Koronavirusa yoluxma sayı 440 milyonu ötüb

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 440 milyon nəfəri ötüb.

Worldometer saytı xəbər verir ki, ötən gün koronavirusa 1 milyon 579 min 832 yoluxma faktı aşkarlanıb. Bununla da yoluxma hallarının sayı 440 milyon 279 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 992 min, sağalanların sayı 372 milyon 993 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxma və ölüm sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 80 milyon 770 mindən çox insan yoluxub, onlardan 979 min 725 nəfəri həyatını itirib, 53 milyon 945 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 42 milyon 945 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 514 min 419 nəfər vəfat edib, sağalanların sayı 42 milyon 353 min nəfərə yüksəlib.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 28 milyon 842 min nəfər virusa yoluxub, onlardan 650 min nəfəri ölüb, 26 milyon 668 min nəfəri sağalıb.

Qeyd edək ki, Azərbaycan virusa yoluxma sayına görə dünya statistikasında 66-cı yerdə qərarlaşıb.