“Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur”

Cəlil Xəlilov: “Onun ictimai-siyasi fəaliyyəti saysız-hesabsız uğurlarla zəngindir”

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adıçəkilən vəzifəyə təyin olunmasının beşinci ildönümüdür. Xatırladaq ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Bununla bağlı açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mehriban Əliyevanın fəaliyyətinin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirib:

“Mehriban Əliyeva veteranların himayədarı, cəmiyyətimizin humanizm simvoludur. Cəmiyyətin bütün həssas təbəqələrini, o cümlədən şəhid ailələrini, veteranları, müharibə əlillərini, aztəminatlı ailələri, bir sözlə dəstəyə, köməyə ehtiyac duyan hər kəsi diqqət mərkəzində saxlayan Mehriban Əliyeva, bu insanların sosial rifahının yüksəlməsi, onları narahat edən problemlərin həlli istiqamətində respublika miqyaslı işlər görüb, mühüm layihələr həyata keçirib. Mehriban xanımın təşəbbüsü ilə bugünə qədər səhhəti ilə bağlı müxtəlif problemlər yaşayan yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən qazi və veteran xarici ölkələrdə əməliyyat olunub, öz sağlamlıqlarına qovuşublar.

Birinci vitse-prezident ölkəmizdə çoxlu sayda reabilitasiya mərkəzinin açılmasında, veteranların və şəhid ailələrinin işlə, mənzillə təmin edilməsində, onların övladlarının yüksək səviyyədə təhsil almasında mühüm rol oynayıb. Ölkə ərazisində çoxsaylı məktəblərin, xəstəxanaların inşa edilməsində də Mehriban xanımın xidmətləri əvəzsizdir. Mehriban xanım bu gün işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq-quruculuq işlərində də yaxından iştirak edir, böyük uğurlara imza atır. Şuşanın erməni faşistləri tərəfindən dağıdılan  tarixi-mədəni abidələrinin Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyef Fondu tərəfindən yüksək peşəkarlıqla bərpa edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması Birinci vitse-prezidentin tarixi xidmətlərindən biridir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Mehriban xanım Əliyevanı Birinci vitse-prezident kimi fəaliyyətə başlamasının beşinci ildönümü ilə bağlı təbrik edir, ona ağır zəhmət və böyük səy tələb edən fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq”.