Ermənistan Zəngəzur dəhlizinin tikintisinə başladığını ELAN ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyan Arazdəyən-Sədərək-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun (Zəngəzur dəhlizi) Ermənistan hissəsində çöl işlərinə başlandığını açıqlayıb.

“Ümid edirəm ki, buna paralel olaraq biz 2021-ci ildə Soçi və Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilmiş razılaşmaları de-yure təsbit edəcəyik”, – deyə o bildirib.

N.Paşinyan onu da əlavə edib ki, Ermənistan Zəngəzur dəhlizindən keçəcək avtomobil yolları üçün də mümkün marşrutlar, o cümlədən yeni yolların tikintisi üzərində işləyir.

“Bizim bu marşrutların Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi ilə inteqrasiyası məsələsini müzakirə etməyimiz də vacibdir”, – Paşinyan bildirib.

Sabah Cənubi Qafqaz Dəmir Yolunun mütəxəssisləri və nümayəndələrindən ibarət işçi qrupu dəmir yolunun 43 kilometrlik hissəsində qiymətləndirmə işləri aparmaq üçün Meğriyə yola düşəcək.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan isə bildirib ki, layihənin texniki tapşırığını tərtib etməzdən əvvəl Zəngəzur dəhlizinin Meğri və Arazdəyən rayonlarındakı 43 kilometrlik hissəsində ilkin işlərin aparılması təklif edilib.

Söhbət geodeziya işlərindən gedir. Tədqiqat nəticəsində meyarlar müəyyən edilməlidir ki, bunun əsasında texniki şərtlərin layihələndirilməsi və hazırlanması üzrə işlərin sifarişi veriləcək.

“Həmin ərazilərdə tunellər, stansiyalar, keçidlər, suvarma boruları yoxlanılacaq. Onların vəziyyətinin peşəkar şəkildə qiymətləndirilməsinə ehtiyac var. Ona görə də biz ora ixtisaslaşmış qrup göndəririk ki, araşdırma aparılsın”, – nazir bildirib.

Qrup əsasən Ermənistan Milli Memarlıq və İnşaat Universitetinin alim və mütəxəssislərindən ibarətdir. Onlarla “Cənubi Qafqaz Dəmir Yolu” QSC-nin (CQDK) iki nümayəndəsi işləyəcək.

Ermənistan-Azərbaycan dəmir yolunun bərpası proqramının işçi qrupunun rəhbəri Artaşes Tumanyan qeyd edib ki, bölgəyə ezam olunan qrup tikintiyə mane ola biləcək bütün obyektləri qeydə alacaq.

Hökumətin məlumatına görə, Arazdəyən-Sədərək-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolununun Ermənistan hissəsinin bərpasına çəkilən xərclər təxminən 226 milyon dollar təşkil edəcək.