Şuşa Bəyannaməsi TBMM-də: təcili addımlar atılır?

Şuşa Bəyannaməsinin Milli Məclisdə təsdiq edilməsinin ardından müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri, ən yüksək səviyyədə görüşlər keçirməsi, həmçinin qardaş ölkənin müdafiə nazirinin Türkiyə-Azərbaycan hərbi-siyasi və iqtisadi müttəfiqliyinin önəmi ilə bağlı dünyaya verdiyi mesajlar siyasi müşahidəçilərin diqqətindədir.

Bu barədə Axar.az-a fikirlərini bölüşən millət vəkili Aydın Hüseynov deyib ki, Şuşa Bəyannaməsinin sürətlə ratifikasiya edildiyi haqda iddiaların əsası yoxdur.

“Şuşa Bəyannaməsi 15 iyun 2021-ci ildə Şuşada iki qardaş ölkənin prezidentləri tərəfindən imzalanmışdı və Milli Məclisə ratifikasiya olunması üçün təqdim edilmişdi. Yəni heç bir tələskənlik yoxdur, aradan kifayət qədər zaman keçib. Hazırda Azərbaycan Milli Məclisindən sonra Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisinin müvafiq komitəsinə də təqdim edilib və ilkin rəydən sonra plenar iclasa çıxarılacaq”, – Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, Şuşa Bəyannaməsi Azərbaycanın geniş mənada təhlükəsizliyini təmin edən olduqca mühüm sənəd, Türkiyə və Azərbaycan münasibətlərini hərbi müttəfiqlik səviyyəsinə qaldıran beynəlxalq sazişdir:

“Şuşa Bəyannaməsi Türkiyə Böyük Millət Məclisində də ratifikasiya olunduqdan sonra beynəlxalq saziş statusu alacaq və Azərbaycan və dolayısı ilə bütün regionun təhlükəsizliyi daha güvənli hala gələcək. Söhbət NATO-nun ikinci ən qüdrətli ordusuna malik Türkiyənin Azərbaycanın təhlükəsizliyi məsələsində qarant rolunu oynamasından gedir.

Hazırda dünyada gedən proseslər hər kəsə bəllidir; müxtəlif daha kiçik dövlətlərin suverenliyi və müstəqilliyi təhdid altındadır, dünyada cəbhələşmə daha şiddətli hal alıb. Rusiya və Avropa, Rusiya və ABŞ, ABŞ və Çin qlobal rəqabətdə və bölgələri təsir dairəsinə almaqda sanki böyük bir yarışa giriblər və bu yarış bir çox hallarda arzulanmaz gərginlik, aqressiya ilə müşayiət olunur. Həm siyasi, həm hərbi, həm də iqtisadi təhdidlər son illər dünya ölkələrinin başının üzərini alan qara buluddur.

Azərbaycan hər zaman öz müstəqil yolu, xətti və mövqeyi ilə seçilən bir ölkə olub. Baxmayaraq ki, dünya xəritəsində Azərbaycan o qədər də böyük görsənmir, hətta təsir altına salınmış bir çox ölkədən ərazi, əhali və iqtisadi imkanlar baxımından qat-qat kiçikdir, amma ölkəmiz müdrik, beynəlxalq miqyaslı strateq və dövlət xadimi olan cənab Prezident İlham Əliyevin olduqca tarazlı, strateji, uzaqgörən və ağıllı siyasəti sayəsində iqtisadi-siyasi müstəqilliyini qorumaqla bərabər, regionun aparıcı ölkəsinə çevrilib. Azərbaycanın ədalətli mövqeyi onun Prezidentinin şəxsi iradəsi və keyfiyyətləri ilə ən yüksək tribunalardan eşidilir və qəbul edilir.

Əlbəttə ki, Azərbaycan dəyişən dünyada gedən prosesləri izləyir və bu proseslərin müstəqil ölkələr üçün necə təhdid yaratdığını çox yaxşı hesablayır. Bir məqamı xatırlatmaq istərdim. Belarus Prezidenti Aleksandr Lukaşenko Yeni illə bağlı kilsədəki çıxışında təsadüfən demədi ki, ya hərbi-siyasi ittifaqlara qoşulmalıyıq, ya da bir dövlət kimi müstəqilliyimizi itirəcəyik, çünki dünya siyasəti hazırda bu istiqamətdədir.

Azərbaycan müstəqilliyini və təhlükəsizliyini hər zaman ön planda saxlayıb və cənab Prezident İlham Əliyev ölkəmizin azad, suveren hüquqlarını hər zaman yüksək peşəkarlıqla qoruyub. Hazırkı təhdidlərlə bağlı da Şuşa Bəyannaməsi misilsiz bir sənəddir və Azərbaycanın təhlükəsizliyini qarant altına alır. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatı üçün sözün hər mənasında qiymətli örnəkdir. Bu beynəlxalq saziş TDT-nın təməlində dayana bilər və türk dövlətlərinin təhlükəsizliyi üçün də mühüm rol oynayar”.

A.Hüseynov Zakir Həsənovun bu məqamda Türkiyəyə səfərinin beynəlxalq ekspertlər tərəfindən diqqətlə izlənilməsinə də münasibət bildirib:

“Müxtəlif interpretasiyalar və yanaşmalar var və bildirilir ki, Azərbaycan ordusunu gücləndirmək üçün Türkiyədən hərbi texnika almağı hədəfləyir. Burda da qeyri-adi heç nə yoxdur. Azərbaycan ordusu Türkiyə ordusu modelinə keçirilir və bu, Prezidentimizin sərəncamı ilə baş tutur. Bu istiqamətdə qardaş Türkiyə ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi normaldır. Təsadüfi deyil ki, Türkiyə milli müdafə naziri Hulusi Akar da bu məqamlara toxunaraq, Türkiyə-Azərbaycan hərbi müttəfiqliyinin heç bir üçüncü ölkəyə qarşı olmadığını xüsusilə vurğuladı. Paralel olaraq Ermənistana da bir daha mesaj göndərildi ki, sülh müqaviləsinin imzalanması və sərhədlərin müəyyənləşməsi ilə region büsbütün təhdidlərdən xilas olmalıdır.

Bu baxımdan Azərbaycan və Türkiyənin xoş niyyəti hər kəsə bəllidir. Azərbaycan özünün iqtisadi və hərbi qüdrəti ilə qonşularına heç bir təhdid yaratmır, əksinə, regionun təhlükəsizliyinə töhfə verir. Eyni zamanda Şuşa Bəyannaməsi kimi beynəlxalq sənədlərlə öz təhlükəsizliyini gücləndirir”.