“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”

“Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığın inkişafı üçün geniş perspektivlər açır”.

Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov qeyd edib ki, 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində iki dövlət başçısı tərəfindən imzalanan “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dövlətimizin maraqlarına tam cavab verir:

“Bu Bəyannamə Azərbaycan və Rusiyanın strateji müttəfiq olduqlarını bir daha təsdiqləyir, müttəfiqlik münasibətlərinin inkişafı üçün yeni imkanlar açır. Bəyannamənin 12-16-cı bəndlərində ikitərəfli hərbi əməkdaşlığın genişlənməsi məsələləri öz əksini tapır. Hansı ki, Azərbaycanın şimal qonşusu olan və dünyanın hərbi baxımdan ən güclü dövlətlərindən biri sayılan Rusiya ilə belə bir müqavilənin imzalanması Azərbaycanın hərbi maraqlarına tam cavab verir”.

Polkovnik qeyd edib ki, Bəyannamə Rusiya və Azərbaycan orduları arasında birgə təlimlərin keçirilməsini, hərbi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur:

“Bildiyiniz kimi, Azərbaycan hərbi sahədə dünyanın bir sıra dövlətləri, o cümlədən Rusiya ilə əməkdaşlıq edir. Xəzər dənizində mütəmadi şəkildə birgə təlimlərin keçirilməsi, iki dövlətin güc strukturları arasında möcud olan birgə əməkdaşlıq buna nümunədir. Bu baxımdan Moskva Bəyannaməsinin 13-cü bəndi xüsusi əhəmiyyət kəsb edir. Həmin bənddə qeyd edilir ki, “tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər”.

Bəyannamədə birgə hərbi məhsulların istehsalı da öz əksini tapıb. Moskva Bəyannaməsinin 14 və 15-ci bəndləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Həmin bəndlərdə Azərbaycan və Rusiya Silahlı Qüvvələrinin modern silahlarla təmin edilməsi, habelə silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkil edilməsinin önəmi qeyd edilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə hər iki dövlətin hərbi istehsal sahədə birgə əməkdaşlığına şahid ola bilərik”.

Cəlil Xəlilovun sözlərinə görə, Moskva Bəyannaməsində terrorizmə qarşı birgə mübarizənin təşkili məsələsi də öz əksini tapıb ki, bu da regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir:

“Bəyannamənin 18-ci bəndi hər iki dövlətin beynəlxalq terrorizmə qarşı birgə mübarizəsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmin bənddə qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”. Bu, tarixən erməni terrorizmindən əziyyət çəkən, terrora qarşı mübarizədə hər zaman qətiyyətli mövqe sərgiləyən, 44 günlük Vətən müharibəsində erməni faşizmini məğlub etməklə terrorizmə qarşı mübarizəyə böyük töhfə verən dövlətimizin maraqlarına tamamilə uyğundur.

Hesab edirəm ki, bu Bəyannamə iki dövlətin xüsusi xidmət orqanları arasında əməkdaşlığın genişlənməsinə, qarşılıqlı məlumat mübadiləsi prosesinin daha da optimallaşmasına da öz müsbət təsirini göstərəcək ki, bu da regionun təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Onu da qeyd edim ki, Moskva Bəyannaməsi beynəlxalq qanun və konvensiyalara tamamilə uyğundur və hər hansı üçüncü dövlət üçün heç bir təhdid təşkil etmir”.