NATO müdafiə nazirləri TOPLANIR

Fevralın 16-17-də NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO Müdafiə Nazirlərinin Toplantısı keçiriləcək.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlərin gündəmində Rusiyanın Ukrayna sərhəddində hərbi gücünü artırması və alyansın artan gərginliyə qarşı görəcəyi işlər yer alıb.

Xatırladaq ki, NATO Rusiya ilə gərginliyin artmasından sonra son bir neçə ay ərzində Şərqi Baltikyanı ölkələr olan Estoniya, Latviya, Litva və Polşada hava, dəniz və quru mövcudluğunu gücləndirib. NATO-nun Şərqi Avropada mövcudluğunun uzunmüddətli olması planlaşdırılır. Ötən həftə NATO-nun baş katibi Yens Stoltenberqin də səfər etdiyi Rumıniyada döyüş bölməsinin yerləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, Cənub-Şərqi Avropanın digər bölgələrində də döyüş hissələrinin olması qərarı qiymətləndirilir.

Bu qərarların NATO-nun Müdafiə Nazirləri Toplantısında müzakirə ediləcəyi bildirilir. Yığıncaqda yerləşdirmələrin planlaşdırılması, qoşunların əhatə dairəsi və ölçüsü kimi məsələlərdə konsensusun əldə ediləcəyi və yekun qərarın yazda qəbul ediləcəyi gözlənilir.