Rus tanklarının üstündəki “Z” nəyə işarədir?

Son günlərdə Ukrayna sərhədi yaxınlığında yerləşdirilmiş Rusiya hərbi texnikalarının üzərində yazılan “Z” hərfi ciddi müzakirələrə səbəb olub. Qeyd olunan hərfin hansı mənanı ifadə etməsi sual doğurur.

Bununla bağlı Axar.az-a danışan hərbi mütəxəssis Ədalət Verdiyev bildirib ki, adətən belə işarələrə hər iki tərəf eyni texnikadan istifadə edəndə rast gəlinir.

“Hər iki tərəf SSRİ/Rusiya istehsalı olan hərbi texnikadan, məsələn, tankdan və zirehli maşınlardan istifadə edir. Onları fərqləndirmək üçün bu kimi işarələrdən istifadə oluna bilər. İkincisi, həmin ərazidə fəaliyyət göstərən qüvvələrin ayrı-ayrı şəxslərin və ya ərazilərin adlarını daşıyan bölmələrinə rast gəlinir. Məsələn, “Azov” bölməsi. Bu bölmənin texnikasının üzərində “A” hərfinin yazıldığı məlumdur. Bu, həmin texnikanın “Azov” bölməsinə aid olması deməkdir. Yəni təcrübədə bu kimi hallara rast gəlinir. Görünür, bu dəfə hansısa rus zabiti özünün “Zorro” kimi xilaskar olduğuna inanır”, – deyə ekspert bildirib.