Qanunsuz miqrasiya: bir ofisdə 97 möhür aşkarlandı

Şəxslərə saxta sənədlər hazırlamaqla qanunsuz miqrasiyanın təşkilinə şərait yaradan şəxslər aşkarlanıb.

Avrasiya.net xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib.

Onun sözlərinə görə, bununla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə yeddi nəfər təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib:

“Bununla yanaşı sözügedən məsələ ilə bağlı 10 nəfər axtarışa verilib. Təqsirləndirilən şəxslərin dindirilmə prosesində faktlar aşkarlanırsa, biz bu araşdırmanı davam etdiririk. Miqrant kimi xarici ölkələrə getdiyi sənədlərdə qanunsuzluq aşkar edilirsə, şəxs cinayət məsuliyyəti daşıyır. Eyni zamanda sənədlərin saxtalaşdırmasında iştirak edən şəxslər də məsuliyyətə cəlb edilir. Tərəfimizdən aparılan araşdırmalar nəticəsində bu kimi prosesdə yalnız bir ofisdə 97 ədəd möhür aşkarlanıb. Bu möhürlərdən istifadə edilərək tərtib edilmiş sənədlərdə ölkəni tərk etməyə çalışan vətəndaşların sabit iş yerinin olması, müalicə məqsədilə ailə üzvlərinin ölkəni tərk etməsi əks olunub.

Artıq fevral ayında bu istiqamətdə bir sıra cinayət işlərinin məhkəməyə təqdim edilməsi təmin ediləcək. Bununla bağlı Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq edirik. Xatırlatmaq istəyirik ki, bu kimi qanunsuzluqlara yol verən şəxslər Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyır. Nəinki sənədləri saxtalaşdıranlar, eləcə də onlara müraciət edən şəxslər də məsuliyyətə cəlb olunurlar”.