Ermənistanda müxalifət də özünə prezidentliyə namizəd tapdı

Ermənistanda parlament müxalifətinin də ölkə prezidentliyinə ehtimal olunan namizədi var.

Modern.az xəbər verir ki, “Joğovurd” qəzetinin yaydığı məlumata görə, həmin namizəd Ermənistan Konstitusiya Məhkəməsi Aparatının keçmiş rəhbəri, Vayots Dzor vilayətinin sabiq qubernatoru və Ermənistanın Polşadakı eks-səfiri Edqar Kazaryandır.

E.Kazaryan özü qeyd edib ki, hələ ki bu mövzuda heç bir müzakirədə iştirak etməyib, amma müxalifət onun namizədliyini irəli sürsə, qarşıdakı mübarizənin bütün yükünü böyük sevinc və məsuliyyətlə öz üzərinə götürəcək.

“Mən bunu prezident seçilmək fürsəti deyil, qanuni və effektiv şəkildə mövcud hakimiyyətə qarşı mübarizə aparmaq üçün yeni şans hesab edirəm”, – deyə Kazaryam bildirib.

“Ermənistan” müxalifət blokunun deputatları bildiriblər ki, hazırda prezidentliyə namizədin irəli sürülməsi və ya irəli sürülməməsi, habelə mümkün namizədin olub-olmaması məsələsi müzakirə olunur.

“Yaxın bir-iki gündə hər şeyə aydınlıq gələcək”, – deputat Aqnessa Xamoyan deyib.

Qeyd edək ki, parlamentdə hakim “Mülki müqavilə” partiyası ikinci cəhddə öz namizədi Vahan Xaçatryanı Ermənistan prezidenti seçmək üçün kifayət qədər mandata malikdir. Bu vəziyyətdə ekspertlər parlament müxalifətinin öz namizədini irəli sürməsinin məqsədəuyğunluğuna şübhə ilə yanaşırlar.