Moskva Bəyannaməsi – ərazi bütövlüyü və təhlükəsizliyə daha bir qarant

Azərbaycan üçün Rusiyanın əhəmiyyəti birmənalı deyil. Eləcə də Rusiyanın Azərbaycanın həyatında oynadığı rola münasibətə də fərqli yanaşmalar istisna edilmir. Sovetlər dağıldıqdan sonra onun varisi Rusiya ilə münasibətlərin yenidən qurulması rəsmi Bakının xarici siyasətinin prioritetlərindən olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra şimal qonşusu ilə əlaqələrin normallaşması və bərabərhüquqlu səviyyədə davam etdirilməsinə dair müxtəlif səviyyədə səfərlər olub, müqavilələr imzalanıb.

Fevralın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfərə gediib. Ukrayna ətrafında yaranan böhran fonunda atılan bu addım ilk baxışdan müəyyən suallar yarada bilər. Ancaq nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev təxminən bir ay əvvəl, yanvarın 14-də Ukraynaya səfər edib. Səfər çərçivəsində Azərbaycanın dövlət başçısı və Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikası Prezidentinin və Ukrayna Prezidentinin Birgə Bəyannaməsini imzalayıblar. İki ölkənin müxtəlif dövlət qurumları arasında müxtəlif sahələrdə anlaşma memorandumları da imzalanıb. Bundan başqa, Azərbaycan tərəfi Ukraynanın ərazi bütövlüyünü tanıdığını hər zaman bəyan edib. Eyni zamanda Prezident İlham Əliyevin Rusiyaya səfəri ilə bağlı əvvəlcədən də anonslar verilmişdi. Hətta dövlət başçısı Yeni illə əlaqədar xalqa müraciətində Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağını bildirmişdi. Bu və başqa hadisələr baxımından səfər regionda gedən son proseslərlə əlaqələndirilə bilməz. Bir məsələyə də diqqət yetirilməsi məqsədəuyğundur. Azərbaycan müstəqilliyinin bərpasından sonrakı tarixə diqqət yetirilsə, iki ölkə arasında əlaqələrin inkişaf etdiyi də aydın görünər.1997-ci il iyulun 3-də “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında”, 2008-ci il iyulun 3-də “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” Bəyannamə, 2018-ci il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birgə Bəyanatını da yada salmaq olar. Bu baxımdan Prezident İlham Əliyevin Rusiyaya səfəri, Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması da məntiqlidir.

Bu, tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir-birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə etməklə yanaşı, iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Bəyannamədə tərəflərin öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürütmələri də vurğulanır. Bu məsələ günümüzün vacib məsələlərindən sayıla bilər. Sənəddə iki ölkənin münasibətlərinin heç vaxt üçüncü dövlətə qarşı yönəlmədiyinin öz əksini tapması da dövlətlərin bir-birinin suverenliyinə hörməti əks etdirir. Bu baxımdan Rusiya ilə imzalanan müttəfiqlik sənədi Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin rolunu və gücünü azaltmır. Əksinə, hər iki bəyannamə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verməklə yanaşı, Azərbaycanın öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazandırır. Bu sənəd Azərbaycanın başqa beynəlxalq təşkilatlar və birliklərdə də əməkdaşlığını gücləndirir. Moskva Bəyannaməsinin bərabərhüquqluğu Azərbaycanın müstəqillyinin göstəricisidir. Sənəddə rəsmi Bakının Rusiya qarşısında üzərinə hər hansı fərqli öhdəliklər götürməməsi də bunu təsdiqləyir.

Şuşa Bəyannaməsi kimi, Moskvada imzalanan müttəfiqlik sənədi də Ermənistanın Azərbaycana qarşı üçüncü tərəfdən istifadə etməsi imkanlarını məhdudlaşdırır. Bundan başqa, sənədə əsasən, Moskva Ermənistanın separatçıları dəstəkləməsinə qarşı çıxması üçün üzərinə öhdəlik qoyur: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər… Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər”.
Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Tərəflər arasında ticarət dövriyyəsi 3 milyard dollara yaxındır. Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün əsas bazarlardandır. Sənəddə iki ölkə arasında qarşılıqlı iqtisadi-ticarət əlaqələri də öz əksini tapıb: “Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər”. Moskva Bəyannaməsində tərəflər iqtisadi sahə ilə bağlı üzərilərinə öhdəlik götürüblər: “Rusiya Federasiyası və Azərbaycan Respublikası digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər”.
Belə qənaətə gəlmək olar ki, yaranmış şərait və son 30 ildə regionda baş verənlər nəzərə alınmadan bu müqaviləyə qiymət vermək doğru deyil. Mövcud şərtlər nəzərə alınmadan müqavilənin mahiyyəti təhrif edilir. Bu baxımdan bəyannamənin Azərbaycanın müstəqilliyini məhdudlaşdıran, təhlükəsizliyinə xələl gətirən addım olması ilə bağlı bəzi iddialar yanlışdır. Bu kimi iddialar sənədin mahiyyətinə qərəzli şəkildə yanaşmaqdan irəli gəlir. Dünya və regiondakı şərtlər deməyə əsas verir ki, Moskva Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə daha bir qarantdır.

Samir Baxşiyev 

YAP Siyəzən rayon təşkilatının sədri