İlham Əliyev bütün məmurlara XƏBƏRDARLIQ ETDİ

“Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir”.

Bunu Prezident İlham Əliyev fevralın 18-də Nizami, Nərimanov və Kürdəmir rayonlarının yeni icra başçılarının videoformatda qəbulu zamanı deyib.

Ölkə başçısı deyib ki, dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət qanunlara riayət etməkdir:

“Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”.

“Kadr sahəsində kadrların düzgün seçilməsi böyük dərəcədə işlərin uğurla getməsinə şərait yaradacaq. Ona görə kadrların seçilməsində, ilk növbədə, insanların iş qabiliyyəti nəzərə alınmalıdır, dövlətçiliyə, dövlətə sədaqət nəzərə alınmalıdır, vətənpərvərlik nəzərə alınmalıdır. Tanışlıq, qohumluq əlaqələri və hansısa başqa prinsiplər tamamilə aradan qaldırılmalıdır. Elə kadrlar seçilməlidir ki, bu kadrlar dövlət məmurları qarşısında duran vəzifələri şərəflə yerinə yetirsinlər. Eyni zamanda, qeyd etdiyim kimi, vətənpərvər insanlar, dövlətə, xalqa bağlı olan insanlar, əlbəttə ki, ön plana çıxmalıdır və kadr təyinatları aparılanda bu, nəzərə alınmalıdır”, – Prezident əlavə edib.