söz sahibinə çevrilməsi Azərbaycanın da maraqlarına uyğundur. Biz proseslərə məhz bu yöndən yanaşmalıyıq və ilk növbədə bu dost ölkənin sabitliyinə önəm verməliyik. Qardaş qazax xalqı gerçəkdən də sülh və əmin-amanlıq şəraitində, rifah içində yaşamağa layiq xalqdır. İnanırıq ki, bu belə də olacaq. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gəlmək imkanları, aksiya iştirakçılarının sosial-iqtisadi məzmunlu tələblərinin yerinə yetirilməsi üçün kifayət qədər resursları da var. Həm hakimiyyətin, həm də qazax xalqının sağlam düşüncəyə əsaslanaraq kompromisə gəlməsi son nəticədə Qazaxıstanın qalib gəlməsi deməkdir. Ümid edirik ki, sonda belə də olacaq, bu dost və qardaş ölkədə asayiş ən qısa müddətdə bərqərar olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri